• çərşənbə axşamı, 23 aprel, 12:28
  • Baku Bakı 24°C

Ermənistan forpost ölkə ənənəsinə sadiq qaldı

14.05.18 19:46 968
Ermənistan forpost ölkə ənənəsinə sadiq qaldı
Vaxtilə Rusiya əleyhinə sərt bəyanatları ilə seçilən, hətta Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə qanun layihəsinin müəllifi kimi tanınan Nikol Paşinyan baş nazir seçildikdən sonra mövqeyində tam dəyişiklik etməli olub. İlk səfərini Rusiyaya edən Paşinyan Soçidə Avrasiya İqtisadi ittifaqının sammitinə qatılıb. Baş nazirRusiya prezidentiVladimir Putinlə görüşdə onun hakimiyyətə gəlməsi ilə sonuclanmış siyasi çaxnaşmada Moskvanın "balanslı mövqe”yinə görə təşəkkür edib. O, Kremli əmin edib ki, ölkələr arasında "strateji tərəfdaşlığ”a şübhə yoxdur. "Rusiya ilə müttəfiqlik münasibətlərimiz davam edəcək. Heç kim Rusiya-Ermənistan münasibətlərinin önəmini şübhə altına qoymayıb və qoymayacaq. Biz Rusiyanın Ermənistandakı hadisələr zamanı balanslı mövqeyini yüksək dəyərləndiririk”, – deyə o bildirib. Putin də Paşinyana uğur diləyib, deyib ki, ikitərəfli münasibətlərin indiyədək olduğu kimi davamlı inkişaf edəcəyinə ümid bəsləyir. Rusiya prezidenti Paşinyanın hakimiyyəti dönəmində Moskva və Yerevanın münasibətlərinin dinamik inkişaf edəcəyinə ümid etdiyini deyib: "Mən sizə uğurlar arzu etmək istəyirəm və ümid edirəm ki, münasibətlərimiz indiyə qədər olduğu kimi yüksək səviyyədə olacaq. Rusiya Ermənistana yaxın tərəfdaşı və regiondakı müttəfiqi kimi baxır. Rusiya Ermənistanın aparıcı ticarət tərəfdaşıdır. Ermənistana qoyulan ümumi investisiyaların 35%-i Rusiyanın payına düşür. Ermənistanın Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü əvvəlki aylarla müqayisədə 38% artıb”. Paşinyan daha öncə də dəfələrlə deyib ki, ermənilər Rusiyaya arxa çevirməyəcəklər. Baş nazir jurnalistlərə deyib ki, Ermənistanla Rusiya arasında strateji alyans münasibətləri izahat istəmir. Onun sözlərinə görə, Ermənistanda bu məsələ ilə bağlı konsensus var: "Məncə, ölkəmizdə heç kəs Ermənistan-Rusiya münasibətlərinin strateji əhəmiyyətinə şübhə etməyib, etməyəcək də”. N.Paşinyan bu münasibətlərə "yeni impuls” veriləcəyinə ümidli olduğunu bildirib. "İnterfaks” və "Reuters agentlikləri yazır ki, Paşinyan silah ticarətinin güclənəcəyinə inandığını vurğulayıb.
Lakin məsələ ondadır ki, Paşinyan bu sözləri deməyə məcburdur. Müəyyən müddət üçün belə bəyanatlar verilməlidir. Baş nazir bütün bunlarla yanaşı, qərbpərəst mövqeyi ilə seçilən şəxsləri vəzifəyə gətirməklə məşğuldur. Yəni necə deyərlər, onun ölkəsini forpost gözündə görən ölkə ilə ilkin mərhələdə mehriban münasibətlər saxlamaqda davam edəcək. Sonrasını isə zaman göstərər.
Yeri gəlmişkən, Ermənistanda hakimiyyət sistemini iflic vəziyyətinə salan "məxməri inqilab”ın lideri Nikol Paşinyan artıq bir həftədir baş nazir vəzifəsində işləyir. Dörd həftəyə yaxındır ki, davam edən etirazların lideri ölkəni böhrandan çıxaracaq islahatlar vəd edib. Nikol Paşinyan dəfələrlə hazırkı durumu "keçid dövrü” kimi səciyyələndirərək, növbədənkənar seçkilərə hazırlıq barədə danışır. "Məxməri inqilab”ın lideri bir neçə seçki ssenarisinin mövcud olduğunu deyir. Amma indi belə görünür ki, onu hakimiyyət başına gətirən kütləvi etiraz dalğası səngiyəndən sonra qısa bır zamanda növbəti seçki ehtimalı getdikcə daha qeyri-real görünür. Təhlilçilərə görə, Nikol Paşinyan dediyi kimi, seçkilərdən əvvəl yeni seçki kodeksini parlamentdə təsdiqləmək və öz partiyasını yaratmaq istəyir ki, səsvermədən sonra onun dəstəyinə arxalana bilsin. Ehtimallara görə, belə bir prosesə ən azı bir il vaxt tələb oluna bilər. Bəs bu, Nikol Paşinyanın seçilmək şansına necə təsir göstərə bilər? "Nikol Paşinyanın strategiyasının həm mənfi, həm də müsbət tərəfləri var”. Bunu yerevanlı politoloq Aleksandr İskandaryan deyir: "Ən böyük təhlükə odur ki, seçkilərə kimi etiraz eyforiyası keçə və onun populyarlığı azala bilər. Digər tərəfdən, Nikol Paşinyan yeni partiyanın dəstəyinə güvənə bilər”. Hazırda isə Nikol Paşinyan parlament çoxluğunu əlində saxlayan sabiq baş nazir Serj Sarkisyanın Respublikaçılar Partiyasına qarşı sərt addımlar atmayıb. Ermənistan mətbuatındakı bəzi icmallarda zaman amilinin mühüm olduğu vurğulanır. Deyilir ki, "məxməri inqilab”ın hədəflərinə çatmaq üçün çevik və qərarlı addımlar atılmalıdır - əks təqdirdə "antiməxməri inqilab” təhlükəsi baş qaldıra bilər. Bəs Serj Sarkisyanın aqibəti necə olacaq? Nikol Paşinyan təkrarən deyib ki, onun hökuməti siyasi rəqiblərinə qarşı təqiblərə yol verməyəcək və mülkiyyət mübahisələrinə cəlb olunmayacaq. O, siyasi sələfinin müqəddəratı barədə sualı cavablandırarkən deyib ki, Serj Sarkisyan sabiq baş nazir kimi yaşadığı iqamətgahı saxlaya bilər və ona dair nəzərdə tutulan güzəştlər qüvvədə qalmaqdadır. Nikol Paşinyanın sözlərinə görə, hökumət başçısı ədliyyə sistemini əvəzləyə bilməz və hər şey qanun çərçivəsində həll olunmalıdır.
"Ermənistan vətəndaşları qanunun hökm sürdüyü və hamının qanun qarşısında bərabər olduğu bir ölkədə yaşadıqlarını bilməlidirlər", - Paşinyan jurnalistlərlə görüşündə deyib. Moskvada yerləşən MDB ölkələri İnstitutunun Ermənistan üzrə rəhbəri Aleksandr Markarovun sözlərinə görə, hazırkı sistemdə islahatlar qeyri-realdır.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər