Ermənistan avropalı diplomatı ölkədən qovmaqla hədələyir
Ermənistan
hakimiyyət orqanları ilə Avropa İttifaqının bu ölkədəki xüsusi nümayəndəsi Petr
Svitalski arasında qalmaqal səngimir. Belə getsə, hakimiyyət xüsusi nümayəndəni
ölkədən qovacaq. Rəsmi Yerevan onu ölkənin daxili işlərinə qarışmaqda ittiham
edəndən sonra gözlənilirdi ki, xüsusi nümayəndə fikirlərini geri götürəcək,
hətta verdiyi açıqlamaları təkzib edəcək. Lakin belə olmayıb. Ötən gün avropalı
diplomat növbəti dəfə bəyan edib ki, "mən çox şadam ki, ermənilər Ermənistanın
suverenliyinə təhlükənin bizim dost münasibətlərdən deyil, başqa yerdən
gəldiyini anlayırlar”. Səfir açıq şəkildə bildirməsə də, onun Rusiyanı nəzərdə
tutduğunu bildirənlər var. Svitalski eyni zamanda, Ermənistan vətəndaşlarına
viza rejiminin liberallaşdırılması məsələsində dözümlülük nümayiş etdirməyə
çağırıb. Onun sözlərinə görə, heç kim viza rejiminin liberallaşdırılması ilə
bağlı məsələni gündəlikdən çıxarmayıb: "Bunu ermənilər özləri müəyyən
etməlidir. Gürcüstan və Ukraynanın təcrübəsi göstərir ki, bunun üçün ciddi hüquqi
razılaşmalar gərəkdir”.
Avropa İttifaqının xüsusi nümayəndəsi Ermənistanın
seçki sistemi ilə bağlı səsləndirdiyi bəyanatları da bir daha təsdiq edib.
Səfir növbəti dəfə bildirib ki, Ermənistanda son parlament seçkiləri göstərdi
ki, Mərkəzi Seçki Komissiyası demokratik kriteriyalardan nə qədər uzaqdır.
Aİ-nin Ermənistanda Seçki Məcəlləsinin yenidən qurulması üçün 7 mln. avro
ayrılması barədə qərar qəbul etdiyini bildirən diplomat rəsmi Yerevanı bütün bu
təklifləri qulaqardına vurmaqda günahlandırıb. Diplomatın qənaətincə, problemin
aradan qaldırılması üçün MSK-nın tərkibi dəyişdirilməli və ora vətəndaş sektorunun
nümayəndələri salınmalıdır. Diplomat bəyan edib ki, Ermənistan hakimiyyəti
Seçki Məcəlləsini öz maraqlarına uyğun formalaşdırmaq istəyir. "Lakin dünyada
Seçki Məcəlləsi ayırıcı məsələ olmur. Belə bir halı Ermənistanda müşahidə etmək
olur. Mənim sizə məsləhətim – Seçki Məcəlləsini yaxşılaşdırın. Seçkilər
göstərdi ki, qaydalar təkmilləşdirilməlidir və ermənilər üçün ən əsası, seçki
institutlarına etibarın formalaşdırılmasıdır. Ümumiyyətlə, ermənilər üçün
Mərkəzi Seçki Komissiyası çox əhəmiyyətli məsələdir. Mən adıçəkilən qurumun
işini bəyənirəm. Lakin bu struktur böyük ictimai etibar qazanmalıdır. Söhbət
hamı tərəfindən qəbul olunmaqdan gedir”, - deyə o bildirib. Avropa İttifaqının
xüsusi nümayəndəsi Ermənistanda indiyə qədər keçirilən seçkilərlə də bağlı
fikirlərini bölüşüb. Onun sözlərinə görə, heç kim Ermənistanda keçirilən
seçkiləri keyfiyyətli, tam saya bilməz: "Ermənistanın can atdığı demokratik
standartlara çatdığını söyləmək olmaz. Bu, hələ prosesdir. Biz deyə bilərik ki,
yolun yarısındayıq. Bu məqsədə çatmaq üçün 25 il gərək oldu”. Avropalı diplomat
onu da qeyd edib ki, gələcəkdə keçiriləcək seçkilərin standartlara cavab
verəcəyini söyləmək çətindir.
Ardınca
da rəsmi Yerevan onu ölkənin daxili işlərinə qarışmaqda ittiham edib. Avropalı
diplomatın fikirləri Ermənistan hakimiyyətində növbəti dəfə kəskin narazılıq
doğurub. Hakim Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard
Şarmazanov səfirin Rusiyanı nəzərdə tutması barədə fikirləri şərh edib. O,
bununla bağlı hər hansı bir fikir söyləyə bilmədiyini deyib. Avropa İttifaqının
xüsusi nümayəndəsini ölkəsinin daxili işlərinə qarışmamağa və siyasi korrektəni
saxlamağa çağırıb. Parlamentin vitse-spikeri vəzifəsində çalışan Şarmazanov P.Svitalskinin
diqqətinə çatdırıb ki, Ermənistan suveren dövlətdir. "Biz etiraf edirik ki,
Avropa İttifaqı üzrə tərəfdaşlarımız təkliflər verə, qiymətləndirmələrlə çıxış
edə bilərlər. Lakin bu təkliflər və iradlar korrekt, diplomatik dillə ediləndə
daha yaxşı olur. Hərdən insanlar yaddan çıxararlar ki, Ermənistan suveren
dövlətdir və Mərkəzi Seçki Komissiyasının tərkibi ilə bağlı məsələ, reytinq
sistemi, seçkilər Ermənistan parlamentində təmsil olunan siyasi qüvvələrinin
monopoliyasıdır”.
Azər