• çərşənbə, 24 Aprel, 05:25
  • Baku Bakı 14°C

Ermənistan ABŞ-ın qəzəbinə tuş gəlib

15.02.18 16:00 558
Ermənistan ABŞ-ın qəzəbinə tuş gəlib
ABŞ Ermənistanı "qara siyahı”ya salınmış Rusiya şirkətləri ilə sazişlər bağlayacağı təqdirdə, sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq edib. Ermənistanın "Aykakan Jamanak” qəzeti xəbər verir ki, bu barədə ABŞ-ın Yerevandakı səfirliyinin bəyanatında bildirilib. "Biz hökuməti və bir sıra ölkələrin özəl şirkətlərini Rusiyanın adı siyahıda olan şirkətləri ilə əhəmiyyətli sazişlər imzalanacağı təqdirdə, sanksiyalar tətbiq edilə biləcəyi ilə bağlı xəbərdar etdik", - ABŞ diplomatik missiyasından bildirilib. Nəşr qeyd edir ki, kontekstdən "əhəmiyyətli sazişlər” deyərkən nə nəzərdə tutulduğu aydın olur. Xatırladaq ki, ötən ilin dekabrında Ermənistan prezidenti Serj Sarkisyan daha əvvəl ölkə parlamentinin qəbul etdiyi, Rusiyadan 100 milyon dollar məbləğində silah alınması üzrə sazişi ratifikasiya edib. "Digər ölkələrin Rusiyadan hərbi-kəşfiyyat vasitələri almasını məhdudlaşdıraraq, Rusiyanı onların satışından əldə olunacaq gəlirlərdən məhrum edirik. Çünki bu gəlirlər beynəlxalq mənfi təsir və qeyri-sabitlik kampaniyasını davam etdirilməsi üçün istifadə edilə bilər”, - deyə ABŞ-ın Ermənistandakı səfirliyindən vurğulanıb. Qeyd edək ki, Ermənistanın maliyyə naziri Vardan Aramyan sanksiya riski olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Yerevan üçün problemli vəziyyət yaranacağı halda, amerikalı tərəfdaşları ilə danışıqlara başlayacaqlar.

Beləliklə, ABŞ sanksiyalarının miqyasının daha geniş coğrafiyanı əhatə edəcəyi barədə proqnozlar reallığa çevrilir. İlk növbədə Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edənlərin hədəfə alınacağı artıq reallaşıb. Lakin ABŞ-ın xəbərdarlığı sözsüz ki, daha qlobal kontekst kəsb edir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə birbaşa təsir edə bilər. Erməni tərəfi bu məlumatdan dərhal sonra iddia edib ki, belə bir xəbərdarlıq məktubu Azərbaycana da göndərilə bilər. Lakin məsələ ondadır ki, Azərbaycan Ermənistandan fərqli olaraq, hərbi-texniki əməkdaşlıq məsələlərində çoxşaxəli siyasət yürüdür. Məsələn, Azərbaycan hərbi sahədə İsrail, Türkiyə və digər ölkələrlə sıx əməkdaşlıq edir. Ermənistan isə yalnız Rusiya ilə əməkdaşlıq edir. Bundan əlavə Rusiyanın tam siyasi və iqtisadi asılılığındadır. Lap imkan verilsə belə, onun buna iqtisadi potensialı imkan vermir. Azərbaycan isə bu sahədə daha əlverişli vəziyyətdədir. "Vestnik Kafkaza” yazır ki, baxmayaraq ki, Rusiya Azərbaycana 4 milyardlıq hərbi-sursat, texnika satıb, Bakı geniş hərbi əməkdaşlıq coğrafiyasına malikdir.

Ümumiyyətlə, Trampın hakimiyyətə gəlişi ilə bir sıra postsovet ölkələrinə, o cümlədən Ermənistana ayrılan yardımlarda azalma müşahidə edilməkdədir. Yeri gəlmişkən, yanvarın sonunda ABŞ səfirliyi ötən il üçün Ermənistanın investisiya mühiti ilə bağlı hesabat dərc edib. Burada investorlar üçün vəziyyətin əlverişli olmadığı xüsusi vurğulanıb. Xüsusən də hakimiyyət orqanları iqtisadiyyatı monopollaşdırmaqda ittiham olunublar. "Vestnik Kafkaza”a bu hesabatın nə qədər həqiqəti əks etdirdiyini şərh edən erməni eksperti Arman Gevorkyan bildirib ki, məlumat tam şəkildə həqiqəti əks etdirir. "Burada qeyri-adi, gözlənilməz və ekstaordinar nəsə yoxdur. Hakimiyyətin bir sıra biznesmenlərə tam şəkildə himayədarlıq etdiyini 15 ildir ki, təkrarlarıyıq. Ermənistan iqtisadiyyatının demonopolizasiyası və yaxud rəqabət qabiliyyətinin artırılması - siyasi məsələdir. Siyasi məsələlər isə prezidentin nəzarəti altındadır. O isə monopoliyalardan mənfəət əldə edən dairələrin dəstəyinə malikdir. Buna müvafiq olaraq prezident cavabında monopolizasiya kursunu götürür. Burada kimin nəyə cavabdeh olduğunu bölmək gərəkdir. 2000-ci illərdən başlayaraq bütün hökumətlər iqtisadiyyatın monopoliyadan azad olunması məsələsini həll edə bilməyiblər. Səbəb də qeyd edildiyi kimi, onların siyasi qərarlar qəbul edə bilməmələridir. İndi hökumətə bu məsələdə nəsə bir irad bildirmək o qədər də düz deyil - bu hökumət il yarımdır fəaliyyət göstərir və 2000-ci illərdən yığılıb qalan problemləri həll etmək iqtidarında deyil. Siyasi hakimiyyət prezidentin əlində cəmləşib, hökumətin yox”, - deyə ekspert vurğulayıb. Qeyd edək ki, hesabatda ölkədə oliqopoliya (bazarın elə bir növüdür ki, bu cür bazarlarda sadəcə, bir neçə dominantfirmafəaliyyət göstərir. Bufirmaların hər biri bazarda xeyli yer tutur və qiymətinformalaşması prosesinə təsir edə bilir. Başqa sözlə, oliqopoliya, eyni fəaliyyət sahəsində bir-birinə təsir edəcək qədər az sayda firma qarşısında çox sayda alıcının olduğunu ifadə edir - müəl.) olduğu da əks olunub. Ekspert bildirir ki, belə bir halın mövcudluğunu hələ sabiq baş nazir Tiqran Sarkisyan da etiraf edirdi. Lakin o bütün bunları həll edə bilmir, nəzarət prezidentin əlindədir.

Hesabatda investorların Ermənistanın məhkəmə-hüquq sisteminə etibarının olmadığı da vurğulanır. Səbəb kimi də onların müstəqil olmadığı vurğulanır. Erməni ekspert bunun da həqiqəti tam şəkildə əks etdirdiyini bildirib. Onun sözlərinə görə, məhkəmə qərarları icra strukturlarının tapşırığını yerinə yetirir. "Digər tərəfdən, son 20 ildə məhkəmə sistemi ilə bağlı bütün islahatlar Qərb ekspertlərindən daxil olub. Bütün bu islahatlar Avropa İttifaqı ölkələrindən maliyyələşib. Bütün bunlara baxmayaraq, vəziyyət günbəgün pisləşir. Avropa İttifaqı son illər ərzində məhkəmə-hüquq sahəsində islahatların həyata keçirilməsinə 20 milyon avro vəsait ayırıb. Lakin avropalı vergiödəyiciləri bu vəsaitlərin hara sərf olunduğunu və effektin necə olduğunu bilirlərmi? Yəni islahatlar prosesi üzərində normal nəzarət mövcud deyil. Ermənistan hakimiyyət orqanlarının siyasi iradəsi mövcud deyil. Lakin məsuliyyəti tək bizim hakimiyyət deyil, həm də Qərbin məsləhətverici strukturları daşıyır”, - deyə o əlavə edib. Onun sözlərinə görə, əsas problem korrupsiya olaraq qalır: "Ermənistanda guya 20 ildən artıqdır ki, korrupsiyaya qarşı mübarizə aparır. Birincisi, bəllidir ki, Ermənistan bu məsələdə üzərinə düşən beynəlxalq öhdəlikləri yerinə yetirmir. İkincisi, kütləvi informasiya vasitələri korrupsiya məlumatları ilə bağlı faktlarla doludur. Hüquq-mühafizə orqanları isə icra strukturlarının sifarişi ilə oturub-dururlar. Bu planda Ermənistan digər ölkələrdən heç nə ilə fərqlənmir. Korrupsiyaya qarşı real mübarizə aparılmır. Bu məsələ də siyasi məsələdir”. Ekspert hakimiyyət daxilində məsuliyyətin bölgüsünə toxunaraq əlavə edir ki, hesabatda bu məsələ də əks olunub. Hesabatda, ölkədəki gərgin vəziyyətin birbaşa baş nazir Karen Karapetyanın nüfuzuna təsir etdiyinə toxunan ekspert hesab edir ki, bütün bu problemlərin həlli siyasi olmalıdır. "Baş nazir isə siyasi mandata malik deyil”, - deyə o, fikrini tamamlayıb.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər