• çərşənbə axşamı, 19 mart, 14:27
  • Baku Bakı 8°C

Ermənistan İranı ABŞ-a sata bilər?

24.05.19 20:33 552
Ermənistan İranı ABŞ-a sata bilər?
ABŞ-la İran arasında uzun illə ərzində davam edən gərginlik fonunda rəsmi Vaşinqton hər zaman İranla sərhəd ölkələrdən birindən istifadə etmək üçün özünə məkan axtarıb. Lakin İranla qonşu olan ölkələrdən heç biri ABŞ-ın bu təklifi ilə razılaşmayıb. Lakin Paşinyanın hakimiyyətə gəlişindən sonra Cənubi Qafqaz ölkələrinin İranla bağlı vahid mövqeyində qeyri-müəyyənlik müşahidə olunmağa başladı. Belə ki, Nikol Paşinyanın qərb yönümlü olması ilə bağlı fikirlər, Ermənistanın İran məsələsində ABŞ-a güzəştə gedə biləcəyi ehtimalını artırdı. Onu da qeyd edək ki, ABŞ-ın dünyada ən böyük diplomatik korpuslarından biri də Ermənistanda yerləşir. Bu mənada Ermənistanla bağlı şübhələr hələ də qalmaqdadır. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski də Dumada çıxışı zamanı qeyd edib ki, ABŞ və İran arasında müharibə ehtimalı və bu müharibədə Ermənistandan istifadə variantı var: "Hələ 10 il əvvəl demişdim ki, İranın vurulması ilə bağlı qərar qəbul edilib. Niyə İran 10 il əvvəl vurulmadı? Ona görə ki, digər konfliktlər mövcud idi. İraq və Əfqanıstan müharibəsi bitməmişdi, eləcə də Suriyada bizə bəlli olan situasiya yaradılırdı. İndi İrana yanaşmalar təmin edilib. Buraya İrəvandakı yeni rejimi də aid etmək olar. İrəvan hələlik amerikalılara baza vermir, amma yəqin ki, aerodromlardan istifadəyə izn verəcək. Orada isə İranın yanında yerləşən əla vəziyyətdə keçmiş sovet aerodromları var. Amerikalılara qoşunlarını Əfqanıstan və İraqdan çıxarmaq lazımdır. Orada əhali onlara qarşı üsyan qaldırmağa hazırdır. Bəs onları haraya köçürmək lazımdır? İndi həmin qoşunlara quru əməliyyatı keçirmək izni veriləcək”.
Rusiya parlamentinin üzvü Jirinovskinin bu fikirləri heç də təsadüfi deyil. Çünki hər kəsə bəllidir ki, Rusiyanın hakimiyyət rəsmilərinin xarici siyasətlə bağlı deyə bilmədikləri bəzi fikirləri məhz Jirinovski dilə gətirir. Jirinovskinin fikirləri sual doğurur: Ermənistan ABŞ-ın İrana hərbi müdaxiləsinə dəstək verəcəkmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov bildirdi ki, əslində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin bütün bəyanatlarına ciddiyyətlə yanaşmaq lazımdır: "Çünki Jirinovski Rusiyanın xarici siyasi ilə bağlı hər zaman gözləntilərini deyir. Onun, "Yerevan öz aerodromlarını İrana qarşı istifadə etmək üçün ABŞ-a verə bilər” fikri maraqlı məqamlardan biridir. Əslində İran-Ermənistan münasibətlərinə baxdıqda, məlum olur ki, İrana Ermənistan və Ermənistana da İrana çox lazımdır. Çünki müxtəlif zamanlarda Ermənistan vasitəsilə İrana hərbi texnikalardan tutmuş digər vasitələrin göndərilməsinin şahidi olmuşuq. Yəni üçüncü ölkədən mal və yüklər Ermənistana gəlir və buradan da İrana göndərilir. Yaxud da bunun tam əksini də deyə bilərik ki, bu gün Ermənistanın iqtisadiyyatında bir sıra məqamlarda və sahələrdə İranın payı olduqca çoxdur. Bütün bunları nəzərə almayaraq, Ermənistanın öz aerodromlarını Amerika üçün vermək istəməsi məsələsi, hər halda, maraqlı məqamlardan biridir. Düşünürəm ki, nəyin necə olacağını zaman göstərəcək”.
Z.Məmmədov İranla sərhədyanı olan hər hansı ölkənin Amerikaya qucaq açacağını düşünmür: "Çünki bu, olduqca təhlükəli məqam ola bilər. Bu, həmçinin mübarizənin həmin ölkənin sərhədlərinin həndəvərində baş verməsinə gətirib çıxaracaq addım olar”.
Politoloq Natiq Miri bildirdi ki, Ermənistan bu cür strateji qərarlar vermək yönündə o qədər də müstəqil siyasi iradəyə malik bir dövlət deyil: "Onu nəzərə almaq lazımdır ki, Ermənistanın həm mülki, həm də hərbi aerodromları bilavasitə rus qoşunlarının nəzarətindədir. Rusiya qoşunları Ermənistanın aerodromlarında və sərhədlərində olduğu müddətdə, bu ölkənin belə məkanları ABŞ təyyarələrinə verəcəyini düşünmək absurd olardı. Yəni Ermənistan, boynundan yuxarı tullana biləcək siyasi iradəyə malik deyil. Bundan başqa, Ermənistanın baş naziri Nikol Paşinyan artıq ölkə daxilində çox ciddi ictimai-siyasi gərginliklə qarşılaşıb. Onu da qeyd edim ki, bu, təkcə Ermənistan daxilində deyil. Bilirsiniz ki, onun Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimlə bağlı da müəyyən problemləri mövcuddur. Yəni Paşinyanın beli Qarabağa bağlı deyil. Çox böyük narahatlıqları var ki, Qarabağ cəbhəsində Sarkisyan-Koçaryan hərbi xuntası təxribatlar törədə və bəzi əraziləri Azərbaycan ordusuna döyüşsüz təhvil verə bilər. Ona görə də, belə bir həssas vəziyyətdə ABŞ təyyarələrinə Ermənistanın aerodromlarının verilməsi kimi çox strateji bir qərarı indiki halda Paşinyan hökuməti verə biləcəyini düşünmək olmur”.
N.Miri əlavə etdi ki, indiki halda bu məsələsinin həm də İran tərəfi var: "Əgər Ermənistan öz ərazilərini bir plasdarm olaraq ABŞ hərbi təyyarələrinə verərsə, artıq İran raketlərinin hədəfinə çevriləcək. Bunu rəsmi İrəvan da çox gözəl anlayır. Ona görə də düşünürəm ki, bu iddia, sadəcə, hansısa informasiya savaşının tərkib hissəsi olaraq ortalığa atılıb. Həm də bu məsələni Jirinovski kimi qeyr-ciddi bir siyasətçinin deməsi, açığı, informasiyanın hansısa müvəqqəti siyasi xarakterli olduğunu ortaya qoyur. Adətən Jirinovski Rusiya dövlətinin deyə bilmədiklərinin ifadə edir. Bir növ, qabaqlayıcı tədbir olaraq belə informasiyanın dövriyyəyə buraxılması, hesab edirəm ki, indiki halda Ermənistan rəhbərliyi üçün çəkindirici xarakter daşıyır”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər