• cümə axşamı, 28 mart, 21:40
  • Baku Bakı 13°C

Ermənistan korrupsiyanın girdabında

11.07.13 08:14 1400
Ermənistan korrupsiyanın girdabında
Korrupsiya və rüşvətxorluğun ağalıq etdiyi Ermənistan mütəmadi olaraq beynəlxalq təşkilatlar və qurumlar tərəfindən tənqidlərə məruz qalır. Təqdim edilən hesabatlarda bu ölkədə korruspiyanın ən yüksək həddə olduğu xüsusi vurğulanır. Bu dəfə “Transparency İnternational” (Tİ) 2013-cü il Qlobal Korrupsiya Barometri sorğusu keçirib və Ermənistanı biabır edən nəticələr ortaya qoyub.
İştirakçıların təxminən yarısı son iki ildə Ermənistanda korrupsiya səviyyəsinin artdığını bildirib və yalnız onların beşdə biri əks fikirdədir. Tİ korrupsiya əleyhinə mərkəzin 2013-cü il sorğusuna əsasən, Ermənistan əhalisi korrupsiyanın daha çox məhkəmə sistemində, səhiyyə sahəsində və dövlət məmurları arasında yayıldığını hesab edir. Korrupsiyanın ən yüksək səviyyəsi 5 bala bərabər olan cədvəl üzrə, bu sahələrdə korrupsiya səviyyəsinə 4 xal verilib. Korrupsiyalaşma göstəricisinə görə, bu sahələrdən polis bir qədər “geri qalır”, polisdə korrupsiya səviyyəsinə 3,9 xal verilib. “Vəzifə borcları korrupsiya ilə mübarizə olan polis və məhkəmə sistemlərinin korrupsiyalaşma baxımından liderliyi narahatlıq doğurur” - deyə sorğunun nəticələrini təqdim edən Tİ mərkəzin icraçı direktoru Varujan Oktanyan bildirib. Onun sözlərinə görə, bu araşdırma 10 ildir keçirilir. Sorğuda iştirak edənlərin 69 faizi korrupsiya səviyyəsinin məhkəmə sistemində son dərəcə yüksək olduğu fikrindədir, 66 faizi isə bu göstərici üzrə “liderliyi” polisə verib.Varujan Oktanyan Ermənistan əhalisinin korrupsiya əleyhinə mübarizəyə qatılmaq istəmədiyindən təəssüfləndiyini deyib. Oktanyanın sözlərinə görə, narahatlığa əsas verən daha bir hal da odur ki, 107 ölkədə keçirilən Qlobal Korrupsiya Barometri sorğusuna əsasən, respondentlərin 90 faizi korrupsiya ilə mübarizəyə cəlb olunmağa hazır olduğunu bildiribsə, Ermənistanda sorğu iştirakçılarının yalnız 43 faizi buna hazır olduğunu bildirib və bu göstərici üzrə Ermənistan ən axırıncı yerdədir.
Daha bir maraqlı hal Ermənistan vətəndaşlarının korrupsiya hallarına dair laqeydliyidir. Respondentlərin yalnız 33 faizi şahidi olduqları rüşvət vermə halları haqqında məlumat verməyə hazır olduğunu bildirib. Eyni zamanda, sorğuya cəlb olunanların 82 faizi Ermənistanda korrupsiyanı ciddi və çox ciddi problem hesab edir. Lakin respondentlərin yarısından çoxunun ölkədə korrupsiyaya qarşı aparılan mübarizəyə münasibətini naümidlik kimi səciyyələndirmək olar. Onların 54 faizi Ermənistanda korrupsiya səviyyəsinin artdığını bildirib, 53 faizi hakimiyyətin korrupsiyaya qarşı mübarizəsini səmərəsiz hesab edir. “Ötən illə müqayisədə, ölkə rəhbərliyinin korrupsiya ilə mübarizə istiqamətində səylərinin səmimiliyinə inananların sayı azalıb: ötən il nikbinlər 27 faiz təşkil edirdisə, bu il bu, 21 faizdir. Korrupsiya hallarına ən az ictimai və dini təşkilatlarda rast gəlinir” - deyə V.Oktanyan vurğulayıb.
Ermənistanda Qlobal Korrupsiya Barometri sorğusunda 1068 vətəndaş iştirak edib. Bu dəfəki araşdırma 2012-ci ilin sentyabrından 2013-cü ilin martınadək dünyanın 107 ölkəsində keçirilib. Ermənistanda bununla bağlı sorğunu WIN/G/A – EY-Pİ-Cİ şirkətinin nümayəndəsi keçirib. Transparency İnternational təşkilatı korrupsiyaya dair indiyədək keçirilmiş ictimai rəy sorğularının ən böyüyünü keçirib. Bütövlükdə, “Qlobal Korrupsiya Barometri 2013” adlı rəy sorğusunda 107 ölkədən 114 min adam iştirak edib. Rəyi soruşulanların 27 faizi bildirib ki, son 12 ay ərzində ictimai xidmətlərdən istifadə üçün rüşvət verməli olub. Bununla belə, hər 10 nəfərdən 9-u inanır ki, korrupsiya ilə mübarizə mümkündür. Rəyi soruşulanların üçdə iksi rüşvət verməkdən imtina etdiyini bildirib. Müəlliflər diqqəti xüsusilə də “Böyük 20-lər” qrupuna daxil olan hökumətlərə çəkərək yazırlar ki, bu 20-likdən 17-də rəyi soruşulanların 59 faizi hökumətlərinin korrupsiyaya qarşı kifayət qədər ciddi mübarizə aparmadığını düşünür.
“Ermənistanda korrupsiyanın səviyyəsi yüksək olaraq qalır”. Bunu isə Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndə heyətinin birinci müşaviri Onno Simmons bəyan edib. “Korrupsiya ölkə üçün hələ də ciddi problem və çağırış olaraq qalır” - deyə Simons deyib və əlavə edib ki, “Transparency International" beynəlxalq antikorrupsiya təşkilatının önən il “Korrupsiyanı mənimsəmə indeksi” reytinqində Ermənistan 176 ölkə arasında 105-112-ci yerləri (Əlcəzair, Boliviya, Qambiya, Kosova, Mali, Meksika və Filippin) bölüşür. O, həmçinin qeyd edib ki, korrupsiya biznesin inkişafına mane olan ən geniş yayılmış təzahürlərdən biridir. Korrupsiya ilə mübarizə sahəsində beynəlxalq ekspert, Aİ-nin “Ermənistanın ictimai sektorunda korrupsiyaya dair vəziyyətin araşdırılması” proqramının rəhbəri Londa Esadze isə qeyd edib ki, korrupsiya ilə mübarizədə KİV-in rolu çox böyükdür, lakin Ermənistanda KİV-in fəaliyyət sahəsi heç də azad deyil.
Beləliklə, daha bir beynəlxalq qurum Ermənistanda vəziyyətin ağır olduğu və hakimiyyətin buna göz yumduğundan bəhs edib. Ermənistan rəhbərliyi dəfələrlə beynəlxalq təşkilatların ortaya qoyduğu sorğuların obyektivliyi əks etdirmədiyini bəyan edir. Lakin artıq fakt faktlığında qalır. Məhz qeyd olunan səbəblər üzündən əhali sürətlə ölkəni tərk edərək gedir. Ermənilərin sabahkı günə inamlarının qalmaması miqrasiyanı sürətlənləndirir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər