• cümə, 26 Aprel, 12:12
  • Baku Bakı 23°C

Ermənilərin vay-şivən kampaniyası start götürüb

12.04.14 08:26 1023
Ermənilərin vay-şivən kampaniyası start götürüb
Hər il olduğu kimi, bu il də ermənilər qondarma soyqırımlarının ildönümü ərəfəsində Türkiyə əleyhinə kampaniya başladıblar. Birləşmiş Ştatların erməni icması nəyin bahasına olursa-olsun, ABŞ rəhbərliyinin qondarma soyqırımın tanınması haqqında bəyanat səsləndirməsinə nail olmağa çalışır.
Aprelin 24-də qeyd olunacaq qondarma soyqırımı ərəfəsində ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ermənilərin səsinə səs verərək 1915 hadisələrilə bağlı qondarma iddiaları dəstəkləyən qərar layihəsi qəbul edib. Qeyd edək ki, bu qətnamə adıçəkilən komitənin sədri, demokrat Robert Menendes və respublikaçı senator Mark Kirk tərəfindən təqdim edilib. Layihənin lehinə 12, əleyhinə isə 5 senator səs verib. 18 üzvdən ibarət olan Xarici Əlaqələr Komitəsinin 1 üzvü isə bitərəf qalıb. Qərar layihəsinin qanun halına salınması üçün Senatın Baş Assambleyasında səsə qoyulmalıdır. Sənəddə ABŞ-ın xarici siyasət kursunda “erməni genosidi”nə uyğun siyasət aparılmasına çağırış edilib.
Daha əvvəl də Konqresə mövzu haqqında 13 ayrı qərar layihəsi təqdim edilib. Bunlardan 6-da 1915-ci il hadisələrinin qətliam olduğu qəbul edilib, qondarma soyqırım olduğunu bildirən 7 layihə isə rədd edilib. Bu günədək bu barədə, BMT-nin gündəminə də salınan 3 təklif qəbul olunmayıb.
Qeyd edək ki, 2015-ci ildə “erməni genosidi”nin 100 illiyi ərəfəsində Türkiyəyə böyük basqıların ediləcəyi gözlənilir. Senat komitəsinin qəbul etdiyi qərarla bağlı Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ABŞ dövlət katibi Con Kerri ilə telefonla danışıb. Telefon söhbəti zamanı “erməni soyqırımı” məsələsi müzakirə olunub. Ə.Davudoğlu qeyd edib ki, ermənilər tərəfindən 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasını nəzərdə tutan layihənin ABŞ Senatına təqdim edilməsi Türkiyə hökumətinin narahatlığına səbəb olub.
Yeri gəlmişkən, Türkiyədən ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin qondarma erməni soyqırımı barədə qətnamə layihəsi qəbul etməsinə kəskin reaksiyalar daxil olmaqdadır. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz sessiyasında iştirak etmək üçün ABŞ-ın paytaxtı Vaşinqtonda olan Əli Babacan jurnalistlərin bu istiqamətdə suallarına cavab verib. Türkiyə baş nazirinin müavini Ə.Babacan ABŞ-ın bu mövzunu daxili siyasətə alət etdiyini bildirib: “99 il əvvəl Amerikadan çox uzaqda baş verdiyi iddia olunan, amma olub-olmaması barədə heç bir elmi araşdırma aparılmayan və bizim də qətiyyətlə qəbul etmədiyimiz bir mövzunun bu gün ABŞ-da daxili siyasətə alət edilməsi heç xoş bir hərəkət deyil”. Babacan həmçinin bildirib ki, bu addımdan sonra iki ölkə arasında münasibətlərin hansı müstəvidə davam edəcəyi barədə indi fikir irəli sürmək doğru olmaz. Türkiyənin Vaşinqtondakı səfirinin bu istiqamətdə fəaliyyətini davam etdirdiyini deyən Əli Babacan, hazırda Ankarada bu istiqamətdə müzakirələr aparıldığını və Türkiyə hökumətinin buna rəsmi cavab verəcəyini bildirib.
Öz növbəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Məzhər Bağlı bildirib ki, Vaşinqton qondarma erməni soyırımı məsələsində Ankaranın maraqlarını nəzərə almazsa, ABŞ-Türkiyə münasibətləri pisləşə bilər. Onun sözlərinə görə, Ankara və Vaşinqton strateji müttəfiqdirlər, lakin ABŞ bilməlidir ki, Türkiyə qondarma soyqırımı məsələsinə çox həssas yanaşır: “Rəsmi olaraq Türkiyə həm erməni, həm də beynəlxalq ictimaiyyətə 1915-ci il hadisələri barədə öz mövqeyini açıqlayıb. 1915-ci il hadisələri tərəfsiz və obyektiv tarixçilər tərəfindən araşdırılmalıdır”. M.Bağlı qeyd edib ki, araşdırılmayan 1915-ci il hadisələri Türkiyə əleyhinə istifadə edilə bilməz və Ankara bu addımı öz milli maraqlarına qarşı atılan addım kimi qəbul edir.
Yeri gəlmişkən, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun da Senat komitəsinin qətnaməsinə münasibət bildirib. Səfir jurnalistlərə buna ciddi yanaşmağın lazım olmadığını deyib. Onun sözlərinə görə, bu qərarın heç bir əhəmiyyəti yoxdur: "ABŞ Senatı komitəsinin qondarma erməni soyqırımının tanınması haqqında qətnamə qəbul etməsinə ciddi yanaşmaq lazım deyil, tarixi hadisələrə siyasi qiymət vermək olmaz, bu, tarixçilərin işidir".
Azər NURİYEV
banner

Oxşar Xəbərlər