• çərşənbə, 24 Aprel, 12:22
  • Baku Bakı 27°C

Ermənistan hökuməti təşviş içində

03.05.14 09:16 1257
Ermənistan hökuməti təşviş içində
Rusiya prezidenti Vladimir Putinin keçmiş sovet məkanında rusdillilər üçün Rusiya vətəndaşlığı almağı asanlaşdıran qanunu imzalaması bir sıra postsovet ölkələrində ajiotaj yaradıb. Ən çox da Ermənistanda. Bu ölkədə ehtiyat edirlər ki, Rusiyanın vətəndaşlıq verilməsini belə asanlaşdırması Ermənistanda adam qoymaya.
Yerli ekspertlər “Eurasiya View”ya deyirlər ki, Rusiyanın aprelin 21-də qəbul etdiyi qanun sadə ermənilərin ən çox gözlədiyi sənədlərdən idi. Hazırda 3 milyon əhalisi olan Ermənistan Sovet İttifaqı dağılandan sonra öz əhalisini sürətlə itirir. Rusiyanın Miqrasiya xidmətinin məlumatına görə, 2013-cü ildə Rusiyaya 670 min Ermənistan vətəndaşı gedib. Bu, əvvəlki ildən 20 faiz çoxdur. Miqrasiyanın əsas səbəbi işsizlikdir. Ermənistanda işsizlik 16 faizdir. Əhalinin 33 faizi kasıblıqdan aşağı həddə yaşayır. Ermənistanın Mərkəzi Bankının məlumatına görə, keçən il Ermənistan vətəndaşları xaricdə işləyən ermənilərdən 1,6 milyard dollar alıblar. Bunun da 86 faizi Rusiyada işləyənlərin evə göndərdiyi puldur. Yaxın zamanlarda Ermənistanı daha böyük mühacir axını gözləyir. Rusiyanın qəbul etdiyi qərar erməni mətbuatının da əsas xəbəri olub. “Qanuna görə keçmiş sovet ölkələrinin vətəndaşları öz ölkələrinin vətəndaşlığından imtina edəcəkləri halda 3 ay ərzində sadələşdirilmiş şəkildə Rusiya vətəndaşlığı ala bilərlər”.
Yeni qanun erməniləri çox sevindirib. Nəinki kəndlərdə, hətta şəhərlərdə yaşayan çox sayda insan Ermənistanı ailəsi ilə birlikdə tərk etmək haqqında qərar verib. Gənclər təhsil və iş ümidi, yaşlılar isə daha çox təqaüd arzusu ilə ölkələrindən baş götürüb getmək istəyirlər” - deyə erməni mətbuatı yazır. Mətbuatın yazdığına görə, bu onsuzda yüksək olan miqrasiya səviyyəsinin daha da artmasına səbəb olacaq.
Qeyd edək ki, Ermənistan Milli Miqrasiya xidmətinin rəisi Qaqik Eqanyan bu gün ölkə vətəndaşlarının 10 faizindən çoxunun Rusiya vətəndaşlığı olduğunu açıqlamışdı.
Burada bir sual ortaya çıxır - Bəs Ermənistanda kim qalacaq? Yəqin ki, ancaq rəhbərlik. Yaşadığı tənəzzül prosesi getdikcə dərinləşən Ermənistan üçün hələ də ən aktual problemlərdən biri ölkə əhalisinin xarici ölkələrə köçünün davam etməsidir. Miqrasiya prosesinin indiki templə davam edəcəyi təqdirdə Ermənistanın əhalisiz ölkəyə çevriləcəyi erməni sosioloqlarının özləri tərəfindən də açıq etiraf olunur. Belə hesab edilir ki, real şəraitdə Ermənistanın ümumi təhlükəsizliyinə xələl gətirən əsas hallardan biri məhz əhalinin ölkəni tərk etməsidir.
Ermənistanda belə bir fikir hakimdir ki, Serj Sarkisyan iqtidarı hakimiyyətdə olduğu müddət ərzində digər çətinliklər kimi miqrasiya problemi də öz həllini tapmayacaq.
Elə bu günlərdə “BBC” teleradio korporasiyasının sözügedən məsələ ilə bağlı hazırladığı materialda da qeyd olunurdu ki, Ermənistanda əksər hallarda kişilər evlərini tərk edir, bütöv kəndlər qadınların öhdəsinə qalır. Qeyd olunur ki, kişilərin ailələrini saxlamaq üçün yeganə pul qazanmaq yolu Rusiyaya getməkdir.
Ermənistandakı miqrasiya təşkilatının rəhbəri İlona Ter-Minasyan bildirib ki, kişilər ölkəni tərk etdiyindən, kəndlərdəki qadınlar kişilərin əvəzinə ağır işlərlə məşğul olurlar. Hüquq müdafiəçisi Karine Danielyanın sözlərinə görə, kişi çatışmazlığı cəmiyyətdə bütövlükdə hiss olunur: “Bu, həqiqətən ciddi problemdir. Qızların ərə getmək şansı olmayan nəsli yetişir. Çünki oğlanlar ölkəni tərk edirlər. Bu gün Ermənistanda doğum səviyyəsi əhalinin sabitliyini qorumaq üçün çox aşağıdır”.
Xatırladaq ki, hazırda Rusiyanın “Həmvətənlər” proqramı Ermənistandan insanların kütləvi axınına səbəb olub. Ermənistanın miqrasiya xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib ki, Rusiyanın 2007-ci ildə icrasına başladığı bu proqram əsasında Ermənistanı yalnız son bir neçə ayda 19 min nəfər tərk edib. Ermənistanın “Aykakan Jamanak” qəzetinin yazdığına görə, ölkədə miqrasiyanın yüksək səviyyədə olmasına səbəb əhalinin mövcud rejimə inamının azalmasıdır. Yerevanda yerləşən Miqrasiya Problemləri Mərkəzinin ekspertləri hesab edirlər ki, mühacirət indiki templərlə davam etsə, ölkənin gələcəyi sual altına düşə bilər.
Hesablamalara görə, bu ilin sonunadək ölkəni tərk edənlərin sayı 300 min nəfərə çatacaq. Ermənistandakı “Sardarapat” hərəkatının yaydığı bəyanatda isə bildirilir ki, ölkə rəhbərliyi mühacirət dalğasının qarşısını almaq və gedənlərin axınını səngitmək üçün faktiki olaraq heç bir tədbir görmür: “Ermənistan prezidenti Serj Sarkisyan bundan sonra nə etsə belə, ölkəni tərk edənlərə mane ola bilməyəcək.
“Daşnaksütyun” partiyasının parlament fraksiyasının üzvü Lilit Qalustyan isə bildirir ki, hər il ölkəni tərk edənlər sırasında yer alan 10 minlərlə vətəndaş sonradan geri qayıtmır. Onların əksəriyyəti 18-65 yaş arasında olan insanlardır. Bu proses davam etsə, bir neçə ildən sonra Ermənistan əhalisinin sayı milyondan da az olacaq. Araşdırmalar göstərir ki, işğal altında olan Dağlıq Qarabağda da mövcud erməni əhalisinin sayında azalma baş verir. Bu günlərdə açıqlanan statistikaya görə, ilin əvvəlindən Dağlıq Qarabağda cəmi 2 min uşaq dünyaya gəlib, ölənlərin sayı isə bundan çox olub. Kütləvi işsizlik, ağır sosial-iqtisadi vəziyyət buradakı erməni əhalisini də xarici ölkələrə üz tutmağa məcbur edir.
Müxalifət lideri Levon Ter-Petrosyan isə bəyan edib ki, Sarkisyan iqtidarı yaranan ağır durumun qarşısını almaq gücündə deyil. Çünki hakimiyyət daha çox öz mənfəətini güdməkdə, korrupsiyanın miqyasını genişləndirməkdədir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər