• cümə axşamı, 25 aprel, 17:27
  • Baku Bakı 23°C

Ermənistan çalxalanır

09.07.18 20:45 605
Ermənistan çalxalanır
Ermənistanda yaşananlar ölkəni sürətlə vətəndaş qarşıdurmasına sürükləyir. Nikol Paşinyan hakimiyyətinin Sarkisyan və ondan əvvəl prezident olmuş Köçəryana qarşı hücumları səngimir. Əvvəlcə 2008-ci ilin mart hadisələri gündəmə gətirildi, ardınca da Köçəryan istintaqa çağırıldı, daha sonra Sarkisyanınən yaxın tərəfdarlarına qarşı hücumlar start götürdü. Dünən isə Yerevan şəhərinin meri Taron Marqaryan Paşinyanın təzyiqlərinə davam gətirə bilməyərək istefa verib. Yerevan şəhər merliyi Marqaryanın istefasını şərh etməkdən imtina edib. Qeyd edək ki, Ermənistanda baş verən aprel hadisələrindən sonra çoxsaylı etiraz aksiyalarının keçirilməsinə baxmayaraq, Taron Marqaryan istefa verməyəcəyini bildirmişdi.
Bundan əlavə, Sarkisyana və yaxın ətrafına qarşı da təzyiqlər davam edir. Ermənistanın keçmiş prezidentinin diplomat qardaşıLyova Sarkisyan və onun qızıAni Sarkisyanəmlakı açıqlamamaqda və qanunsuz varlanmada ittiham olunub. Ölkənin Xüsusi İstintaq Xidməti onlara ittiham irəli sürüb. Xidmət Lyova Sarkisyanın oğluNarek Sarkisyanın da ittiham olunduğunu bildirib. Məlumatda deyilir ki, "JLJ Project Company” şirkətinin səhmdarı olan Narek Sarkisyanla bağlı axtarış zamanı 2017-ci ilin ikinci yarısında banklardan birinə 6 milyon 800 min dollar yatırılması barədə müqavilələr aşkarlanaraq götürülüb. Qurum bildirir ki, vəsaitlər onun, atası Lyova Sarkisyanın, bacısı Ani Sarkisyanın adınadır. Rəsmi məlumatda, həmçinin vurğulanır ki, rəsmi şəxs olmasına baxmayaraq, Lyova Sarkisyan və qızı Ani Sarkisyan gəlir deklarasiyalarında bu vəsait barədə informasiya verməyiblər. "Hesabat dövründə onların əmlakı qanuni gəlirlərini üstələyib, yəni qanunsuz varlanıblar”, - bəyanatda deyilir. Narek Sarkisyanın isə vəzifəli şəxsin ailə üzvü olaraq, 2017-ci ildə gəlirləri və mülkiyyəti barədə etika komissiyasına deklarasiya təqdim etmədiyi, "bu müddət ərzində qanunsuz yığılmış əmlakı gizlətdiyi” vurğulanır.
Beləliklə, istintaq müəyyənləşdirib ki, Lyova, Ani və Narek Sarkisyanlar böyük vəsait hesabına qanunsuz varlanıblar. İstintaq xidməti Lyova Sarkisyan barəsində həbs tədbiri seçilməsini istəyib, məhkəmə vəsatəti təmin edib. Ani və Narek Sarkisyanların isə ölkədən çıxışına qadağa qoyulub. Lyova və Ani Sarkisyanlar barəsində axtarış elan olunub. İstintaq davam edir. Əmlak deklarasiyasının gizlədilməsi və qanunsuz varlanma ittihamları üzrə 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutulur. Serj Sarkisyanın qardaşının ailəsi barədə cinayət işinin açılması haqda hələ ötən həftə Dövlət Gəlirləri Komitəsi məlumat yaymışdı. Keçmiş prezidentin digər qardaşıAleksandr Sarkisyanın ailə üzvlərinin adları isə adam öldürməyə cəhd və dələduzluqla bağlı cinayət işlərində keçir.
Beləliklə, gurultulu həbslər və ifşaedici faktlar mahiyyət etibarilə kriminal oliqarxiyanın birinci şəxslərini mühasirəyə alıb. Bu kontekstdə hakim Respublika Partiyasının susqunluğu diqqət cəlb edir. Tək-tük adi funksionerlərin bəyanatlarını çıxsaq, partiya bir dəfə də olsun baş verənlərə reaksiya verməyib. Sabiq ədliyyə naziri David Arutyunyan bu günlərdə bildirib ki, konkret şəxslərə qarşı məqsədyönlü hücumların təşkil edildiyini hiss etmir. Hazırda Respublika Partiyası çox mürəkkəb bir dilemma qarşısındadır – Serj Sarkisyan və siyasi perspektiv arasında seçim etmək. Lakin bu dilemma Respublika Partiyasını seytnot vəziyyətinə və siyasi fiaskoya gətirib çıxara bilər. Sarkisyanın sonuncu addımı atıb partiya sədrliyindən və ümumiyyətlə siyasətdən getməsi çıxış yolu kimi qalır. Bu da onun partiyaya göstərdiyi ən böyük xidmət ola bilər.

Yeri gəlmişkən, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan da 2008-ci il prezident seçkilərindən sonra hökumətin dinc əhaliyə qarşı güc tətbiq etməsilə əlaqədar başladılan araşdırma çərçivəsində xüsusi istintaq komitəsinə çağırılıb. Ohanyan bildirib ki, 2008-ci ilin 1 mart hadisələrilə əlaqədar istintaqa çağırılaraq ifadəsi alınıb. Lakin Ohanyan jurnalistlərin məsələ ilə bağlı digər suallarına cavab verməkdən imtina edib.Xatırladaq ki, 2008-ci ildə Seyran Ohanyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsində olub. Martın1-də aksiya iştirakçıları Serj Sarkisyanın prezident seçilməsinə etiraz ediblər. Yerevanda polislə aksiya iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində azı 8 nəfər dinc etirazçı qətlə yetirilib, daxili qoşunların 2 əməkdaşı ölüb. Baş verənlərlə bağlı indiyədək cinayət işi açılmayıb və insanların qətlinə görə heç kəs cəzalandırılmayıb. Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəyə gəldikdən sonra mart hadisələrinin istintaqına dair göstəriş verib. Nəticədə, xüsusi istintaq qrupu yaradılıb və 2008-ci il fevralın 23-dən martın 2-nə qədər vəzifədə olmuş müdafiə naziri və digər rəsmilərə qarşı cinayət işi açılıb.
Qeyd edək ki, Serj Sarkisyan bu ilin aprelində baş nazir postuna keçsə də, vəzifədə cəmi bir həftə qala bildi, küçə etirazları nəticəsində istefa verməli oldu. Müxalifətçi deputat, etirazların lideri Nikol Paşinyan mayın 8-də parlament tərəfindən baş nazir seçildi.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər