Ermənistan daxili sabitliyi cəbhədə törətdiyi təxribatlarla saxlamağa çalışır
Son günlər Ermənistan mediasının yaydığı məlumatlardan belə məlum
olur ki, bu ölkədə sosial problemlər getdikcə dərinləşməkdədir. Bu problemlərin
də kökündə iqtisadiyyatın geriləməsi, işsizlik və diaspor təşkilatlarından
gələn maliyyə yardımlarının azalması durur. Ermənistan iqtisadiyyatı
Azərbaycanla münaqişədə olduğu son 25 ildə daha da geriləyib, ölkənin aparıcı
sənaye infrastrukturu xarici dövlətlərin əlinə keçib. Demək olar ki, Ermənistan
siyasi hakimiyyətinin daha sosial layihələri həyata keçirmək üçün satmağa
hansısa "obyekti” yoxdur...
Daxili istehsal, rəqabətlilik olmadığı üçün büdcəni formalaşdıran
vergi daxilolmaları günü-gündən azalır. Ermənistan əhalisi maddi sıxıntılar
səbəbindən ölkəni tərk edir. Bu onların hər il açıqladığı demoqrafik
statistikada da əks olunur. Artıq Sarkisyan hakimiyyətinin səriştəsizliyini
qəbul edə bilməyən əhali öz etirazını bildirir. Sosial durumu çətin vəziyyətdə
olan ermənilər öz övladlarının Qarabağda hərbi qulluq keçməsini istəmir.
Erməni mətbuatının yaydığı məlumata görə, ötən ilin aprel döyüşləri
zamanı Qarabağda öldürülən əsgər Qriqor Arutyunyanın anası ikinci oğlunu hərbi
xidmətə göndərməkdən imtina edib. Xəbərdə qeyd edilir ki, Anait Qriqoryan
ikinci oğlu Seryojanın ailənin yeganə çörək gətirəni olduğunu bildirərək onu
orduya verməyəcəyini deyir: "Nəticədə mən ərizə yazdım ki, oğlumu hərbi xidmətə
göndərməkdən imtina edirəm. Müdafiə naziri güzəştə getməlidir və oğlumu hərbi
xidmətdən azad etməlidir, çünki onun atası yoxdur, biz ağır vəziyyətdə
yaşayırıq”.
Göründüyü kimi, sosial problemlər məngənəsində boğulan Ermənistan
əhalisi artıq Sarkisyanın hakimiyyətini qəbul etmir və buna öz etirazını
bildirir. Elə bu səbəbdəndir ki, Ermənistan rəhbərliyi təmas xətti azlıq
edirmiş kimi, indi də Azərbaycan-Ermənistan sərhədində təxribatlara əl atır.
Bu, həm ölkə daxilindəki problemlərdən diqqəti yayındırmaq, həm də beynəlxalq
ictimaiyyəti aldatmaq üçün Ermənistan hakimiyyətinin növbəti oyunu ola bilərmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Ermənistanın
təxribatlara əl atmasında ölkəsindəki daxili problemlərlə yanaşı, başqa
məqamlar da var: "Ermənilər hər vəchlə çalışırlar ki, təmas xəttinə,
Azərbaycan-Ermənistan sərhədinə beynəlxalq müşahidəçiləri gətirərək işğal
olunmuş ərazilərdə arxayın otursunlar. Anlayırlar ki, Azərbaycanın hərbi
qüdrəti xeyli artıb və biz onları süpürüb torpağımızdan kənara ata bilərik.
Ermənilərin ümidi bir tərəfdən Rusiyanın himayəsinə, digər yandan isə təmas
xəttinə müşahidəçilər, araşdırma missiyası yerləşdirməklə özlərini
sığortalamağa qalıb. Ermənistanın indiki iqtidarı Azərbaycan torpaqlarını
işğal, azərbaycanlılara qarşı soyqırımı törətməklə İrəvanda hakimiyyəti zəbt
edib və bundan özlərinin varlanmağı üçün istifadə edirlər. Belə olan halda
təbii ki, xalqın sosial problemlərdən diqqətini yayındırmaq üçün onların hərbi
vəziyyətdən istifadə etmələri də heç kimə sirr deyil”.
"Atlas” Araşdırmalar
Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd etdi ki, Ermənistanın
daxilində vəziyyət gərginləşən kimi cəbhə bölgəsində təxribata əl atırlar: "Vəziyyəti
gərginləşdirib, cəmiyyətin diqqətini Qarabağa, cəbhə bölgəsinə yönəldirlər.
Amma bu, əksinə olaraq, özlərinin ziyanına işləyir. Çünki atəşkəs pozulur və
Azərbaycanın verdiyi cavab onlar üçün daha dəhşətli olur, ermənilər xeyli itki
verirlər. Bu mənada əslində atəşkəsin pozulması ilə özlərinə daha çox ziyan
vurmuş olurlar. Son zamanlar isə Qarabağdan daha çox, Qazax-Tovuz istiqamətində
atəşkəsi pozurlar. Burada da başqa məqsəd var və münaqişəyə Rusiyanı cəlb etmək
istəyirlər. Ermənistanın Rusiya ilə imzaladığı saziş əsasında birgə qoşun
birliyi yaradıblar və Moskva bu ölkənin təhlükəsizliyinə təminat verir. Əgər
ermənilər düşünürsə ki Qazax-Tovuz istiqamətində sərhəddə atəşkəsi pozaraq
Rusiyanı bura cəlb edə bilər, onda səhv edirlər. Çünki biz bu məqamda da cavab
verəcəyik. Rusiya da anlamalıdır ki, ermənilər Qazağı, Tovuzu atəşə tutursa,
Azərbaycan bunu cavabsız qoymamalıdır. Yəni, Rusiyada kim düşünə bilər ki, onlar
vursun, biz də oturub baxaq. Əslində ermənilərin təmas xəttində və Azərbaycan-Ermənistan
sərhədində törətdiyi təxribatlar həm ölkə daxilindəki problemlərdən diqqəti
yayındırmaq məqsədi daşıyır, həm də onlar Rusiyanı bu prosesə qatmaq istəyir. Amma
hər iki istiqamətdə hesabları yanlışdır. Qeyd etdiyim kimi, bizim bu
təxribatlara cavabımız daha böyük olub, ermənilər də çox itkilər verib. Rusiya
bu münaqişəyə qarışsa, onda tərəf tutmuş olacaq. Belə olan halda, biz də
müəyyən seçimlər etmək məcburiyyətində qalacağıq”.
E.Şahinoğlu bildirdi ki, ermənilərin təxribatları adətən yay
aylarında daha çox olur: "Çünki Ermənistanda sosial gərginlik artır və insanlar
problemlərin həlli üçün tələblər irəli sürürlər. Ermənistan hakimiyyəti də
insanların diqqətini yayındırmaq üçün cəbhə bölgəsində süni gərginlik yaradır. Bir
məqamı qeyd edim ki, Ermənistandakı indiki və əvvəlki hakimiyyət öz seçimlərini
edərək Rusiyanın əlaltısına çevriliblər. Sərhədi Rusiya ordusu qoruyur, hərbi bazalar
da həmçinin. Ən böyük zavodlar, fabriklər Rusiyanın əlindədir, hələ əlavə
olaraq da birgə qoşun birləşməsi yaratdılar. Bunların hamısı ondan irəli gəlir
ki, işğal etdikləri Azərbaycan torpaqlarından nə vaxtsa çıxarılacaqlar və
işğalı uzatmaq üçün Rusiyaya güvənirlər. Digər tərəfdən isə oyun oynayırlar ki,
guya başqa ölkələrlə münasibətləri var, hərtərəfli əməkdaşlıq edirlər. Amma
bütün bunların yalan olduğunu hər kəs bilir”.
Bəxtiyar MƏMMƏDLİ