Erməniləşən fransız
Fransa Azərbaycan Ordusunun
bölgədə yaratdığı yeni reallıqla barışa bilmir
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri
əsasında sülh yolu, danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur.
Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında
Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq
Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin
sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında
qərar qəbul edilib. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən
Zirvə toplantısında isə həmsədrlik institutu təsis olunub. Minsk konfransına
iki həmsədrin təyin olunmasına və Minsk qrupunun iclaslarının onların birgə
həmsədrliyi ilə keçirilməsi barədə qərar verilib. Minsk prosesinin həmsədrlik
institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra
1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci
ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa
başçılıq etməyə başlayıb. 1997-1998-ci illərdə Ermənistan-Azərbaycan
münaqişəsinin həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən üç
təklif tərtib edilib. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə
Azərbaycan tərəfindən qəbul olunmayıb. Nəticə etibarilə 2020-ci ilin sentyabr
ayına qədər ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib.
Ədalətsiz və beynəlxalq
hüququn prinsiplərinə zidd
Ötən bu illər ərzində böyük təəssüf doğuran məqam Minsk qrupunun
həmsədr dövləti olan Fransanın bitərəflik, neytrallıq nümayiş etdirmək əvəzinə,
münaqişə tərəflərindən birini dəstəkləyən mövqe nümayiş etdirməsidir. Düzdür,
sadəcə Fransa deyil, eləcə də ABŞ və Rusiya da indiyə qədər işğalçı Ermənistanı
öz adı ilə çağırmayıb, ona BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə
yetirməsi üçün hər hansı formada təsir, yaxud təzyiq etməyib. Bu davranışın özü
də ədalətsiz və beynəlxalq hüququn prinsiplərinə ziddir. Lakin istər 44 günlük
Vətən Müharibəsindən öncə və şiddətli döyüşlərin getdiyi günlərdə, istərsə də
münaqişə hərbi yolla həllini tapıb Azərbaycanın ərazi bütövlüyü təmin
olunduqdan sonra Paris rəsmilərinin, deputat mandatı daşıyan, ictimai-siyasi
fəaliyyətinə görə az-çox tanınan fransızların atdığı addımlar, xüsusən də
prezident Emmanuel Makronun qeyri-obyektiv fikirləri, məsuliyyətsiz bəyanatları
daha çox diqqət çəkməkdədir. Fransa kimi Avropanın mühüm ölkəsindən birinin
prezidenti Vətən Müharibəsi dövründə əl-ayağa düşərək ermənilərin dünyada
məzlum, əzilən, haqqı tapdanan, torpağı işğal olunan millət obrazını yaratmaq
üçün bütün vasitələrə əl atdı.
"Kiçik bacı” təəssübü
çəkənlər
Fransanın özü də Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda,
prezident Makron Dağlıq Qarabağın, Şuşanın azərbaycanlılar tərəfindən işğal
olunduğunu, az qala bu yerlərin Ermənistan ərazisi olduğunu iddia edirdi.
Halbuki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozmuşdu, Dağlıq Qarabağ və
ətraf 7 rayon daxil olmaqla ümumilikdə 20 faiz ərazini işğal etmişdi, 1
milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirmişdi. Bütün
bunları görməzdən gələn Qoca Qitənin mərkəz dövlətinin başçısı Şuşada keçirilən
"Xarıbülbül” Musiqi Festivalı sonrası "Facebook” səhifəsində Azərbaycana qarşı
növbəti qərəzli addım atıb. Azərbaycan-Ermənistan sərhədində dəqiqləşdirmə işi
aparıldığı halda, bir qrup təxribatçının məqsədli hay-küyünün, ermənipərəst
dairələrin əsassız iddialarının təsiri altında Emmanuel Makron "Azərbaycan
Silahlı Qüvvələri Ermənistan ərazisinə daxil olub. Onları dərhal ərazidən
çıxarmaq lazımdır” - deyə erməni dilində status paylaşıb. Makron Ermənistana
dostluq mesajı göndərməyi də unutmayıb: "Mən bir daha erməni xalqına deyirəm ki,
Fransa onlarla həmrəydir və belə də qalacaq”.
Fransa İslam və türk
dünyasına qarşı
Maraqlıdır, ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Fransanın
hazırkı prezidenti Emmanuel Makronu Azərbaycana qarşı bu cür qərəzli olmağa,
ermənipərəst mövqe nümayiş etdirməyə nə vadar edir? Mövzu ilə bağlı politoloq Nəzakət Məmmədova bildirib
ki,Fransa prezidentinin ermənipərəst mövqeyi ölkəsinin çoxəsrlik siyasət
ənənələrindən qaynaqlanır. Onun sözlərinə görə, Makronun sərgilədiyi münasibət,
sadəcə Fransada yaşayan 250 mindən artıq erməni icmasının dəstəyini qazanmaqdan
irəli gəlmir: "Parisin siyasətini Napoleon və ondan bu yana Fransaya rəhbərlik
edənlər formalaşdırmayıb. Bu siyasət çoxmilyonluq Fransanın orta əsrlərdəki
ənənəsindən qaynaqlanır. Söhbət Azərbaycana və Türkiyəyə olan mənfi
münasibətdən gedir. Parisin Azərbaycana münasibəti Fransanın İslam və türk
dünyasına olan münasibətinin bir hissəsidir. Təbii ki, Qafqazdakı geosiyasi
maraqlarını qorumaq da bu siyasətin tərkibində ayrıca yer alır. XV-XVI əsrdə Osmanlı
İmperiyasının Avropaya doğru genişlənməsindən start götürən Fransa-Osmanlı
rəqabəti, Fransa krallarının zəifliyi fonunda Osmanlıya qarşı missioner
təşkilatların formalaşdırılması, fransız missionerlərin Osmanlı daxilindəki
erməniləri təşkilatlandırması, təxribatçı fəaliyyətlərlə məşğul olması, erməni
din xadimlərinin Fransaya aparılaraq təlimatlandırılması kimi çoxsaylı faktlar
var. Osmanlı İmperiyasının ərazisində yaşayan və xristian icması olan
ermənilərlə cinayətkar əlaqəyə girən fransızlar ölkəni içəridən zəiflətmək üçün
bütün vasitələrə əl atıblar. Hətta səlib yürüşləri zamanı ermənilər yaxın
Şərqdə səlibçilərə bələdçilik ediblər. Fransa ilə ermənilərin əməkdaşlığının
kökündə məhz bu kimi amillər dayanır. Öz dövləti olmayan ermənilər dünyaya səpələndikləri
üçün bir çox dövlətlər, o cümlədən fransızlar bu etnik azlıqdan öz məqsədləri
naminə, alət olaraq yararlanıblar. 500 ildən artıqdır, bu əməkdaşlıq davam
edir. Bütün bunları nəzərə alsaq, görərik ki, Emmanuel Makron Fransa dərin
dövlətinin, xarici siyasətinin, sadəcə bir elementidir. Türk və İslam
dünyasının bir hissəsi olan Azərbaycan qarşı Fransanın mənfi münasibətinin
kökündə də sadalanan amillər dayanır”.
Erməniləri girova çevirən
"böyük Ermənistan” xülyası
Politoloq deyib ki, ermənilərin fransızlara xidmətləri müqabilində bu
etnik azlıq üçün Qafqazda dənizdən-dənizə "böyük Ermənistan” yaradılması
ideyası ortaya atılıb. N.Məmmədovanın fikrincə, bu planın əsas ideoloqlarından,
müəlliflərindən biri məhz Fransadır: "Təsadüfi deyil ki, uydurma "böyük
Ermənistan” ideyası ilk dəfə Fransadakı erməni diasporu tərəfindən gündəmə
gətirilib. Bu "plana” görə indiki Türkiyənin, Azərbaycanın, İranın, Gürcüstanın
bir çox əraziləri hesabına ermənilərə "böyük dövlət” yaradılacaqdı. Fransanın
Ermənistan ərazisini genişləndirmək, Qafqazda özünün forpost dövlətini yaratmaq
kimi "ideyasına” mane olan, onun qarşısını alan qüvvə Türkiyə və Azərbaycandır.
Belə olan halda Fransa Azərbaycanı da özünə rəqib sayır. Onlara görə Azərbaycan
yad sivilizasiyadır. Amma Ermənistan Fransa, həmçinin Kanada üçün olduqca yaxın
dövlətdir. Bir neçə il bundan öncə Ermənistanda Frankofoniya sammitinin
keçirilməsi, Makronun paytaxt İrəvana gələrək tədbirdə çıxış etməsi, erməniləri
öz həmyerliləri adlandırması, Kanadanın baş nazirinin də ifadə etdiyi dəstək
buna əyani misaldır. Onu da nəzərə almaq lazımdır ki, hazırda Ermənistanda baş
nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Qərbin, daha dəqiq desək,
Fransadakı erməni diasporunun bir layihəsidir. Paşinyanın hakimiyyətə
gəlməsində, onun mövqelərinin güclənməsində Fransa dövlətinin xüsusi rolu olub.
Fransızlar öz "kiçik bacısını” idarə etmək, ona dəstək olmaq üçün hər cür
imkandan yararlanıblar. Fransızlar bu gün də Paşinyanı bütün təzyiqlərdən
qorumaq üçün lazımi addımlar atırlar. Çünki Paşinyanın hakimiyyətdə qalması
Rusiyanın Ermənistan üzərində təsirlərini azaltmağa hesablanıb”.
Azərbaycan Ordusunun
bölgədə yaratdığı yeni reallıq
N.Məmmədova deyib ki, Fransanın 44 günlük Vətən Müharibəsindən sonra
Azərbaycana qarşı daha çox mənfi münasibət sərgiləməsinin əsas səbəblərdən biri
də rəsmi Bakının yararsız, səmərəsiz, fırıldaqçı Minsk qrupundan imtina
etməsidir: "Azərbaycan Minsk qrupunun tərkibində yer alan Fransanın bölgədəki
manipulyasiya, fırıldaqçı əməllərinə son qoyub. 44 günlük Vətən Müharibəsindən
sonra Ermənistanın kapitulyasiyası, Azərbaycan, Rusiya və Ermənistan arasında
imzalanan üçtərəfli saziş Fransanı oyundankənar vəziyyətə salıb. Zəngəzur
dəhlizinin açılması da Fransanı narahat edir. Çünki bu dəhlizin istifadəyə
verilməsi ilə türk dünyası ilə əlaqə bərpa olunur, bölgədə əsas söz sahibi
Türkiyə, Rusiya və Azərbaycan olur. Fransa Azərbaycan Ordusunun bölgədə
yaratdığı yeni reallıqla barışa bilmir və hansısa vasitələrlə yenidən bölgədə
iştirakçılığını saxlamağa çalışır. Minsk qrupunun fəaliyyətinin davam
etdirilməsi kimi təkliflərin meydana atılması bundan qaynaqlanır”.
Erməniləri bədbəxt günə
salanlar
Politoloq Əlimusa İbrahimovda
qəzetimizə açıqlamasında bildirib ki, Emmanuel Makronun Azərbaycanla Ermənistan
arasındakı sərhəd məsələsinə qərəzli münasibət bildirməsi, hətta Azərbaycanı öz
sərhədçilərini Ermənistanın "ərazisindən” çıxarmağa çağırması Fransa
prezidentinin ermənilərin yanında olduğunu sübuta yetirən birinci demarşı
deyil. Həmsöhbətimin fikrincə, 44 günlük müharibə zamanı və ondan sonrakı
proseslərdə Fransa prezidenti dəfələrlə erməniləri müdafiə edən sərsəm
çıxışları ilə yadda qalıb: "Sərhəd hadisəsi zamanı o, bir az da irəli gedərək
Azərbaycana olan müraciətini erməni dilində edib. Təbii ki, biz Makronun qısa
prezidentliyi dövründə erməni dilini öyrənməsi fikrindən çox uzağıq. Amma
erməni dilində "facebook”da post atması, onun ermənilərin xidmətindən bundan
sonra da faydalanacağı anlamına gəlir. Makron məsələnin mahiyyətinə varmadan,
qarşıdurmada rəsmi Bakının mövqeyini öyrənmədən, Azərbaycan dövlət rəhbərləri
ilə danışmadan Ermənistan baş nazirinin sözlərini eşidərək ölkəmizə çağırış
edir ki, "ermənistan torpaqlarından” çıxsın. Görəsən Azərbaycan torpaqlarını 30
il işğalda saxlayanda, nədən Makron statusunda olan Fransadakı erməni aşiqləri
onları zorla tutduqları torpaqlardan çıxmağa çağırmadılar? Hətta Dağlıq Qarabağ
münaqişəsini dinc yolla həll etmək missiyasını üzərinə götürən 3 qlobal
dövlətdən biri olan Fransa öz missiyasını yerinə yetirmirdi? İndi ermənilərin
yanında yer tutmağa çalışan Fransa və digər həmsədr dövlətlərin
məsuliyyətsizliyi üzündən bu münaqişə 30 ilə yaxın bir müddət çəkdi. Onlar
erməniləri işğal etdikləri torpaqları sülh yolu ilə qaytarmağa məcbur edə
bilsəydilər, indi bu cür çıxılmaz vəziyyətə düşməz və erməniləri bədbəxt günə
salmazdılar”.
Paşinyanın çaldığı havaya
oynayan Makron
Politoloq deyib ki, Makrona qədər də Amerika prezidentinin müşaviri
Sillivan, Rusiya xarici işlər naziri Lavrov Azərbaycan Prezidenti ilə bu mövzu
ətrafında müzakirələr aparıb, prosesin danışıqlar çərçivəsində aradan
qaldırılmasının vacibliyini vurğulanıb: "Azərbaycan Prezidenti İlham Əliyevin
ciddi sübutları qarşısında, onlar həqiqətin kimin tərəfində olması haqqında
ilkin mənbədən məlumat alıblar və bununla da məsələni daha irəli aparmağı
məsləhət bilməyiblər. Hətta Sillivan İlham Əliyev simasında regionda mükalimə
aparmağa layiq yüksək səviyyəli dövlət rəhbəri gördüyünü sevinclə
ətrafındakılarla, o cümlədən Co Baydenlə bölüşüb. Makron isə Azərbaycan
Prezidenti İlham Əliyevə sərhəddə baş verən hadisə ilə bağlı, sadəcə zəng
etməyə cürət etməyib. Çünki o, İlham Əliyevin tutarlı arqumentləri qarşısında
özünü itirəcək və erməniləri müdafiə edən demarşları həyata keçirə
bilməyəcəkdi. Bəs Makron dəfələrlə Azərbaycan Prezidenti simasında ciddi maneə
ilə üzləşdiyinə baxmayaraq, nədən israrla erməniləri müdafiə etməkdən çəkinmir?
Təbii ki, bunu Fransada kök salmış erməni lobbisi ilə əlaqələndirmək mümkündür.
Oradakı ermənilər və onların malik olduğu səs, seçkilər zamanı hakimiyyətə
gəlmək üçün çox əhəmiyyətlidir. Əgər Makron bu qüvvədən istifadə edə bilməsə,
ona müxalif olan digər siyasi qüvvələr bu boşluğu dolduracaq və Makron
tərəfdarları ilə birlikdə yenidən hakimiyyətdə təmsil olunmaq şansını itirəcək.
Yaxşı olardı ki, Fransa prezidenti öz ölkəsinin daxili problemlərini həll etmək
istiqamətində addım atardı və vətəndaşlarının rəğbətini qazanardı. Lakin Makron
öz adekvat olmayan, qeyri-ciddi qərarları sayəsində çoxdan gülüş hədəfinə
çevrilib”.
Rufik İSMAYILOV