• şənbə, 20 Aprel, 06:00
  • Baku Bakı 14°C

Ermənilərin “seçki şousu”nda inauqurasiya təxribatı

21.05.20 16:34 799
Ermənilərin “seçki şousu”nda inauqurasiya təxribatı
Deputatların fikrincə, Paşinyan danışıqlar prosesini pozmaq üçün bütün vasitələrdən yararlanır

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqların getdiyi bütün dövrlərdə Ermənistan, istər cəbhə xəttində, istərsə də işğal olunmuş ərazilərdə müxtəlif dağıdıcı fəaliyyəti ilə müəyyən təxribatlara əl atıb. Bir müddət öncə koronavirus pandemiyasına məhəl qoymayaraq qondarma "Dağlıq Qarabağ” separatçı rejimində "seçki şousu” yaradan Ermənistanın baş naziri Paşinyan daha bir "şou” təklifini irəli sürüb. O təklif edib ki, separatçı rejimin yeni "prezidenti”nin inauqurasiya mərasimi Şuşada keçirilsin. Uzun müddətdir danışıqlar masasında bir söz deyən, əslində başqa cür hərəkət edən Paşinyanın Azərbaycanı müharibəyə sövq etməsində məqsəd nədir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bir müddət bundan əvvəl təşkil edilən qondarma seçkinin ardınca indi də ermənilər Azərbaycanın əzəli torpağı olan Şuşada "andiçmə şou”su təşkil edirlər: "Qarabağ məsələsi hər bir azərbaycanlı üçün həssas məsələdir. Bir qarabağlı, hər gün vətən eşqi ilə yanan bir insan kimi Şuşada "andiçmə” mərasiminin keçirilməsi məni, eləcə də bütün Qarabağ camaatını narahat edir və hiddətləndirir. Öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan və beynəlxalq qurumlar tərəfindən birmənalı şəkildə rədd edilən "seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, heç bir dövlət "seçkilərin” legitimliyini tanımadı.
Qeyd etməliyik ki, buna Azərbaycan hökumətinin son illər həyata keçirdiyi uğurlu siyasət nəticəsində nail olunub. Prezident İlham Əliyev bütün regional və beynəlxalq tədbirlərdə Qarabağ probleminə toxunur, Ermənistanın həyata keçirdiyi təcavüzkar siyasəti sərt tənqid edir, ermənilər ifşa olunur. Belə olan halda Ermənistanın Şuşada "andiçmə şou”su keçirməkdə məqsədi nədir?
Azərbaycan son illər bir çox sahələrdə böyük uğurlara imza atıb, günü-gündən sürətlə inkişaf edir, dünya ölkələri ölkəmizə inanır və etibar edir. Ermənistan isə bütün regional layihələrdən təcrid olunub. Bütün gücü ilə blokadadan çıxmaq üçün çabalayır.
Azərbaycan Prezidentinin nüfuzunun həm ölkə daxilində, həm də xaricində kifayət qədər yüksək olması isə bu gün Ermənistanı narahat etməyə bilməz. Tam əksinə olaraq, Paşinyan getdikcə populist nüfuzunu itirməkdədir. Bu şəkildə uzun müddət hakimiyyətini qoruya bilməyəcək. Ona hakimiyyətdə qalmağa kömək edə biləcək əsas faktorlardan biri Qarabağ məsələsidir. Ona görə, hər vəchlə Qarabağ kartından məharətlə istifadə etməyə çalışır. Tez-tez Qarabağa səfərə gəlir və Azərbaycanı qıcıqlandırmaq üçün bütün gücünü səfərbər edir”.
C.Məmmədov qeyd etdi ki, ermənilərin bu şouları keçirməkdə digər məqsəd isə Azərbaycanda ictimai rəyə təsir etmək, ölkəmizi təxribata çəkməkdir: "Hesab edirəm ki, siyasət düşünülərək, hər bir addım ciddi şəkildə ölçülərək həyata keçirilir. Hissə qapılaraq, çılğınlıq edərək, emosiyalara qapılaraq xarici siyasət həyata keçirilmir. Bəli, bu mənzərəni müşahidə etmək çox ağırdır. Ancaq ehtiyatı əldən verməməli, diqqətli olmalıyıq. Bütün hallarda ermənilərin niyyət və məqsədlərinin həyata keçməsinə şərait yaratmamalıyıq. Biz tez və ya gec, öz doğma torpaqlarımıza qayıdacağımıza inanırıq. Bunun üçün həmrəy olmalı, birlik və həmrəyliyimizi qorumalı, düşmənin məqsədinin həyata keçməsinə imkan verməməliyik”.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev bildirdi ki, bütün beynəlxalq ictimaiyyət tərəfindən rədd edilmiş "seçki şousu”nun nəticələrinin heç bir hüquqi əsası yoxdur: "Həmin "seçki” nəticəsində hər hansı bir qurum və ya şəxsin legitimliyindən söhbət belə gedə bilməz. Qondarma mərasim danışıqlar prosesini pozmağa hədəflənmiş bir təxribatdır. Ermənistan hakimiyyəti mütəmadi olaraq bu kimi təxribatçı əməllər törədir və işğal altındakı Şuşa şəhərinin bu qondarma tədbir üçün seçilməsi bunu aydın surətdə nümayiş etdirir. Bütün bunlar azmış kimi, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməsi və danışıqlara zərər vuran bu təxribatda şəxsən iştirak etməsi Ermənistan rəhbərliyinin sülh barədə danışmasının yalnız riyakarlıq olduğunu göstərir. Ermənistanın atdığı bu addım, işğal olunmuş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir, münaqişənin sülh yolu ilə nizamlanması prosesinə zərbədir və 2019-cu ilin yanvar ayında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə bəyan edilmiş "xalqların sülhə hazırlanması” niyyəti ilə tamamilə ziddiyyət təşkil edir.
Azərbaycan münaqişənin ən qısa zamanda sülh yolu ilə həll olunması istiqamətində davamlı və konstruktiv addımlar atdığı, habelə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sülh və birgəyaşayış çağırışları fonunda Ermənistanın, işğal olunmuş Azərbaycan ərazilərində belə təxribatlara əl atması bizdə dərin hiddət və ikrah hissi doğurur”.
T.Gəncəliyev vurğulayıb ki, Şuşada təşkil edilən "andiçmə oyunu” Ermənistan hakimiyyətinin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını deməyə əsas verir və bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir: "Bir daha qeyd edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsi işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması, bütün azərbaycanlı məcburi köçkünlərin öz ata-baba yurdlarına ləyaqətli şəkildə geri dönməsi və ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşayışının təmin edilməsi yolu ilə həll oluna bilər. Yalnız qeyd edilən addımlardan sonra bölgədə ədalətli və davamlı sülh təmin ediləcək.
Biz beynəlxalq ictimaiyyəti, xüsusən ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın bu təxribatçı hərəkətinə lazımi qiymət verməyə və onu pisləməyə çağırırıq”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər