• cümə, 29 Mart, 16:22
  • Baku Bakı 14°C

Ermənistan daxilində ciddi böhrandan diqqəti yayındırmaq üçün sərhəddə təxribat törədir

14.07.20 13:00 475
Ermənistan daxilində ciddi böhrandan diqqəti yayındırmaq üçün sərhəddə təxribat törədir
Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti təxribatı təsadüfi deyil. Ermənistanın daxilində çox ciddi siyasi, iqtisadi böhran yaşanır. Diqqəti bu məsələlərdən uzaqlaşdırmaq məqsədilə sərhəddə təxribat törədirlər.
Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov qeyd edib ki, Ermənistanda yaşanan böhran daha da dərinləşəcək: "Bilirsiniz ki, Ermənistanda COVİD-19-a qarşı mübarizə tədbirləri çox zəif aparılır. Bu da daxildə ciddi narazılıq yaradır. Orada koronavirusa yoluxanların və virusdan ölənlərin sayı günbəgün artır. İqtisadi böhran dərinləşir. Ermənistanın heç bir iqtisadi dayanıqlığı yoxdur. Ermənilər müxtəlif fondlardan aldığı vəsait, götürdüyü kreditlər hesabına həyatda qalmağa çalışırlar.
Digər məsələ isə, hakimiyyətdaxili savaşdır. Ermənistanın Baş naziri Nikol Paşinyanla müxtəlif klanlar arasında güclü mübarizə gedir, hətta bu, qarşıdurma səviyyəsinə yüksəlir. Ölkədaxili böhrandan diqqəti yayındırmaq üçün Dağlıq Qarabağ məsələsindən istifadə edirlər, cəbhədə təxribatlar törədirlər. Son təxribat sadaladığım məsələlərə görədir. Azərbaycan Ordusu qətiyyətlə bu təxribatın qarşısını alıb, ermənilər ciddi itkilər veriblər. Bütün bunlar Ermənistanı düşdüyü böhrandan xilas etməyəcək. Düşmən ölkədə inqilab da gözlənilir. Təxribatla vaxt qazanmağa çalışdılar, amma əksi oldu, məğlubiyyət böhranı daha da dərinləşdirəcək”.
Deputat vurğulayıb ki, Azərbaycanda xalq orduya güvənir: "Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasındadır. Müxtəlif reytinqlərdə ordumuz yüksək pillələrdə qərarlaşıb. Bu, təbii ki, qürurvericidir. Ermənistan başa düşür ki, onların ordusu ilə Azərbaycan Ordusu müqayisə oluna bilməz. Azərbaycan Silahlı Qüvvələri həm hazırlıq, həm də maddi-texniki bazaya görə irəlidədir. Azərbaycanda iqtisadi vəziyyət də Ermənistandan üstündür. Ölkəmizdə ictimai-siyasi sabitlik mövcuddur, xalq-iqtidar birliyi var. Yəni Azərbaycan bütün parametrlər üzrə Ermənistandan üstündür. Ermənistan hakimiyyəti bilir ki, bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq. Bilirlər ki, Azərbaycan işğaldakı torpaqlarını azad etmək, Ermənistanı darmadağın etmək iqtidarındadır”.
banner

Oxşar Xəbərlər