• cümə axşamı, 28 mart, 14:36
  • Baku Bakı 16°C

Ermənistan hökumətində korrupsiya qalmaqalı

06.07.13 09:25 1545
Ermənistan hökumətində korrupsiya qalmaqalı
Ermənistan növbəti qalmaqalla üzləşib. Bir müddətdir ki, baş nazir Tiqran Sarkisyanın adı offşor fırıldaqları ilə bağlı mediada hallandırılır. T.Sarkisyanın Ararat iyerarxiyasının dini rəhbəri arxiyepiskop Navasard Kçoyan və iş adamı Aşot Sukiasyanla Kipr offşor zonasında şərikli şirkət təsis etdikləri mətbuata sızıb. Hər şey tədqiqatçı jurnalistlər birliyinin “Hetq.am” saytında dərc olunan araşdırmasından sonra başlanıb.
Məqalədə deyilir ki, biznesmen Paylak Hayrapetyanın təxminən 9,5 milyon dollar məbləğində mülkü “Ameria” bankına girov qoyulub. Aşot Sukiasyan, onun xaç atası arxiyepiskop Navasard Kçoyan və baş nazirin adına 2011-ci ildə Kipr ofşor zonasında “WLISPERA HOLDINGS LIMITED” şirkəti təsis edilib. Əməliyyatlar nəticəsində Paylak Hayrapetyan öz pullarından məhrum olub. Brilyant biznesi ilə məşğul olan Aşot Sukiasyanın tək Ermənistanda deyil, Rusiyada və Afrikada çoxlarına borclu olduğu bildirilir. Son kredit əməliyyatları ilə bağlı mülkünü itirmiş biznesmen P.Hayrapetyanın şikayəti əsasında cinayət işi açılıb və Aşot Sukiasyan barəsində axtarış elan edilib. Təxminən bir ay bundan əvvəl baş nazir Tiqran Sarkisyan Baş Prokurorluğa Kiprdə və hər hansı bir başqa yerdə offşor şirkəti təsis etmədiyini və bunun üçün heç kəsi vəkil etmədiyini açıqlayıb. Baş nazir eləcə də “Hetq.am” saytında dərc olunmuş məqalədəki informasiyanı da hesaba almamağı xahiş edib. Offşor şirkətin təsisçilərdən biri olduğu ilə bağlı isə baş nazir deyib ki, offşor zonasında başqasının xəbəri olmadan da onun adına şirkət açmaq mümkündür.
Bundan bir neçə gün sonra axtarışda olan biznesmen Aşot Sukiasyan elektron məktub vasitəsilə “Hetq.am”-ın redaksiyasına və Baş Prokurorluğa şirkəti özü təsis etdiyini etiraf edib. ““WLISPERA HOLDINGS LIMITED” offşor təşkilatı ilə bağlı qeyd etmək istərdim ki, şirkəti mən təsis etmişəm və məhz mən səhmləri T.Sarkisyanın və N.Kçoyanın adlarına yazmışam. Onların bundan xəbəri olmayıb” – deyə biznesmen məktubunda bildirib. Kipr baş prokuroru Petros Kleridis offşor qalmaqala səbəb olmuş əhvalat haqqında ilk dəfə Ermənistan baş prokurorundan eşitdiyini bildirib. Petros Kleridis Kipr offşor zonasında başqasının adından əməliyyatların mümkün olmadığını bildirib. “Mümkün deyil, əlbəttə, əgər o şəxs vəkil edilmiş şəxs vasitəsilə, yaxud bu kimi başqa formada hərəkət etməyibsə” - deyə o, vurğulayıb. Petros Kleridis ötən gün Ermənistanda prokurorluğun 95 illiyi və Prokuror Günü münasibətilə keçirilən təntənəli tədbirlərin qonağı olub. “İndi təfərrüatlarına varmaq istəmirəm, lakin bu əhvalatla, araşdırma üçün lazımi sənədlərlə tanış olduqdan sonra bir söz deyə bilərəm” – deyə Kleridis jurnalistlərə bildirib. Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Sona Truzyanın sözlərinə görə, ibtidai istintaq orqanı artıq ikinci dəfə Kiprə vəsatətlə müraciət edir. Son dəfə isə onun sözlərinə görə, 2013-cü il yanvar ayında Ermənistan Polisinin Xüsusilə Vacib İşlər üzrə Baş İstintaq İdarəsi müraciət edib. Maraqlıdır ki, bu günədək Kipr hüquq-mühafizə orqanları erməni tərəfinə bir cavab verməyib və baş prokuror Petros Kleridis bundan bixəbər olduğunu bildirir.
Artıq müxalifət partiyaları offşor hesabları ilə bağlı hökumət qarşısında məsələ qaldırıblar. Onlar məsələnin parlamentdə müzakirəsini də istəyirlər. Bildirirlər ki, hökumət ölkənin iqtisadi durumunun yaxşılaşdırılması əvəzinə, öz ciblərini doldurmaqla məşğuldurlar. Erməni Milli Konqresi bəyan edib ki, Ermənistan rəsmilərinin ilin əvvəlində ölkədə inflyasiyanın 5,5 faiz civarında saxlanılacağı barədə verdikləri vəd özünü doğrultmayıb. Dövlət statistika xidməti may ayında 6,5 faizə çatdığını açıqlayıb. “Qeyri-rəsmi mənbələr isə inflyasiya səviyyəsinin bundan xeyli yüksək olduğunu bildirirlər. Əhalinin getdikcə artan narazılığının qarşısını almaq məqsədi ilə dövlət rəsmiləri müxtəlif bəhanələrə əl atır, əsl həqiqəti xalqdan gizlətməyə çalışırlar. Onlar əhalinin yaşayış səviyyəsinin getdikcə aşağı düşməsinə səbəb olan inflyasiyanın günahını pis idarəçilik, ölkədə baş alıb gedən rüşvətxorluq və korrupsiya ilə deyil, Rusiyanın Ermənistana satdığı qazın qiymətini 50 faiz bahalaşdırması ilə izah edirlər. Bununla da xalqın diqqətini dövlət rəsmilərinin soyğunçuluq əməllərindən yayındırmaq istəyirlər. Ermənistan tezliklə ermənilərsiz qala bilər. Bu, bir sıra nüfuzlu beynəlxalq təşkilatların da rəylərində öz əksini tapıb» deyə müxalifət partiyalarının cəm olduğu EMK-nın bəyanatında bildirilib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər