• cümə, 29 Mart, 11:04
  • Baku Bakı 5°C

Ermənistan beynəlxalq hüquq normalarını həzm edə bilmir

23.07.20 18:11 781
Ermənistan beynəlxalq hüquq normalarını həzm edə bilmir
Artıq ikinci dəfədir ki, Ukrayna ermənilərə yerini göstərir

Bəlli olduğu kimi, Azərbaycan-Ermənistan sərhədində yaşanan son erməni təxribatında ölkəmizin haqq işini müdafiə edən çoxsaylı dövlətlər sırasında Ukrayna da oldu. Torpaqlarının bir qismi işğal altında olan Ukrayna dövlətlərin ərazi bütövlüyünün qorunub saxlanılmasını zəruri sayır. Bu mövqeni bəyan etməsi isə işğalçı Ermənistanda ciddi təşviş və etirazlarla qarşılandı. Hətta iş o yerə çatdı ki, Ermənistan Yerevandakı Ukrayna səfirini nazirliyə çağırıb, ona etirazını bildirib. Bu azmış kimi bir qrup erməni vandal səfirliyin binasını yumurta atəşinə tutdular. Bu addım Kiyevdə ciddi narazılıq doğurdu. Ukraynanın müxtəlif şəhərlərində son sərhəd hücumuna etiraz olaraq soydaşlarımızın keçirdiyi aksiyalara ukraynalılar da qoşulub. Yeri gəlmişkən, baş verənlər neçə gündür ki, medianın diqqət mərkəzindədir. Rusiya tərəfindən yaradılan "Rubaltik.ru” portalı Ukraynanın son qərarına Ermənistanda olan narazılıqdan bəhs edib. Məqalədə bir sıra ziddiyyət doğuran məqamlar olsa da, əsas hədəf Ermənistan seçilib. Bu ölkənin suveren, müstəqil siyasət yürütmək imkanının olmaması əsas xətt kimi götürülür. Müəllif əvvəlcə yazır ki, Ukrayna münasibətlərini korladığı ölkələrin siyahısını artırıb. Kiyevin Azərbaycanla Ermənistan arasında yaşanan son sərhəd qarşıdurmasında Yerevanın deyil, Azərbaycanın yanında olması xüsusi vurğulanır. Ukrayna XİN-in yaydığı bəyanatda Ermənistan silahlı qüvvələrinin Tovuzda mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən dərin narahatlıq ifadə edilib. "Ukrayna hesab edir ki, münaqişə sülh yolu ilə, beynəlxalq hüququn qəbul olunmuş prinsip və normaları, habelə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllini tapmalıdır. "Ukrayna tərəfi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır”, - deyə bəyanatda qeyd edilib.
Nəşr yazır ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində qorunub saxlanmasını müdafiə etdiyini bildirib. Bu da Ermənistan tərəfini özündən çıxarıb. Ukrayna səfiri İvan Kulebunu (Ukrayna xarici işlər nazirinin atası) Ermənistan XİN-ə çağırıblar. Rusiya nəşri yazır ki, bu artıq ikinci dəfədir ki, Ukrayna tərəfi ermənilərə qarşı hörmətsizlik edir. Yazda Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar qondarma erməni soyqırımı ifadəsini işlətməkdən imtina etməyə çağırış etmişdi. Dərhal da ermənilər onu türkpərəst mövqe nümayiş etdirməkdə ittiham etmişdilər. Bu sənəd çox ciddi rezonans doğurmuşdu. Qəzetə müsahibəsində erməni jurnalist Aşot Qazazyan bildirib ki, bu gün Ermənistan və Ukrayna arasında münasibətlər birbaşa Rusiyadan asılıdır. Söhbət beynəlxalq meydançalarda Ukrayna üçün prinsipial əhəmiyyət kəsb edən məsələlərdə erməni dəstəyindən gedir. Rusiya nəşri Ermənistanın aciz, forpost və müstəqil dövlət olmadığını belə xarakterizə edir: "Kiyevdə başa düşmək istəmirlər ki, Yerevanın manevr etmək imkanları məhduddur. Buna baxmayaraq, Krım məsələsində Yerevandan qətiyyət gözləyirlər. Eyni şeyi də Yerevandan Kremldə tələb edirlər. Ermənistanın özünün də problemləri başından aşır. Dağlıq Qarabağı işğal altında saxlaması ilə bağlı ortaya çıxan problemlər, pandemiya və Azərbaycanla sərhəd qarşıdurması”. Məqalədə daha sonra bildirilir ki, bu gün iqtisadi cəhətdən dövlətlərə Türkiyə və Azərbaycanla əməkdaşlıq etmək sərf edir. Belə olan halda bu ölkələrin siyasi cəhətdən dəstəklənməsi başadüşüləndir. Kiyevin Azərbaycan-Türkiyə tandeminə dəstəyi düzgündür. Bunu Ukraynanın milli maraqları tələb edir. Gürcü jurnalist Georgi Avlediani isə xatırladır ki, Ukrayna və Ermənistan arasında çoxdan bəridir ki, isti münasibətlər mövcud deyil. Bu da dövlətlərin öz siyasi istiqamətlərini seçmələri ilə bağlıdır. Kiyev Vaşinqtona doğru istiqamət götürüb, Yerevan isə Moskvaya. Əks-arqument kimi isə Qərbə istiqamət götürmüş Gürcüstanı və Rusiyanın müttəfiqi Ermənistanı göstərir. Jurnalist bildirir ki, Ukraynanın Azərbaycanla həmrəyliyi onda təəccüb doğurmur. Özü ərazi bütövlüyünün pozulması problemini yaşayan Ukraynanın Azərbaycanı müdafiə etməməsi məntiqsizlik olardı. Ukraynalı analitik İlya Kusa hesab edir ki, Ermənistanla Ukrayna arasında irimiqyaslı münaqişə haqqında danışmaq olmaz. Hələ ki, Kiyev Azərbaycan-Ermənistan münaqişəsində rəsmi mövqeyini dəyişməyib. Hazırkı anda diplomatik insident yaşanır və onun gedişində standart prosedur tətbiq edilib, Ukrayna səfiri Ermənistan xarici siyasət idarəsinə çağırılıb. Politoloq və iqtisadçı Vsevolod Stepanyuk əmindir ki, Ukrayna bütün münaqişələrdə Rusiyaya və onun müttəfiqlərinə qarşı mövqe nümayiş etdirir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər