• cümə, 29 Mart, 17:44
  • Baku Bakı 14°C

Ermənistan məsuliyyətdən qaça bilməyəcək

07.07.17 10:30 923
Ermənistan məsuliyyətdən qaça bilməyəcək
Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi ölkə ictimaiyyətində geniş etiraz doğurmaqdadır. Ötən gün də media və sosial şəbəkələrdə bu məsələ geniş müzakirə mövzusu olmaqla, hər kəs terroru müdafiə edən Ermənistanı, uşaq qatili Serj Sarkisyanı və onun təcavüzkar siyasətini sərt tənqid edib. Ziyalılar, ölkə daxilindəki təşkilatlar, xaricdəki diaspor qurumları hadisəyə münasibət bildirərək, beynəlxalq aləmi Ermənistana təzyiq göstərməyə səsləyiblər. Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov da özünün "Facebook” səhifəsində hadisəyə münasibət bildirib. O, insan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq qeyri-hökumət təşkilatlarını qınayıb. Sual edib ki, nə üçün onlar Alxanlı kəndinin atəşə tutulması, uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı ağızlarını açıb, bir söz demir, nə səbəbə susurlar? Şöbə müdiri bunu qəribə hal kimi qiymətləndirib. Qeyd edib ki, həmin beynəlxalq təşkilatlar insan haqları məsələsində ədalətli və səmimi olsaydılar, bu sahəyə çox "diqqət yetirən” bir sıra böyük dövlətlərin rəsmiləri də Alxanlıda dinc insanların qətlinə münasibət bildirərdilər.
Ötən gün Azərbaycanın xarici işlər, müdafiə nazirlikləri, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizdə akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərinAlxanlı kəndinə səfəri təşkil olunub. Səfərdə TRT, "İhlas Haber Ajansı”, "MİR” Televiziyası, "Associated Press”, RİA "Novosti”, "Amerikanın Səsi", "İnterfax”, BBC və digər xarici KİV nümayəndələri, habelə, 12 dövlətin 15 hərbi attaşesi iştirak ediblər. Səfər çərçivəsində onlar iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Alxanlı kənd sakinlərinin həlak olduqları hadisə yeri ilə tanış olub, əraziyə baxış keçiriblər. Onlara baş vermiş hadisə barədə yerində ətraflı məlumat verilib. Onlar yaralı Sərvinaz Quliyevaya da baş çəkiblər. KİV nümayəndələri və diplomatlar hospitalda müalicə olunan S.Quliyevanın səhhəti ilə maraqlanıb, hadisə barədə ondan məlumat alıblar. Daha sonra onlar Alıxanlı kəndində həlak olan 2 yaşlı Zəhranın və nənəsinin "Zobucuq-5” qəsəbəsində təşkil olunan yas mərasimində iştirak ediblər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev səfərin təşkil olunmasında əsas məqsədin Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliyin beynəlxalq ictimaiyyətin diqqətinə obyektiv şəkildə çatdırılması olduğunu vurğulayıb. Bildirib ki, Ermənistanın təbliğat maşını bu cinayətə və bu vəhşiliyə görə öz məsuliyyətini gizlətməyə çalışır: "Bu məqsədlə onlar iddia edir ki, guya kəndin ərazisində hərbi xarakterli məntəqələr olub və buradan atəş açılıb, ona görə də Ermənistan silahlı qüvvələri tərəfindən kənd atəşə tutulub. Halbuki kənddə hər hansı hərbi təyinatlı obyekt və ya qərargah olmayıb. KİV nümayəndələri, həmçinin hərbi attaşelər peşəkar hərbçi gözü ilə ərazi ilə tanış oldular. Onlar şahid oldular ki, ərazidə hər hansı hərbi təyinatlı obyekt yoxdur. Bu isə Ermənistanın bütün təbliğatını və məsuliyyəti öz üzərindən atmaq səylərini alt-üst edir. Kənd Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və bilərəkdən atəşə tutulub və bu atəş nəticəsində azyaşlı qız və nənəsi həlak olub, daha bir mülki şəxs yaralanıb. Digər bir fakt da onların diqqətinə çatdırıldı ki, hadisə baş verən zaman balaca qız, onun nənəsi və yaxın qohumları evin yaxınlığında, həyətdə imiş. Belə bir məqamda kənd məqsədyönlü şəkildə atəşə tutulub və nəticədə faciə baş verib. Ona görə də Ermənistan məsuliyyətdən qaça bilməz”.
Azərbaycandakı dini konfessiyaların rəhbərləri də erməni silahlıları tərəfindənAlxanlı kəndində törədilmiş cinayətlə əlaqədar beynəlxalq təşkilatlara və dini liderlərə müraciət ünvanlayıblar. Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milih Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıb. Müraciət ingilis dilinə tərcümə olunaraq AzərbaycanXİN-i vasitəsilə beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, eləcə də Moskva və Ümumrusiya Patriarxı Kirillə, Roma Papası Fransiskə, İstanbuldakı Fənər Rum Patriarxı I Varfolomeyə və digər dini liderlərə göndərilib. Müraciətdə bildirilib ki, istər bəşəri, istərsə də ilahi qanunlarda günahsız insanların, xüsusilə də uşaqların qətli ən ağır cinayət hesab edilir. Dini konfessiyaların nümayəndələri Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindənFüzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törətməsini qətiyyətlə pisləyib və beynəlxalq təşkilatları, o cümlədənBMT-ni, Avropa İttifaqını, Avropa Şurasını,ATƏT-in Minsk qrupunu, İslam Əməkdaşlıq Təşkilatını və dünya dini liderlərini mülki şəxsləri, məsum körpələri, qadın və qocaları hədəf seçən bu terror və vandalizm cinayətini törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırıblar.
Xarici ölkə nümayəndələri də srağagündən başlayaraq Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində dinc əhalini atəşə tutmasını, biri azyaşlı olmaqla iki dinc sakinin həlak olması və bir nəfərin yaralanması faktını pisləyən bəyanatlar yaymağa başlayıblar. Belarus prezidenti Aleksandr Lukaşenko bu hadisədən təəssüfləndiyini bildirib. Böyük Britaniya parlamentinin üzvləri Lord Kilkluney, Baronessa Zahidə Mənsur, Mark Menzies də Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq Ermənistan silahlı qüvvələrinin iyulun 4-də mülki əhalini atəşə tutmasına,Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olmasına münasibət bildiriblər. Parlamentarilər ermənilərin törətdiyi vəhşiliyi pisləyiblər. Eyni zamanda, ötən gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, Bolqarıstan, Albaniya və Latviyanın sabiq prezidentləri Rosen Plevneliev, Recep Meydani, Valdis Zatlers, Xorvatiyanın sabiq prezidenti, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Stepan Mesiç, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri Dalia İtzik də Alxanlıdakı hadisə ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıblar. Onlar həm xalqımıza başsağlığı veriblər, həm də öz dəstəklərini ifadə ediblər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər