Ermənistan müdafiə nazirinin məsuliyyətsiz çıxışı hakimiyyətdəki hərc-mərcliyi göstərir

Ermənistan müdafiə nazirinin məsuliyyətsiz çıxışı hakimiyyətdəki hərc-mərcliyi göstərir

Təfsilat
30 Mart 2019, 19:45 253
Ermənistanın baş naziri Nikol Paşinyan Vyana görüşünü müsbət dəyərləndirdiyi halda bu ölkənin müdafiə nazirinin məsuliyyətsiz çıxışı Ermənistan hakimiyyətindəki hərc-mərcliyi göstərir.
Trend-in məlumatına görə, bunu Nyu York şəhərinin erməni diasporunun nümayəndələri ilə görüşdə Ermənistanın müdafiə naziri David Tonoyanın "Ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” kimi fikirlərini şərh edən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanada keçirdiyi görüşü müsbət dəyərləndirdiyi halda bu ölkənin müdafiə nazirinin məsuliyyətsiz çıxışı Ermənistan hakimiyyətində mövcud olan hərc-mərcliyin, ikitirəliyin və özbaşınalığın əyani sübutudur:
"Ermənistan ordusunda hökm sürən acınacaqlı vəziyyətdən yaxşı xəbərdar olan Tonoyan bunu müxtəlif üsullarla ölkə rəhbərliyi və ictimaiyyətindən gizlətməyə çalışır. Eyni zamanda, baş nazir Paşinyan ordu rəhbərliyini toplayaraq qapalı iclas keçirməklə Ermənistan silahlı qüvvələrinin cinayət aləminin qaydaları ilə idarə olunduğunu və bunun böyük problemə çevrildiyini bildirir. İş o həddə çatıb ki, Paşinyan Mehridə baş verən əsgər qiyamından ciddi narahatlığını ifadə edir, arxa cəbhədə yerləşən bölmələrdə qeyri-döyüş itkilərinin sayının artmasını dilə gətirir, Ermənistan Müdafiə Nazirliyi və Baş qərargahındakı korrupsiya, oğurluq, rüşvətxorluq halları barədə ictimaiyyətə məlumat verir".

V.Dərgahlı əlavə edib ki, D.Tonoyan bu cür absurd və sərsəm bəyanatlar verməklə Ermənistanın işğalçı mahiyyətini bir daha rəsmi surətdə nümayiş etdirir, bu da ölkəmizin ərazi bütövlüyünə qarşı rəsmi Yerevan tərəfindən yeni təhdidlərin ifadə olunması kimi dəyərləndirilir:
"BMT-nin sülhün dəstəklənməsinə həsr olunmuş tədbirində iştirak edən bir müdafiə nazirinin erməni diaspor nümayəndələri ilə görüşdə bu cür təcavüzkar və irticaçı fikirlər səsləndirməsi Ermənistanın sülh və təhlükəsizliyin təmin edilməsinə yönəldilən beynəlxalq hüquq və normalara hörmətsizliyinin təzahürüdür. Nyu Yorkun erməni icması qarşısında çıxış edən Tonoyanın əsas məqsədi heç şübhəsiz onlarda çaşqınlıq yaratmaq, oğurladığı və talan etdiyi maliyyə vəsaitlərinin yerini doldurmaq üçün erməni diasporundan əlavə pul dilənməkdir".
Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb ki, ərazilərin azad edilməsi üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Azərbaycan Ordusu malik olduğu bütün qüvvə və gücünü düşmənin üzərinə endirməyə qadirdir və hazırdır.