• cümə axşamı, 25 aprel, 12:52
  • Baku Bakı 23°C

“Ermənistan Avrasiya İqtisadi Birliyi üçün artıq yükdür”

03.06.14 08:58 2027
“Ermənistan Avrasiya İqtisadi Birliyi üçün artıq yükdür”
Mayın 29-da Qazaxıstanın Astana şəhərində Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko Avrasiya İqtisadi Birliyinin (AİB) yaradılması haqda saziş imzalayıblar. Bu məqsədlə keçirilən tədbirdə Ermənistan prezidenti Serj Sərkisyan da iştirak edib. O, ölkəsinin AİB-ə üzvlüyə hazır olduğunu bəyan etsə də, Qazaxıstan prezidenti Ermənistanın Avrasiya İqtisadi Birliyinə BMT-nin tanıdığı sərhədləri çərçivəsində qoşula biləcəyini bəyan edib.
Həmin bəyanatdan sonra Azərbaycanın Prezident Administrasiyası (PA) rəhbərinin müavini və Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində paylaşdığı statusunda ölkə başçısı İlham Əliyevin V.Putin, N.Nazarbayev, A.Lukaşenkoya məktub göndərdiyini yazıb. Bildirib ki, prezidentlərə məktubda Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsi ilə bağlı Azərbaycanın mövqeyi çatdırılıb. AİB-in yaranması, perspektivləri, bu ittifaqın SSRİ-nin dirçəldilməsi kimi qələmə verilməsi və oraya yeni ölkələrin üzv olması, Ermənistan qarşısında qoyulan şərt, rəsmi Bakının AİB-ə münasibəti və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.
- Elxan müəllim, uzun müddətdir barəsində danışılan, müxtəlif proqnozlar verilən AİB-in yaradılmasını, qurumun perspektivini necə qiymətləndirirsiniz?

- Hələlik AİB-in perspektivi aydın görünmür. XX əsrin 90-cı illərində SSRİ dağılanda da Rusiyanın dəstəyi ilə Müstəqil Dövlətlər Birliyi (MDB) yaranmışdı. O zaman deyirdilər ki, bu, inteqrasiya olunan birlik olacaq, birlik daxilində bir çox problemlər öz həllini tapacaq və sair. Ancaq illər keçdikcə məlum oldu ki, MDB amorf bir quruma çevrilib. Bu qurum heç bir ölkənin problemini həll etmək iqtidarında deyil, inteqrasiyanı da istiqamətləndirməyi bacarmır. İndi də AİB yaradılıb və oxşar açıqlamalar verilir. Vladimir Putin hələ prezident olmazdan əvvəl “İzvestiya” qəzetində məqalə ilə çıxış etmişdi. O, bu məqalədə AİB-in yaradılması zərurətini ortaya qoyurdu. Əslində isə bu ideya yeni deyildi. Çünki Qazaxıstan prezidenti Nazarbayev 1990-cı illərin əvvəllərində, Putindən əvvəl belə bir ideyanı irəli sürmüşdü. O, “Nezavisimaya qazeta”dakı bir səhifəlik məqaləsində konkret arqumentlər irəli sürür, AİB-in yaradılmasının vacibliyini əsaslandırırdı. Xeyli müddət sonra Putin bu ideyanı öz adına çıxdı və belə bir təşəbbüslə çıxış etdi. Ötən həftə isə 3 dövlət AİB-in yaranması barədə saziş imzaladılar. Bununla elə zənn etmək olar ki, hər üç dövlət bir qurumda birləşirlər və bu ölkələr arasında inteqrasiya prosesləri sürətləndirilir. Doğrudur, Rusiya, Belarus və Qazaxıstan arasında müəyyən bağlılıq var, amma bu o demək deyil ki, bu dövlətlər razılaşdırılmış siyasət yürüdürlər. Konkret misal üçün Belarus və Rusiya arasında münasibətləri göstərmək olar. Guya hər iki dövlət strateji müttəfiqdirlər. Amma ara-sıra görürük ki, Lukaşenko Rusiyanın yürütdüyü siyasətdən necə qəzəblənir. Bundan başqa, Belarusda iqtisadi model tamamilə fərqlidir, özəlləşdirilmə aparılmayıb, əksər müəssisələr yenə də dövlətin əlindədir. Rusiyada isə tamamilə fərqli iqtisadi durumdur. Ona görə də bəzi hallarda Rusiya və Belarus ümumi dil tapmaqda çətinlik çəkirlər. Buna rəğmən, Putin AİB-i Avropa İttifaqına (Aİ) bərabər qurum kimi görür və istəyir ki, gələcəkdə onunla rəqabətə girsin. Hətta Ermənistan və Qırğızıstandan başqa, keçmiş SSRİ-yə daxil olmayan ölkələri də bu birliyə daxil olmağa çağırır.
- Bir çox ekspertlər AİB-in yaranmasını SSRİ-nin bərpası istiqamətində atılan addım kimi qələmə verirlər. Bu bənzətmə düzgündürmü?

- Düzdür, bəzən AİB-i keçmiş SSRİ-yə də bənzədirlər. Şəxsən mən bu bənzətməni düzgün saymıram. Çünki SSRİ imperiya idi. AİB-də iqtisadi inteqrasiyadan başqa, ortaq siyasi məsələlərin müzakirəsi də gündəmə gələ bilər. Amma düşünmürəm ki, bununla da AİB güclü quruma çevrilsin, hətta Aİ ilə bərabərhüquqlu rəqabət apara bilsin. Bunun üçün yaxın tariximizə nəzər salmaq kifayətdir. MDB yarananda da bəzi ekspertlər eyni mövqedən çıxış edirdilər. MDB-ni SSRİ-nin bərpası kimi görür, narahatçılıq keçirir, qəti şəkildə buna qarşı çıxırdılar. Amma zaman göstərdi ki, MDB nəinki SSRİ-nin bərpası oldu, heç xırda məsələləri də həll edə bilmədi. Artıq bu gün heç kim MDB-nin SSRİ ilə bənzətməsini aparmır. Bu kimi səbəblərdən, düşünmürəm ki, AİB də SSRİ-yə çevrilsin. Çünki heç bir dövlət öz müstəqilliyindən vaz keçməz. Nə Qazaxıstan, nə Belarus buna getməz. Müəyyən ortaq mövqe nümayiş etdirə bilərlər, lakin heç bir dövlət tamamilə Rusiyanın inhisarı altına girmək istəməz. Bunun əziyyətini keçmiş ittifaqın əksər ölkələri görüb. Yalnız Ermənistan Respublikasıdır ki, bu ölkə qul kimi Rusiyanın, Kremlin əmrlərini can-başla, dinməz-söyləməz yerinə yetirir. Son olanları gözdən keçirəndə elə təəssürat yaranır ki, elə bil Ermənistan bu gün də SSRİ-dən ayrılmayıb. Faktiki olaraq bu ölkənin sərhədlərini Rusiya qoşunları qoruyur, rusların hərbi bazaları Ermənistan ərazisində indi də fəaliyyət göstərir, burada əksəriyyət fabrik və zavodlar Rusiyaya məxsusdur, kreditlər ruslardan alınır və sair. Asılı bir dövlət kimi Ermənistan Rusiyanın bütün əmrlərini yerinə yetirir. Amma keçmiş ittifaqın digər dövlətləri barədə bunları söyləmək olmaz.
- AİB-in yaradılması tədbirində N.Nazarbayev ittifaqa qondarma Dağlıq Qarabağla birgə daxil olmağa hazırlaşan işğalçı dövlətə bəzi tələbləri xatırladıb. Bildirib ki, Ermənistanın bu quruma üzvlüyü yalnız BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində mümkündür. Qazaxıstan Prezidentinin bu açıqlamasını necə dəyərləndirirsiniz?

