AZE | RUS | ENG |

Ermənilərin Türkiyədəki macəraları

Ermənilərin Türkiyədəki macəraları
İtalyan qəzeti: “Erməni miqrantlarının böyük əksəriyyətini təşkil edən qadınlar İstanbulda asanlıqla iş tapırlar”

İqtisadi vəziyyətin ağırlığı, dözülməz şərait erməniləri dünyanın hər yerinə səpələyib. Hər il minlərlə erməni dolanışıq ucbatından dünyanın müxtəlif yerlərinə pənah aparır. Təkcə bu ilin 10 ayı ərzində 80 mindən artıq insan Ermənistanı təyyarə ilə tərk edib və geri qayıtmayıb.

Sosial-iqtisadi sferada getdikcə daha böyük çətinliklərlə üzləşən Ermənistanda miqrasiya ciddi problemə çevrilib. Hakimiyyət tərəfindən görülən preventiv tədbirlər isə əks effekt verməkdədir. Məsələn, Ermənistan Politoloqlar Assosiasiyasının sədri Amayak Ovanesyan vurğulayır ki, əhalinin Ermənistanı kütləvi şəkildə tərk etməsinin səbəbi Ermənistandakı siyasi vəziyyətdir. Səfalət içində yaşayan ermənilərin bundan sonra da miqrasiya edəcəkləri gözlənilir. İPSC siyasi və sosial məsləhətləşmələr institutunun keçirdiyi sorğuya əsasən, Ermənistan əhalisinin 40 faizi yaşayış səviyyəsindən narazıdır, 49 faizi isə pis yaşadıqlarını bildirir. İnstitutun analitiki Samvel Manukyanın sözlərinə görə, ölkəni tərk edənlər narazı əhalidir. Buna görə də Ermənistanda narazı fərdlərin sayı getdikcə azalır. Belə bir vaxtda isə Ermənistan mediası maraqlı bir məqama diqqət çəkərək bildirir ki, ölkədə getdikcə artan intiharların əsas səbəbi işsizlikdir.

Yeri gəlmişkən, ermənilərin bir parça çörək dalınca getdiyi ölkələr içərisində patoloji nifrət bəslədikləri Türkiyə xüsusi ilə seçilir. Erməni saytları da mütəmadi olaraq Türkiyədəki soydaşlarının acınacaqlı şəraitini əks etdirən materiallar dərc edirlər. “Hər axşam iş saatı başa çatdıqdan sonra İstanbuldakı Surb Ovanes kilsəsinin qarşısında erməni qadınları toplaşır. Onlar növbə ilə kilsənin zirzəmisində olan məktəbdən uşaqlarını götürüb aparırlar. Onların başqa çıxış yolu yoxdur. Qeyri-leqal şəraitdə burda uşaq dünyaya gətirdiklərindən, onlara şəxsiyyəti təsdiq edən sənəd verilmir. Təqribən min uşaq hüquqi cəhətdən mövcud deyil” deyə “News.am” yazıb.

İtaliyanın «Osservatore Balcani e Caucaso» qəzetində dərc edilən «Türkiyədəki erməni miqrantları: Qadın tarixi» başlıqlı məqalədə qeyd edilir ki, təqribən 10-20 min erməni qanunsuz miqrantlarının böyük əksəriyyəti qadınlardır: “Onların İstanbulda özlərinə iş tapmaq imkanları çox böyükdür. Erməni qadınları fabriklərdə işləyir, Türkiyədən Ermənistana mal daşımaqla məşğul olurlar. Lakin böyük əksəriyyət evlərdə xidmətçi, uşaqlara baxan dayə kimi çalışırlar. Kişilərə isə iş çox azdır. Erməni kişilərin böyük əksəriyyəti sadəcə, ailələrinə bir zərər dəyməməsinə nəzarət edirlər. Onlar arasında ənənəvi erməni sənətləri - çəkməçilik kimi işlərlə məşğul olanlar da var. Onlara ünvanlanan «nə üçün buradasınız» sualına isə hamısı bir ağızdan «işləmək üçün. Əgər Ermənistanda iş olsaydı, mən burada nə edirdim» cavabını verirlər. Müəllim ixtisaslı erməni qadın ona verilən əmək haqqı ilə üç uşağını dolandırmağa imkanı olmadığını deyir. İstanbulda isə Surd Ovanes kilsəsindəki məktəbdə dərs deyir. Artıq 6 ildir ki, İstanbulda yaşadığını deyən erməni müəllimə burada onlara aşağı münasibətdən şikayətlənib. Ermənilərin böyük əksəriyyəti İstanbul ermənilərinin tarixən yaşadıqları Kumkayı məhəlləsində məskunlaşıblar və onların sayı 60 minə çatıb. Əvvəl tək-tək gələn ermənilər indi artıq ailələri ilə burada yaşayırlar. Miqrantlar əsasən avtobuslarla gəlirlər. Ermənistandan bura Gürcüstandan keçib gəlməklə 36 saatlıq yoldur. Təyyarə bileti 750, avtobus isə 100 dollardır. Axı nə üçün Türkiyə? Çoxları buranı Rusiya və Ukraynadan daha asan gəlməyə görə seçirlər. Bura onların gəlməsi üçün turist vizası kifayət edir. Onu isə sərhəddə 15 dollara almaq mümkündür. Lakin deportasiya qorxusu daim var. Birinci dəfə Türkiyəyə gəlməkdə problem olmur. Yeni qanunun ermənilər məhz onlara qarşı qəbul olunduğunu düşünürlər. Üç aylıq viza müddəti başa çatdıqdan sonra ölkəni tərk etməlisən”.

Qeyd edilir ki, ən çox ziyan çəkənlər uşaqlardır. Qeyri-qanuni miqrantlardan doğulan uşaqlar vətəndaşlıq ala bilmirlər. “Problem yaradan digər hal isə Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin olmamasıdır. Pasportu yalnız Türkiyədən Ermənistana çıxıb getdikdən sonra almaq olar. Lakin şəxsiyyəti təsdiq edən sənəd olmadan bu mümkün deyil. «Mən qızıma Ermənistan barədə danışanda, o onu təsəvvür edə bilmir. Onun üçün ora ayrıca bir dünyadır” - deyə mirqantlardan biri qəzetə bildirib. Lakin bununla da problemlər qurtarmır. Ötən il qüvvəyə minən qanunvericiliyə görə, doğum şəhadətnaməsi olan erməni uşaqları türk məktəblərinə, o cümlədən erməni icmasının mövcud 17 məktəbinə gedə bilərlər: “Lakin oranı bitirdikdə diploma ala bilməzlər. Bütün dərs proqramı türk modeli üzrədir. Ermənistan və erməni xalqı haqqında heç nə deyilmir. Dil problemi də mövcuddur”. Məqalədə qeyd edilir ki, türk hakimiyyət orqanları kilsədəki məktəbin fəaliyyətinə göz yumurlar. Belə uşaqlar üçün bu məktəb xilas yeridir. Dərslikləri Ermənistan diaspora nazirliyi göndərir, səhər yeməklərinə isə «Caritas» kömək edir. Əgər əvvəl məktəbdə bir neçə dərslik var idisə, indi yüzlərlədir. Altı sinif açılıb - daha yer yoxdur”.

Beləliklə, bu yalnız ermənilərin pənah apardıqları ölkələrdən biridir. İşğalçılıq siyasəti nəticəsində xalqını bir tikə çörəyə möhtac qoyan, iqtisadi xilası Azərbaycanın əlində olan Ermənistan hakimiyyəti anlamalıdır ki, bu siyasətə son verməlidir. Əks təqdirdə, bir gün ayılıb görəcək ki, ölkə tam boşalıb.
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219