• şənbə, 20 Aprel, 00:41
  • Baku Bakı 15°C

Ermənistan Cənubi Qafqazın “qırmızı zonası”na çevrilib

31.05.20 15:15 432
Ermənistan Cənubi Qafqazın “qırmızı zonası”na çevrilib
Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun "COVID-19 əleyhinə ermənisayağı "peyvənd”- "koronavirus inqilabı” adlı yazısında işğalçı Ermənistanın rəhbəri Nikol Paşinyanın növbəti sərsəm hərəkətindən və onun "koronavirus inqilabı” xülyasından bəhs olunur.AZƏRTAChəmin yazını təqdim edir.
Hər sözünün mübtədası da, xəbəri də "inqilab” olan Nikol Paşinyanın başı yenidən dərddədir. 2018-ci ilin mayında hakimiyyəti inqilabla zəbt edən, Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə debatda biabırçı məğlubiyyətə düçar olub çarəni "3 mikroinqilab”da axtaran Nikol Paşinyan indi də COVID-19 pandemiyasına qarşı mübarizədə ermənisayağı "peyvənd” ixtirası ilə baş qatır. Bu "peyvənd”in adı "koronovirus inqilabı”dır.
Bu günlərdə Ermənistanın "inqilabçı” rəhbəri xalqa müraciət edərək bildirib: "Mənim çağırışım və xahişim ondan ibarətdir ki, hər biriniz fərdi məsuliyyət hissi ilə bizə kömək göstərməlisiniz ki, koronavirus inqilabını edə bilək. Bu, əsas mesajdır”. El dilində desək, "bişmiş toyuğun gülüşü”nə səbəb olan bu sayıqlamaların yaranmasının əslində ciddi motivləri var. Heç kəsə sirr deyil ki, Ermənistan rəhbərliyinin ilk günlərdən başlayaraq pandemiyaya qarşı səriştəsiz, bacarıqsız və məsuliyyətsiz davranışı ucbatından bu gün bu ölkə Cənubi Qafqazın "qırmızı zonası”na çevrilib. Artıq Nikol Paşinyan etiraf etməyə məcbur olub ki, işlər çox pis gedir: "Koronavirusla bağlı ölkədə olduqca ağır situasiya formalaşmışdır. Biz mahiyyət etibarilə virusun ikinci dalğası ilə üzbəüz qalmışıq”.
Statistikaya görə, Ermənistanda 8 mindən artıq yoluxma faktı qeydə alınıb. Ölənlərin sayı 100 nəfəri ötüb. Erməni ekspertlər artıq tam bədbinliyə qapılaraq bildirirlər ki, onları "İtaliya ssenarisi” gözləyir. Yenə də həmin ekspertlərin qənaətinə görə, ölkədə təxminən 50 minə qədər yoluxan insan var, sadəcə, onların böyük bir qismi bundan xəbərsizdir və virusun inkubasiya dövrünü yaşayırlar, digər bir qismində isə xəstəlik simptomsuz keçməkdədir. Ermənistanın səhiyyə naziri Arsen Torosyan isə reanimasiya çarpayıları ilə bağlı üzüntülü statistikanı elan etməyə məcbur olub: "24 may tarixinə mövcud 186 reanimasiya çarpayısından 154-ü xəstələrin xidmətindədir və ehtiyatda yalnız 32 çarpayı var. Bu acınacaqlı statistika virusa yoluxma hallarının kəskin artması reallığında Ermənistanda xəstələrin taleyin hökmünə buraxıldığı anlamını ortaya qoyur.
Ermənistanda epidemiyanın bu qədər geniş miqyas almasının səbəbi nədir? Təbii ki, əsas səbəb qeyri-səmərəli idarəçilikdir. Kəskin karantin rejimi Parisdə və Nyu-Yorkda 48 gün, Milanda 53 gün çəkdi. "İnqilabi” Ermənistanda isə 19 gündən sonra məhdudiyyətlərin böyük əksəriyyəti aradan qaldırıldı. Ticarət mərkəzləri və restoranlar açıldı. Ermənistanın səhiyyə naziri isə gözlənilmədən bu sahədə vəziyyəti daha qənaətbəxş olan Gürcüstanı koronavirus yoluxmaları üzrə statistikanı bilərəkdən kiçiltməkdə ittiham etdi. Cavab olaraq Gürcüstan Xarici İşlər Nazirliyi Ermənistana etiraz notası göndərdi və Ermənistan tərəfi üzr istəməli oldu. Bu yerdə yenə xalq deyiminə müraciət etmək yerinə düşür: "Utanmasan oynamağa nə var ki”.
Beləliklə, Ermənistan baş nazirinin məlum "koronavirus inqilabı” kimi cəfəng "ideya”nı ortaya atdığı reallıqda Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVID-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə həsr olunmuş Zirvə görüşlərinin təşkil edilməsi Azərbaycanın forsmajor vəziyyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə böyük töhfə verdiyini təsdiqləyir.
banner

Oxşar Xəbərlər