- Belə mövqe AİB-in Ermənistana vurduğu güclü şapalaqdır. Əslində, bununla Ermənistan özünü təhqir olunmuş saymalıdır. Çünki rəsmi İrəvan özü yalvararaq AİB-ə üzv olmağa çalışırdı. Amma AİB Ermənistana küncü göstərdi. Bu da birinci dəfə deyil ki, baş verir. Bundan öncə Belarus prezidenti Lukaşenko da Azərbaycanın maraqlarının nəzərə alınmasını tələb etmişdi. Baxmayaraq ki, Azərbaycan AİB-ə üzv olmur, amma ölkəmizin o dövlətlərlə iqtisadi-ticari əlaqələri Ermənistanla müqayisədə daha genişdir. Ona görə də Belarus və Qazaxıstan haqlı olaraq Azərbaycanın maraqlarını müdafiə edirlər. Bundan başqa, Azərbaycan Prezidenti AİB-in yaradılması mərasimində iştirak edən 3 ölkə başçısına məktub göndərib, dövlətimizin maraqlarını ifadə edib. Ermənistan prezidenti heç cür bunun qarşısını ala bilməyib. Azərbaycan prezidentinin göndərdiyi məktubun məğzinin Qazaxıstan prezidenti tərəfindən diqqətə çatdırılması da önəmlidir. Azərbaycan tərəfi anlayır ki, Ermənistanın himayəçisi Rusiyadır. Ona görə də Rusiya vasitəsilə deyil, Qazaxıstan xətti ilə bu məktub yollanıb və Nazarbayev tərəfindən oxunub. Bununla Ermənistana layiq olduğu yer göstərilib. Əslində Ermənistan AİB üçün artıq yükdür. Bu ölkə birliyə hər hansı töhfə vermək iqtidarında deyil. AİB-ə qoşulsa belə, Ermənistanın işi-gücü kredit, borc almaq olacaq. Ermənistanın AİB-ə üzv ölkələrlə ortaq sərhədləri belə yoxdur. Belarus və Qazaxıstan da bunu yaxşı bilirlər. Yeganə Rusiyadır ki, Ermənistanın yükünü çəkməyə razıdır. Burada təhlükəli bir məqam da var. Baxmayaraq ki, Belarus və Qazaxıstan Azərbaycanın maraqlarını nəzərə alır, onu dilə gətirirlər, gələcəkdə Dağlıq Qarabağda istehsal olunan malların Ermənistanın hiyləgər siyasəti nəticəsində “Made in Armenia” adı altında bu ölkə üzərindən AİB bazarına çıxarılması istisna deyil. Çünki artıq Dağlıq Qarabağda istehsal olunan spirtli içkilər Rusiya bazarında satılmaqdadır. Bu, başqa bazarlara da yol tapa bilər. Ona görə də bizim xarici ölkələrdəki səfirliklərimiz gözdə-qulaqda olmalı, belə hallarla rastlaşdıqları zaman dərhal hərəkətə keçməli, müvafiq tədbirlər görməlidirlər.
- Rusiya rəsmiləri daha geniş bir siyasi və iqtisadi əməkdaşlıq nəzərdə tutan AİB-ə 40 ölkənin müraciət etmək istədiyini açıqlayıblar. Qeyd olunub ki, artıq Hindistan, Yeni Zelandiya, Vyetnamla yanaşı, Türkiyə də inteqrasiya layihəsinə qatılmağa hazır olduqlarını bəyan ediblər. Sizcə, NATO üzvü, Şimali Atlantika Alyansının Şərq gücü hesab olunan Türkiyənin bu quruma qoşulması realdırmı?

- Hələlik bunlar ancaq şayiələrdir. Mən də eşitmişəm ki, Türkiyə AİB-ə maraq göstərir. Türkiyə bu birliyə maraq da göstərə bilər, hətta assosiativ üzv də ola bilər. Lakin Türkiyənin AİB-in tam hüquqlu üzv olacağına inanmıram. Bəli, Avropa İttifaqı Türkiyəni illərdir incidir. İmkan vermir ki, Türkiyə Aİ ailəsinə daxil olsun. Bu, rəsmi Ankaranı incik salıb və nəticədə Türkiyə hökuməti alternativ yollara baş vurur, Şərqə doğru istiqamətlənmək, Çinlə, Rusiya ilə iqtisadiyyat, energetika sahələrində əməkdaşlıq etmək istəyir. Bu, müstəqil respublika kimi Türkiyənin hüququdur. Bununla bərabər, Türkiyə NATO-nun üzvüdür. NATO üzvü olan bir ölkənin Rusiya ilə birgə inteqrasiya proseslərində, birgə təşkilatda yer alması ciddi suallar doğurur. Rusiyanın siyasəti – “Ya mənimləsən, ya da mənə qarşısan” prinsipi üzərində qurulub. Ona görə də Türkiyə nə qədər Aİ-dən ilə incik olsa da, hədəfi yenə də bu İttifaqa üzvlükdür. Türkiyə NATO-dan da çıxası deyil. Ola bilsin ki, Türkiyə “bütün yumurtaları eyni səbətə qoymaq” istəmədiyindən, AİB-ə maraq göstərir, müəyyən müzakirələrdə iştirak edir. Ancaq Türkiyənin AİB-in tam hüquqlu üzvü olacağını güman etmirəm.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər