• çərşənbə axşamı, 23 aprel, 13:11
  • Baku Bakı 24°C

Ermənistan Livan ermənilərindən silahlı muzdlu kimi istifadə etməyi planlaşdırır

12.09.20 16:15 467
Ermənistan Livan ermənilərindən silahlı muzdlu kimi istifadə etməyi planlaşdırır
Azərbaycan ərazisinin 20 faizini işğal edən, təcavüzkar siyasəti ilə 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşərək bütün fundamental hüquqlarının pozulmasına səbəb olan Ermənistan müharibə cinayətlərini davam etdirir. Elə Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma aparılması bunun bariz təzahürü və növbəti nümunəsidir.
Bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputatın sözlərinə görə, Ermənistanın Livanda baş verən faciədən öz çirkin məqsədləri və təcavüzkar niyyətləri üçün istifadə edərək qeyri-qanuni məskunlaşdırma siyasəti aparması Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik strukturu dəyişdirmək, həmin ərazilərə köçürülmüş insanlardan silahlı muzdlular olaraq istifadə etmək məqsədini güdür. Bu, eyni zamanda, dövlət sərhədimizin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr zamanı fiaskoya uğramış erməni siyasətinin növbəti təxribat və yeni hərbi avantürizmə hazırlaşmasından xəbər verir. Görünən odur ki, işğalın nəticələrini legitimləşdirmək və status-kvonu qoruyub saxlamaq niyyətində olan Ermənistanın məqsədi sülh danışıqları prosesini tamamilə fiaskoya uğratmaqdır. Bu isə əslində işğalçı ölkə tərəfindən hərbi təxribatların diplomatik müstəvidə davam etdirməsidir”.
H.Babaoğlu diqqətə çatdırıb ki, Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn kobud surətdə pozulması, 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinin gözardı edilməsidir. İşğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilir və 1946-cı ildə Nürnberq Beynəlxalq Hərbi Tribunalında da əsas hərbi cinayətlərdən biri hesab olunaraq məhkəmə qərarı ilə əmsal təşkil edir. Məhz buna görə Paşinyan və onun siyasi komandası dəqiq bilməlidir ki, bu cinayətlərə görə mütləq cavab verəcəklər. İkincisi, Livandan köçürülən ermənilər bilməlidirlər ki, Şuşa onların vətəni deyil. Bir gün mütləq oradan geri köçürüləcəklər. Onların içərisində olan terrorçu və muzdlular isə Azərbaycan Ordusunun qəhrəman əsgərləri tərəfindən məhv ediləcəklər.
Deputat bildirib ki, ATƏT-in Minsk qrupu mütləq bu məsələyə münasibət bildirməli, işğalçı ölkəni bu addımından çəkindirmək üçün ona təzyiq etməli və vaxt itirmədən danışıqlar prosesini başlatmalıdır. Əks təqdirdə əlavə gərginlik regionda hərbi–siyasi vəziyyəti daha da kəskinləşdirəcək. Bunun bütün məsuliyyəti isə işğalçı Ermənistan və onun avantürist baş nazirinin üzərinə düşəcək.
banner

Oxşar Xəbərlər