• çərşənbə, 24 Aprel, 07:49
  • Baku Bakı 13°C

Ermənistan Lukaşenkonun Paşinyanı ittiham etməsini müzakirə edir

17.12.18 18:28 476
Ermənistan Lukaşenkonun Paşinyanı ittiham etməsini müzakirə edir
Nikol hakimiyyətinə başlayar-başlamaz qalmaqal və uğursuzluqları səngimir. Əvvəldən də proqnoz edilirdi ki, siyasətdə təcrübəsiz və naşı biri olan Paşinyan məsuliyyətsiz addım və bəyanatlarıyla ölkəsini fəlakətə sürükləyəcək. Bu proqnozlar getdikcə özünü doğrultmaqdadır. Gah Rusiyanın ünvanına bəyanatlar səsləndirir, gah da qərbyönümlü bəyanatlarla gündəm gəlirdi. Demək olar ki, Paşinyan xalq dili ilə desək, hər həftə, hər ay "quş” buraxır. Bütün bunların nəticəsidir ki, beynəlxalq aləmdə Ermənistana dəstək verən və ona neytral olan ölkələrin sayı günbəgün azalır. Sözsüz ki, onun ən böyük uğursuzluğu Ermənistanı Cənubi Qafqazda "forpostu” elan edən Rusiyaya qarşı çıxması oldu. O, sonradan "səhv”ini başa düşsə də, artıq gecdir. Rusiya mediası, siyasiləri hər tərəfdən Paşinyan və onun hakimiyyətini hədəfə alıblar. Rusiyanın rəsmi və qeyri-rəsmi mediasında Paşinyanı aşağılayacaq məqalə və informasiyaların ardı-arası kəsilmir. Əsas xətti isə budur ki, Ermənistanın yeni lideri hələ də inqilab eyforiyasının təsiri altındadır, ölkəni küçə psixologiyası ilə idarə edir.
Yeri gəlmişkən, Ermənistanın baş naziri olmağa hazırlaşan Nikol Paşinyan növbəti dəfə ən ağır formada aşağılanıb. Bu dəfə də Belarus prezidenti Aleksandr Lukaşenko onun ünvanına sərt ittihamlar səsləndirib. O, Rusiyanın KİV nümayəndələri ilə görüşündə bildirib ki, ermənilər Belarusda daha yaxşı yaşayır, nəinki Ermənistanda”. A.Lukaşenko Azərbaycana silah satışı ilə bağlı Yerevanın Minskin ünvanına səsləndirdiyi tənqidlərə toxunaraq MDB sammitində Ermənistanın baş naziri vəzifəsini icra edən N.Paşinyanla söhbətinin təfərrüatlarını danışıb: "İlham Əliyevin də iştirak etdiyi MDB sammiti çərçivəsində Putinin yanında Paşinyana dedim: "Nikol, gəl məsələyə nöqtə qoyaq. Azərbaycana silah satışında ilk yeri hansı ölkə tutur? Rusiya. Hə, nə oldu, dilini uddun? Buyur, Vladimir Vladimiroviçi tənqid elə. Hə, nədir, qorxursan? Bu siyahıda Belarus – "Polonez”ləri nəzərə almaqla – 4 və ya 5-ci yeri tutur. "Polonez”lər yoxdursa, 10-cu olacağıq. Mənə hücum edirsən ki, başqaları anlasın? Sən de, mən susacağam”. Söhbət belə oldu. Mən nədə haqsızam? İndi mən antierməni sayılıram? Bizdə ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda”.
Sözsüz ki, Belarus liderinin bu sözləri Rusiyanın da Paşinyana olan münasibətini ortaya qoyur. Yəni o, demək istəyir ki, Rusiya özünün iqtisadi və digər maraqlarını Ermənistandan qat-qat üstün tutur. Lukaşenko bəyan edib ki, Azərbaycana silah satışında ilk yerdə Rusiya, ikinci yerdə İsrail, üçüncü yerdə Türkiyə dayanır. Belarus isə "Polonez”lərin hesabına bəlkə dördüncü və ya beşincidir. Yəni, belə olduğu təqdirdə niyə Paşinyan Rusiya prezidentinə öz etirazını bildirmir? Bununla da Lukaşenko Paşinyanın erməni xislətinə uyğun olaraq qorxaq olduğunu demək istəyib. Lukaşenko bundan əvvəl Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatı daxilində də Paşinyana necə alçaldıcı münasibət göstərildiyini nümayiş etdirib.
Maraqlı olan ermənilərin bu açıqlamalara münasibətidir. "Xoşagəlməz və yersiz olsa da, Batka haqlıdır. Əgər biz KTMT-də nəsə demək istəyiriksə, öz sözümüzü ilk növbədə əsas müttəfiqimiz, Azərbaycana silah satan Rusiyaya yönəltməliyik. Bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublika Partiyasının sədri Aram Sarkisyan paylaşıb. "Mənim fikrimcə, danışmaq yersizdir. Biz sadəcə səssiz, addım-addım NATO ilə əməkdaşlığımızı aktivləşdirməliyik və o zaman bizə münasibət birmənalı şəkildə dəyişəcək. Əminəm ki, bizə Rusiyanın lazım olduğundan daha çox, biz Rusiyaya lazımıq. Əks təqdirdə Rusiyanın sərhədləri Kransanodar vilayətindən keçəcək”, - deyə o bildirib.
Ümumilikdə Belarus liderinin sözləri Ermənistanda təhqir kimi qiymətləndirilib. Özü də erməni tətəfi Lukaşenkonun bəyanatına layiqli cavablandıra bilməyib. "Belarus prezidenti növbəti dəfə özünün dediklərini dilə gətirib, Ermənistanın baş nazirinin cavablarına isə toxunmayıb. "Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin vəzifələrini icra edənin mətbuat katibi Arman Yeqoyan Lukaşenkonun Rusiya tərəfindən Azərbaycana silah satılması barədə dediklərini şərh edərkən bildirib. "Cənab Lukaşenkonun bəyanatı ilə bağlı bir neçə vacib məqama toxunmağı zəruri hesab edirəm. Təəssüf ki, cənab Lukaşenko qapalı görüşlərin məzmununu açmaq təcrübəsini davam etdirir. Təəssüf ki, o, növbəti dəfə yalnız öz dediklərini dilə gətirib və Ermənistanın baş nazirindən hansı cavabları aldığını söyləməyib. Rusiya prezidenti ilə müzakirələrdə, o cümlədən Lukaşenkonun da qeyd etdiyi görüşdə Paşinyan hər zaman Rusiya tərəfindən Azərbaycana silah satılması ilə bağlı mübahisəli məsələni qaldırıb. Ermənistan KTMT çərçivəsində təşkilatın üzvü olan ölkələr tərəfindən qarşılıqlı müttəfiq öhdəliklərinin tam şəkildə icrasının təmin edilməsi istiqamətində müzakirələri davam etdirmək niyyətindədir”, - Yeqoyan bildirib.
Paşinyanın nəzarəti altında olan media da dərhal Belarus liderini təhqir edən məqalə dərc edib. "Belarus liderinin "siyasi striptizi” başlıqlı məqalədə Lukaşenko pis formada aşağılanır. Məqalədə vurğulanır ki, Lukaşenkonun sözləri həm də Rusiyanın demək istədiyi sözlərdir. Əlavə edilir ki, bütün bunlar onu deməyə əsas verir ki, Lukaşenkonu sərt formada çıxış etməyə vadar edən elə Moskvadır. Ən əsası, seçkilərdən neçə gün keçsə də, hələ də, Rusiya rəhbərliyi Ermənistanın yeni rəhbərini təbrik etməyə tələsmir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər