• cümə axşamı, 28 mart, 22:55
  • Baku Bakı 13°C

Ermənistan küncə sıxışdırılır

15.03.19 17:46 603
Ermənistan küncə sıxışdırılır
Avropa strukturları son illər dövlətlərin ərazi bütövlüyü prinsipinə xüsusi önəm verməyə başlayıblar. Bu vəziyyət xüsusilə İspaniyada Kataloniyanın müstəqil olması ilə bağlı atdığı addımlardan sonra özünü göstərdi. Bir müddət əvvələ qədər Avropa ölkələri, onların mövcud institutları bu məsələnin üzərindən sükutla keçir və ya həm də xalqların öz müqəddəratını təyinetmə prinsipini də əsas götürürdülər. Lakin artıq Avropa ölkələri də separatizmdən əziyyət çəkməyə başlayıb. Məhz bu səbəbdən onlar da dövlətlərin ərazi bütövlüyü prinsipini üstün tutmağa çağırışlar edirlər. Avropa Parlamenti son illər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamələri qəbul edib. Elə bu günlərdə növbəti dəfə bunun şahidi olduq. Belə ki, Avropa Parlamenti bir daha Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyib. Sənəddə qeyd edilir ki, "Şərq tərəfdaşlığı” ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə zərər vurmaq məqsədi daşıyan dezinformasiyanın yayılması və gələcək dezinformasiya təhdidləri diqqətə alınmalıdır.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Avropa Parlamentinin qəbul etdiyi sənəddə dövlətlərin ərazi bütövlüyünün üstün tutulması tövsiyə edilir: "Bu baxımdan təbii ki, Azərbaycanın da ərazi bütövlüyü Avropa institutları tərəfindən dəstəklənir. Onu da qeyd edim ki, bu, təkcə ölkəmizin ərazi bütövlüyünü dəstəkləməklə bağlı məsələ deyil. Hazırda Avropanın özündə də bu məsələ gündəmdədir. Faktiki olaraq, Kataloniya ilə bağlı problem diqqət mərkəzindədir. Anlayırlar ki, bu hadisələr ölkələrin ərazi bütövlüyünün pozulmasına gətirib çıxara bilər”.
R.Musabəyov qeyd etdi ki, Ukrayna ilə bağlı baş verənlər Avropa ölkələri üçün bir nümunədir: "Bu da böyük Avropa müharibəsi təhlükəsini ortaya gətirir. Bütün bu amilləri nəzərə alaraq, Avropa institutları birmənalı şəkildə dövlətlərin ərazi bütövlüyünü dəstəkləmiş olurlar. Bu kontekstdə Azərbaycanın da ərazi bütövlüyü və suverenliyi məsələsi diqqət mərkəzindədir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Avropa Parlamentinin son qərarı Avropa strukturlarının Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəklədiyini göstərir: "Son illər həm Avropa İttifaqı rəhbərlərinin verdiyi açıqlamalar, həm Avropa Parlamentinin qəbul etdiyi bütün qətnamələrdə ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipi əsas götürülür. Hətta xatırlayıram ki, Avropa Parlamentinin son qətnamələrinin birində belə bir bənd var idi ki, Ermənistan silahlı qüvvələrini Dağlıq Qarabağdan çıxartmalıdır. Bu, Avropa İttifaqının Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıması deməkdir. Avropa Parlamenti, Avropa Komissiyası çox ədalətli qətnamələr qəbul edib. Son zamanlar bu məsələyə diqqət ayrılmasının başqa səbəbləri də var və bu da Avropada baş verən son hadisələrdir. Məsələn, İspaniyanı götürsək, burada katalonlar müstəqil olmaq istəyirdilər. Amma Avropa İspaniyanın ərazi bütövlüyünü dəstəklədi. Çünki qorxdu ki, bu xəstəlik digər Avropa dövlətlərinə də yayıla bilər. Ondan sonra Avropanın ərazi bütövlüyü prinsipinə dəstəyi daha artdı. Bu da Azərbaycanın xeyrinədir ki, Avropa bu cür qətnamələr qəbul edir. Belə qətnamələrin qəbulu yaxşıdır, amma biz istərdik ki, bu sənədlər avropalıların iş prinsipinə çevrilsin. Yəni, Ermənistana anlatsınlar ki, Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Təəssüf ki, məsələnin bu yerində Avropa o qədər də fəal deyil”.
E.Şahinoğlu əlavə etdi ki, ümumiyyətlə, Ermənistanın beynəlxalq arenada sıxışdırılması prosesi gedir: "Burada iki istiqamətdə iş gedir. İlk olaraq, Avropa strukturları qətnamələr qəbul edir, beynəlxalq aləmdə Azərbaycana dəstək artır. Martın 14-də Bakıda keçirilən qlobal forum çərçivəsində də keçmiş və indiki baş nazirlər, müxtəlif ölkələrin rəsmiləri birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər. Bunun əksi olsaydı, Azərbaycanda keçirilən foruma qatılmazdılar. Ümumiyyətlə, son 10-15 ildə Azərbaycana bu cür dəstək ifadə edirlər. Bunu rəsmi Bakının fəal xarici siyasəti ilə də bağlamaq olar. Eyni zamanda onu qeyd edim ki, Ermənistanın indiki hakimiyyəti özü-özünə quyu qazır. Hazırkı baş nazir Nikol Paşinyan danışıqlar formatının dəyişdirilməsi ilə bağlı israrlı görünür. Bunun əleyhinə tək Azərbaycan hakimiyyəti çıxmır və qeyd edilir ki, formatın dəyişdirilməsi mümkün deyil, çünki torpaqlarımızı Ermənistan ordusu işğal edib və illərdir danışıqlar belə aparılır. Heç separatçı olan Koçaryan və Sarkisyan belə, formatın dəyişdirilməsini istəməyiblər. Lakin Paşinyan formatın dəyişdirilməsini istəyir, amma biz rədd edirik. Bizimlə bərabər bunu Avropa da, ATƏT-in Minsk qrupu da rədd edir. Paşiyan bu günlərdə Brüsseldə səfərdə olarkən Avropa strukturlarının rəsmiləri onun üzünə qarşı dedilər ki, formatı dəyişmək olmaz və danışıqlar əvvəlki kimi davam etdirilməlidir. Paşinyan ölkəsinimn Təhlükəsizlik Şurasının Xankəndində keçirilən iclasında bu məsələyə bir daha qayıtdı. Lakin bunun heç bir nəticəsi yoxdur. Çünki formatın dəyişdirilməsi məsələsini tək Azərbaycan deyil, eləcə də vasitəçilər və bütövlükdə siyasi Qərb rədd edir. Bu mənada Paşinyan öz problemlərini dərinləşdirir və elə bizə də o lazımdır ki, Ermənistanın problemləri artsın. Onsuz da bu ölkənin sosial və iqtisadi çətinlikləri göz qarşısındadır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər