• cümə axşamı, 25 aprel, 12:53
  • Baku Bakı 23°C

Ermənistan məqsədinə nail ola bilmədi

20.07.20 20:48 960
Ermənistan məqsədinə nail ola bilmədi
Politoloqların fikrincə, Tovuz döyüşlərində nə KTMT, nə də digər təşkilatlar və dövlətlər Paşinyana heç bir dəstək vermədi

Tovuzda Ermənistanın törətdiyi təxribatlar bu gün də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Yürüdülən mülahizələr onu deməyə əsas verir ki, baş verənlər təsadüfi olmayıb. Bəzi iddialara görə, Ermənistan bu təxribatla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək niyyəti güdürdü. Bəs görəsən Ermənistan münaqişəyə üçüncü tərəfi cəlb etmək məqsədinə nail oldumu?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, bu müharibəni başlamaqda məqsəd Ermənistanın əli ilə Azərbaycanın enerji xətlərinin keçdiyi ərazidə müharibə başlamaq, daha sonra KTMT qüvvələrinin ora cəlb olunmasına zərurət yarandığını göstərmək idi: "Bölgədə əsas güc olan Rusiya Ermənistanın Qərbin, xüsusilə ABŞ-ın təsirində olan hakimiyyətinin onun regiondakı maraqlarına qarşı getdikcə artan siyasətini önləmək, onun qarşısını əlindəki bütün vasitələrlə almaq üçün bu addımı atır. Rusiya Ermənistana münasibətini ənənəvi "dəyənək və kökə” siyasətinə uyğun şəkildə davam etdirərək, həm təbii qazın qiymətini artırmaqla, həm Paşinyanın cinayətdə ittiham etdiyi Koçaryanı, Xaçaturovu, Sarkisyanı dəstəkləməklə təzyiq göstərir. Eləcə də qırıcı təyyarələr vəd etməklə, Tsxinvalidən dəhliz açmaqla onun Azərbaycan və Türkiyə tərəfindən illərlə işğalçı kimi məruz qaldığı təcridini aradan qaldırmaqla öz nəzarətindən buraxmaq istəmir. Bütün bu və digər planlar fonunda Ermənistanın son dövrdə Qarabağ və Naxçıvanla yanaşı, Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində fəallaşması xüsusi diqqət cəlb edir. İki ölkənin sərhədini KTMT qoşunlarının qorumaq istəməsinin səbəbi Azərbaycandan Avropaya gedən nəqliyyat infrastrukturuna nəzarət etməkdir. Təbii ki, Rusiya ilk olaraq Ermənistan ordusu vasitəsilə hücuma keçir, daha sonra vasitəçilik təklif edir. Lakin vasitəçiliyin əsas şərti maraqsız tərəf olmaq olsa da, Rusiya burada ən böyük maraqları olan tərəfdir. Azərbaycan-Ermənistan sərhədinə nəzarət edərək, Avropaya gedən təbii qaz xətlərini nəzarət altında saxlamaq çoxməqsədli planın yalnız bir hissəsidir. Rusiya onu Avropa enerji bazarında sıxışdıran ABŞ və digər güclərə nümayiş etdirir ki, onun razılığı olmadan heç bir nəhəng layihə baş tuta bilməz”.
N.Məmmədova qeyd etdi ki, Avropa Birliyi son dövrdə konkret şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verir: "Hazırda Ermənistanda "5-ci kolon”un, xüsusilə də, onun maliyyə qanadı olan oliqarxokratiyanın demontajı gedir. Köçaryan 4 milyon dollar girov qarşılığında azadlığa buraxılıb və nə qədər ki fürsət var, bundan istifadə edib onu həbsə atdıran Paşinyanın üzərinə KTMT ordusunun gəlməsini istəyir. Bu, "Qarabağ klanı”nın əsas planıdır və onun nəzarəti altında olan Ermənistan ordusunun Azərbaycanla təxribat yaratması buna hesablanıb. Klanın məqsədi Rusiyadan uzaqlaşmaq istəyən Paşinyanın planlarını pozmaq üçün KTMT-ni Ermənistan-Azərbaycan sərhədlərinə gətirib vəziyyəti gərginləşdirməkdir. Bu proses birdəfəlik bitməyəcək və böyük güclərin regional maraqları toqquşan zaman Ermənistan təxribatçı dövlət kimi ortaya atılacaq”.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Tovuz istiqamətində baş verən hadisələr Azərbaycan ictimaiyyətində ciddi etiraz yaratdı: "Bu cür hadisələr Azərbaycanda uzun müddətdir ki, yaşanmayıb. Digər tərəfdən isə Prezidentə, orduya bu cür dəstək təkcə Azərbaycanla yekunlaşmayıb. Rusiyada, Avropada, ABŞ-da qardaş Türkiyədə azərbaycanlılar erməni təxribatına qarşı ayağa qalxıb və öz münasibətini açıq şəkildə nümayiş etdirib. Əlbəttə ki, Ermənistan bunu gözləmirdi. Orada baş verən hadisələr bir daha göstərir ki, ermənilər arasında qruplaşma, siyasi parçalanma gedir”.
F.Sadıqovun sözlərinə görə, bu hadisələrdən sonra Paşinyanı açıq şəkildə tənqid atəşinə tutmağa başlayıblar: "Çünki onlar yaxşı başa düşürlər ki, uduzan Paşinyan və Ermənistandır. Erməni tərəfi üçün heç bir qələbə yoxdur, müsbət nəticə əldə olunmayıb. Hətta Ermənistan bu gün öz müttəfiqlərindən heç bir dəstək ala bilməyib. Nə KTMT, nə də bu təşkilata daxil olan Rusiya, Qazaxıstan, Belarus və digər dövlətlər aşkar şəkildə Ermənistana heç bir dəstək vermədi. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan dalana dirənib və çıxılmaz vəziyyətdədir. Onu da qeyd edim ki, ölkədaxili problemlər və azərbaycanlıların xaricdəki fəallığı Ermənistan rəhbərliyinə böyük bir zərbə vurub. Baş verən hadisələr və daxili qarşıdurmalar Ermənistana öz mənfi təsirlərini tez bir zamanda göstərəcək”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Tovuz təxribatı nəticəsində Ermənistanın məqsədlərinə çatmayıb: "Hətta Ermənistanın təmsil olunduğu hərbi-syasi təşkilatlardakı mövcud tərəfdaşları belə, dəstəkləmədi. Onlar daha çox Azərbaycana dəstəklərini ifadə etdilər”.
Z.Məmmədov vurğuladı ki, Tovuz hadisələrindən dərhal sonra bir neçə təşkilatın və ölkənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatları oldu: "Bu bir daha onu göstərir ki, Azərbaycan istədiyi vaxt sülh danışıqlarından imtina edə və müharibəyə başlaya bilər. Təbii ki, düşmən ölkə olan Ermənistan bunları başa düşməlidir. İş orasındadır ki, bu gün Ermənistan və onun havadarlarının Azərbaycan hakimiyyətinə və dövlətinə qarşı ciddi təzyiq və çağırışlarının şahidiyik. Hər halda, bu baş verənlər kimlərin bizə dost olduğunu göstərmiş olur. Ona görə də baş verənlərdən nəticələr çıxarılmalıdır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər