AZE | RUS | ENG |

Ermənilərin Rusiyadakı “qara əli” - Zatulin

Ermənilərin Rusiyadakı “qara əli” - Zatulin
Azərbaycanın hansısa bir dövlətlə münasibətləri yüksəlməyə başlayan kimi, ermənilər öz “maşa”larını işə salır

Ermənilər hər zaman Azərbaycanla hansısa bir dövlət arasında münasibətlərin inkişaf etdiyi bir məqamda öz "maşa”ları vasitəsilə prosesi əngəlləməyə çalışırlar. Bilərəkdən atılan bu addımın növbəti hədəfi isə Azərbaycan və Rusiya münasibətləridir. Heç şübhəsiz, təkcə bu il ərzində Azərbaycan və Rusiya dövlət başçılarının çoxsaylı görüşləri iki ölkə arasında əlaqələrin yeni mərhələsinin başlanğıcını qoyub. Amma erməni lobbisi və diasporu heç də öz "qara əlləri”ni dinc saxlamır.
Məhz ermənilərin "dostu” olan Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Rusiyanın ruposters.ru saytına Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas xəttində gərginliyin aradan qaldırılması yolları haqqında Düşənbədə əldə olunmuş şifahi razılaşmaya münasibət bildirərkən bir sıra qərəzli fikirlər səsləndirib. Dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərində səfərdə olan, hətta qondarma rejimin "seçkilər”ində iştirak edən Zatulinin həqiqətə sığmayan fikirlərinin arxasında nə dayanır?
 

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevbildirdi ki, Zatulinin belə açıqlamaları bir neçə səbəblə bağlıdır: "Birincisi onun şəxsiyyəti ilə əlaqədardır. Zatulinin Azərbaycanla bağlı mütəmadi olaraq mövqeyi bundan ibarətdir. Digər bir səbəb isə onun ermənipərəst mövqeyi ilə bağlıdır. Zatulin əvvəlki illərdə qondarma rejimin "seçkilər”ində də iştirak etmişdi. Bir neçə dəfə də Azərbaycan əleyhinə sərsəm bəyanatlarla çıxış edib. Eyni zamanda biz hər zaman deyirik ki, Rusiyada bəzi məmurlar var ki, iki ölkə arasında münasibətlərin yaxşılaşmasını istəyirlər. Amma bir sıra insanlar da var ki, Azərbaycan-Rusiya əlaqələrinin sahmana düşməsini istəmirlər. Məhz Zatulin iki ölkə arasında əlaqələrin sahmana düşməsini istəməyənlərdən biridir və erməni lobbisinin əlində alətdir. Amma bütövlükdə məsələnin başqa bir tərəfi var. Dağlıq Qarabağ məsələsi Rusiyanın layihəsidir və biz bunu dana bilmərik. Bu problemin başında Rusiya dayanır. Bu gün Ermənistanın "at oynatması”, işğal olunmuş Azərbaycan ərazilərindən çıxmaması Rusiya ilə bağlıdır. Göründüyü kimi, bu məsələdə Rusiyanın institutlaşmış siyasəti var və bu da təbii ki, nə ermənilərdən, nə də başqasında asılıdır. Ermənilər istəsə belə, hər hansı fərqli qərar verə bilməzlər. Zatulin də bunu bilir və həssas məqamlarda ermənilərin yanında yerini bərkitmək üçün belə bəyanatlarla çıxış edir”.
F.Quliyev əlavə etdi ki, indi həssas dövrdür və dəyişməyən yalnız ölülərdir: "Siyasət də dəyişə bilər. Hər zaman qeyd etdiyim kimi, biz Rusiya xalqı ilə düşmən deyilik, amma bu ölkənin siyasəti ilə uzlaşmırıq. Biz partiya olaraq, ermənilərə dəstək olması, silah yardımı etməsi və digər məsələlərdə köməklik göstərməsi ilə bağlı Rusiyanın mövqeyi ilə barışmırıq. Amma bu gün gerçəkdən Rusiya siyasəti dəyişərsə və bərabər tərəfli mövqe sərgilənərsə, onda biz də məsələyə fərqli baxarıq. Azərbaycana olan münasibət də bizim mövqeyimizi formalaşdırır. Lakin Zatulin kimilər bu dəyişikliyi hiss edəndə narahat olurlarsa, bu o deməkdir ki, ermənilər Azərbaycanın ATƏT-in Minsk qrupunda iştirak edən dövlətlərlə və Rusiya ilə münasibətlərinin normallaşmasının tərəfdarı deyillər. Hətta bu tip bəyanatlarla çalışırlar ki, Azərbaycanı Rusiyaya qarşı daha aqressiv davranmağa sövq etsinlər. Yaxud da ki, Rusiyaya etibar itsin. Çünki ermənilər Dağlıq Qarabağ məsələsində status-kvonu saxlamaq istəyirlər. Əslində, bu mövqe erməni mətbəxində "bişmiş yeməkdir” və Zatulin onu cəmiyyətə yedizdirmək istəyir. Eyni məqam Fransa ilə də bağlıdır. Ermənilər eşidir ki, Fransa-Azərbaycan əlaqələri istiləşməyə doğru gedir, dərhal Fransanın hansısa şəhərinin meri qondarma rejimə səfər edir və müqavilə imzalanır. Piramidanın görünən hissəsini götürsək, Zatulin Rusiyanın institutlaşmış siyasətini bilir, ancaq çalışır ki, Azərbaycanla hər hansı istiləşmə olmasın”.
 

Millət vəkili Aydın Hüseynov bildirdi ki, Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycanla bağlı qərəzli fikirləri onun Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etməsindən narahat olduğunu göstərir. Onun sözlərinə görə, Zatulinin Ermənistan və erməni lobbi dairələrinin əlində bir alət olduğu hər kəsə məlumdur: "Görünür, Azərbaycanla Rusiya arasında son dövrlərdə əlaqələrin inkişafı, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair imzalanan sənədlər həm erməniləri, həm də Zatulini ciddi narahat edib və o yenə də ermənilərin sifarişini yerinə yetirir”.
A.Hüseynov qeyd etdi ki, K.Zatulin bir siyasətçi, dövlət adamı kimi bu cür qərəzli fikirlərinin Rusiyanın dövlət siyasətinə tamamilə zidd olduğunu anlamır: "Zatulin həmişə separatçılığa, işğalçılığa dəstək verən mövqeyi ilə tanınıb. 2010-cu ildə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin seçki şousuna qatıldığı üçün Azərbaycan tərəfindən "arzuolunmaz şəxs" elan edildi. Təsadüfi deyil ki, bundan əvvəl də o, millətlərarası münasibətləri qızışdırdığına görə 2006-cı ildə Ukrayna tərəfindən "arzuolunmaz şəxs" elan edilib.
Zatulin kimilərinin fikirləri Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafına heç bir təsir göstərmək gücündə deyil. İndiyə qədər Zatulinin ermənipərəst mövqeyi heç bir təsirə malik olmayıb. Düşünürəm ki, bundan sonra da Zatulin və onun arxasında dayanan ermənilər heç nəyə nail ola bilməyəcəklər, Azərbaycan və Rusiya arasında əməkdaşlığın hərtərəfli inkişafından narahatlıq və məyusluqları daha da artacaq”.   
 
BƏXTİYAR     

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000