• cümə, 19 Aprel, 11:14
  • Baku Bakı 13°C

“Ermənistan beynəlxalq hüquq normalarını tanımaq istəmir”

13.01.15 11:47 1823
“Ermənistan beynəlxalq hüquq normalarını tanımaq istəmir”
Aydın Mirzəzadə: “Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi Cənubi Qafqazda uzunmüddətli sülh və stabilliyin yaradılmasına ciddi maneədir”
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı bir sıra məqamlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub. Dünyada bəzi qüvvələrin bu münaqişənin həll olunmasında maraqlı olmadıqlarını bildirib. Onun sözlərinə görə, həmin qüvvələr maraqlıdır ki, bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın davranışları, status-kvonun dəyişməz olaraq qalmasının regiona təsiri, problemə ikili yanaşma cəhdləri və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə cavablandırır.
- Aydın müəllim, atəşkəs haqqında müqavilə imzalanandan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə həllinə üstünlük verilib. Yola saldığımız 2014-cü ildə də bu danışıqlar çərçivəsində prezidentlər, nazirlər, həmsədrlər səviyyəsində bir sıra görüşlər keçirilib. Əgər problemin həlli məqsədi ilə aparılan danışıqları təhlil etsək, ötən ili necə qiymətləndirərdiniz?
- Dağlıq Qarabağ problemi bu gün Azərbaycandan daha çox dünyanın ağrılı münaqişələrindən biri hesab edilə bilər. Bu problemi ümumən götürəndə burada dünyanı düşündürən bir çox məsələlər toplanıb. Ən birincisi, Ermənistan öz qonşusu Azərbaycanın ərazi bütövlüyünü tanımır, hansı ki, dünyada sülh və stabillik məhz ərazi bütövlüyünə hörmət üzərində bərqərar olunub. Bundan başqa, Ermənistan beynəlxalq hüquq normalarını tanımaq istəmir. Halbuki, beynəlxalq hüquq normaları bu gün dünyanın bütün məsələlərini həll edən faktora çevrilib. Ermənistan 1 milyondan artıq insanın öz dədə-baba yurdunda yaşamaq hüququnu tanımır. Bu isə insan hüquqlarına böyük hörmətsizlik kimi qiymətləndirilə bilər. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi isə dünyanın nəbzinin vurduğu bölgələrdən biri sayılan Cənubi Qafqazda uzunmüddətli sülh və stabilliyin yaradılmasına ciddi maneə törədir. Bu münaqişənin Ermənistan üçün nə qədər problemlər yaratdığı üzərində dayanmaq istəmirəm. Bunu bütün dünya görür, eləcə də Ermənistanın özündə ciddi şəkildə dərk etməyə başlayırlar. Azərbaycan bu problemin həlli üçün maksimum fəaliyyət göstərir. Beynəlxalq təşkilatlarla birlikdə işləyir, vasitəçilərin olmasına razılıq verib. Azərbaycan bu gün tək özünün deyil, regionun və Avropanın problemlərinin həllində fəal iştirak etməyə çalışır. Suverenliyini, ərazi bütövlüyünü hərbi yolla bərpa etmək hüququna sahib olan Azərbaycan hələlik problemin sülh yolu ilə həllinə nail olmaq üçün bütün vasitələrdən yararlanır, diplomatik danışıqlara üstünlük verir. Lakin çox təəssüf ki, münaqişənin tənzimlənməsi baxımından əvvəlki illərdə olduğu kimi 2014-cü il də itirilmiş imkanlar ili kimi qiymətləndirilə bilər. Danışıqların 3 nüfuzlu dövlətin vasitəçiliyi ilə keçirilməsinə baxmayaraq, Ermənistan qeyri-konstruktiv mövqe tutur, rəsmi İrəvan əvvəlcədən əldə edilmiş razılaşmalardan imtina edir, vaxtaşırı cəbhə xəttində Azərbaycanın mövqelərinə hərbi hücuma keçməyə çalışır. 2014-cü ilin avqust, noyabr aylarında düşmənin mövqelərimizə hücuma keçməsi faktları buna misaldır. Ona görə də ötən il yalnız bir neçə danışıqların keçirilməsi ilə tarixdə qaldı. Uzunmüddətli tarixi olan Dağlıq Qarabağ problemi ağır yük kimi 2015-ci ilin üzərində qaldı. Bu problemin cari ildə həll edilib-edilməməsi bir çox məsələlərdən, o cümlədən dünyanın münaqişənin həllinə nə dərəcədə hazır olmasından çox asılıdır.
- Hər dəfə prezidentlər səviyyəsində görüş keçirilməsindən, tərəflərin öz üzərinə müəyyən öhdəliklər götürməsindən bir qədər sonra Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozmasını müşahidə edirik. Rəsmi İrəvan bununla nə demək istəyir?
- Ermənistan nəyə malik olduğunu artıq dünyaya sübut edib. Dünya bu ölkəni tanıyır. Beynəlxalq təşkilatların Ermənistanla bağlı qəbul etdiyi qətnamələr deyilənlərə yaxşı nümunədir. Sadəcə olaraq, Ermənistanın təxribatları, inadkarlıq etməsi daxili auditoriya, xaricdə olan millətçi diaspor dairələrinə hesablanmış siyasətdir. Ermənistan vətəndaşına, Ermənistan cəmiyyətinə nə Azərbaycan torpaqları gərəkdir, nə də bu kontekstdə hər hansı problemin olması vacib deyil. Bu problemə bağlı olması Ermənistanı regionun böyük layihələrindən kənarda qoydu. Bu ölkə irimiqyaslı investisiyalardan məhrum olur, əhali ağır sosial durumuna görə durmadan Ermənistanı tərk edir. Hazırda bu ölkədə bir milyondan bir qədər çox əhali yaşayır. Ermənistan rəhbərliyinin problemləri həll edə bilmədiyi bir dövrdə təcavüzkar, işğalçı siyasəti, müxtəlif təxribatları davam etdirmə cəhdi yalnız hansısa gücə malik olduğunu göstərmək mahiyyəti daşıyır. Yəni, yalançı vətənpərvərlik ruhunda Dağlıq Qarabağ məsələsini qaldırmaqla, cəbhə xəttində mütəmadi təxribatlar törətməklə, o olmayan nüfuzunu qaldırmağı, həmçinin xaricdəki radikal, millətçi diaspor dairələrindən növbəti yardımlar almağı planlaşdırır. Şübhəsiz ki, bu, Ermənistanı uçuruma aparır. Ermənistan min ildən sonra əldə etdiyi dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşir. Ancaq Ermənistanın taleyini həll edənlər üçün bu ölkə deyil, özlərinin hakimiyyət hərisliyi, maddi maraqları daha üstün sayılır.
- Dünya dövlətləri, beynəlxalq təşkilatlar, dövlət rəsmiləri münaqişə ilə bağlı mövqe bildirərkən birmənalı şəkildə ərazi bütövlüyü, beynəlxalq hüquq normaları məsələsini qeyd edirlər. Lakin heç kəs təcavüzkarı öz adı ilə çağırmır, işğalçıya təzyiq göstərmir. Prezident İlham Əliyevin də müşavirədə bildirdiyi kimi, hətta işğalçıya sual da vermirlər ki, Ermənistan qoşunları Azərbaycan ərazisində nə gəzir. Sizcə beynəlxalq aləmin belə yanaşması nədən qaynaqlanır?
- Ermənistanın beynəlxalq aləmdə hər hansı dəstəyindən danışmaq olmaz. Rəsmi İrəvanın mövqeyi nə dövlətlər, nə də beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmir. Ermənistandan başqa dünyada Azərbaycanın ərazi bütövlüyünü tanımayan, torpaqlarımızın işğalı faktını etiraf etməyən ölkə yoxdur. Sadəcə böyük dövlətlər bu məsələdə Ermənistana loyal yanaşırlar. Məsələn, əgər qonşu İran İslam Respublikası Ermənistandan Azərbaycan torpaqlarından silahlı qüvvələrini çıxarmağı tələb etsə idi, Dağlıq Qarabağ problemi çoxdan həllini tapardı. Amma İran bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən də Ermənistana yanacaq, ərzaq yardımı edir, onun iqtisadi problemlərinin həllinə dəstək verir. Həmçinin İranın Ermənistanla hərbi əməkdaşlıq etməsi də işğal faktının uzanmasına səbəb olan məsələlərdəndir.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunmaması bütövlükdə regiona necə təsir edir?
- İstənilən münaqişədə həm münaqişəyə cəlb olunan ölkələr, həm də region müəyyən problemlərlə üz-üzə qalır. Məsələn, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlaması regionda Qafqaz evi ideyasını sual altında qoyur. Regionda böyük layihələrin həyata keçməsi qeyri-mümkün olur. Ölkələri silahlanmaya çox böyük vəsait ayırmaq məcburiyyətində qoyur. Təbii ki, bütün hallarda bu problemdən ən çox əziyyət çəkən, ən çox uduzan Ermənistan olur. Bunlarla yanaşı, region müharibə təhlükəsinin daim yaşandığı bir bölgəyə çevrilir.
- Problemin həlli baxımından 2015-ci ildən gözləntiləriniz nədən ibarətdir?
- Problemin həlli üçün ümidlər hər zaman var. Birincisi beynəlxalq hüquq Azərbaycan tərəfindədir. Ölkəmizin mövqeyi bütün dünyada dəstəklənir. Azərbaycan hazırkı dar situasiyadan da yararlanaraq, özünün güclü dövlətini, güclü iqtisadiyyatını, güclü silahlı qüvvələrini qura bilib. Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyi birmənalıdır: Ermənistan ölkəmizin ərazi bütövlüyünü tanımalıdır. Bu istiqamətdə Azərbaycanın mövqeyi danışıqların da məhz bu çərçivədə getməsi üçün zəmin yaradır. Heç şübhəsiz, 2015-ci ildə də Azərbaycan problemin həlli üçün maksimum çalışacaq, hər iki varianta üstünlük verəcək. Ancaq, problemin məhz 2015-ci ildə həll edilməsi təəssüf ki, Azərbaycandan asılı deyil.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər