• çərşənbə, 24 Aprel, 13:16
  • Baku Bakı 27°C

Ermənilərin ruporu

16.06.15 13:52 1550
Ermənilərin ruporu
“Azadlıq” qəzeti və xaricə sığınan bəzi “azərbaycanlı jurnalistlər” öz davranışları ilə xarici anti-Azərbaycan şəbəkəyə, xüsusən də erməni lobbisinə dəstək verirlər

Birinci Avropa Oyunlarının iyunun 12-də keçirilən açılış mərasimi öz möhtəşəmliyi və bənzərsizliyi ilə yadda qaldı. Bu mərasimi izləmək üçün Bakıya təşrif buyuran dövlət və hökumət başçıları, turistlər, əcnəbi idmançılar həyəcanlı anlar yaşadıqlarını, Azərbaycan mədəniyyətinin, tarixinin təbliğ olunduğu müasir bir şouya şahidlik etdiklərini dilə gətirirlər. Mərasimin gedişində və sonunda nümayiş etdirilən böyük atəşfəşanlıq da tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Həmin günün səhərindən etibarən başlayan idman yarışları, medallar uğrunda gərgin və maraq dolu mübarizələr, əcnəbi və yerli atletlərin qazandığı uğurlar, ölkəmizin bu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi də dünyanın diqqət mərkəzində olan hadisələrdəndir. Bir sözlə, Avropa məkanında ilk dəfə Bakıda reallaşan bu yarışlar hər kəsdə əsl idman bayramı, xoş əhval-ruhiyyə yaratmaqdadır. Ancaq təəssüf ki, birinci Avropa Oyunları müddətində bəzi Qərb dairələri tərəfindən antiAzərbaycan kampaniya aparılmaqda, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirilməsi üçün cəhdlər edilməkdədir.
Əslində birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə görə, həm bu yarışlara, həm də Azərbaycana qarşı əsassız tənqid, böhtan, şər kampaniyasının aparılacağı bizə əvvəlcədən bəlli idi. Çünki 2012-ci ildə Bakıda keçirilən “Avrovizion” müsabiqəsi zamanı da eynən bu cür şər-böhtan kampaniyası ilə üzləşmişdik. Digər tərəfdən, bu barədə hələ cari ilin mart ayında Azərbaycan mətbuatında “Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” adlı geniş həcmli araşdırma dərc olunmuşdu. Həmin araşdırmada da göstərilirdi ki, xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisi səylərini birləşdirərək, mütəşəkkil qaydada, məqsədyönlü şəkildə fəaliyyətə başlayaraq, növbəti dəfə ölkəmiz üzərinə hücuma keçiblər. Onlar insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələləri süni və qərəzli şəkildə şişirdir, l Avropa Oyunlarını “boykot” çağırışları edir, möhtəşəm idman yarışlarının “əhəmiyyətsizliyi”, Avropanın diqqətindən “kənarda qaldığı” rəyinin formalaşdırılmağa çalışırlar. Bu cür təzyiq və təhdid metodları ilə onlar Azərbaycanı öz müstəqil siyasi kursundan geri çəkilməsini, həmin dairələrin diktəsi altına düşməsini istəyirlər. Bu istiqamətdə Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları, habelə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq qurumlar da çıxış edirlər. Bu kampaniyanın I Avropa Oyunlarından sonra ölkəmizdə keçiriləcək parlament seçkiləri, “Formula 1” yarışması, İslam Həmrəylik Oyunları və digər mühüm beynəlxalq tədbirlər müddətində keçiriləcəyi də şübhəsizdir.
Sadalanan faktlardan aydın olduğu kimi, xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisi səylərini birləşdirərək ölkəmiz əleyhinə məqsədli təbliğat aparır. Bu təbliğatın ictimailəşdirilməsi, daha geniş miqyas alması üçün isə BBC, CNN, “The Guardian”, “Washington Post”, “The Independent”, “Bloomberg”, “The Daily Mail”, “Deutsche Welle”, “Sundi Times”, “Vice News”, “Le Monde”, “Der Spiegel”, “Haaretz” və sair kimi media qurumlarından istifadə edirlər. Mahiyyəti və mövzusu eyni olan, əvvəlcədən tərtib edilmiş tezislər üzərində hazırlanan materiallar sadalanan media qurumlarında növbəli şəkildə yer alır. Hətta həmin materialların bəzisi xeyli müddət əvvəl dərc edilsə də, sonradan tarix yenilənərək sadalanan media qurumlarının saytlarına yerləşdirilir. Özü də yazının məzmun və mətninə heç bir əlavə və dəyişiklik edilmədən. Bir sıra hallarda isə ermənipərəst dairələr məkrli niyyət və məqsədlərini öz ölkəsində kifayət qədər nüfuzu olmayan, peşəkar jurnalist kimi tanınmayan, Vətəninə arxa çevirərək xaricə sığınan bəzi azərbaycanlılar vasitəsilə həyata keçirirlər. Buna misal kimi Almaniyanın “Deutsche Welle” saytına müsahibə verən “Meydan TV”-nin direktoru Emin Millinin, Böyük Britaniyanın “The Gardian”, “The Independent” qəzetlərində yazıları dərc olunan İdrak Abbasov və Gülnarə Axundovanın Azərbaycan əleyhinə fikirlərini göstərmək olar. Hər üç şəxs sifarişli şəkildə, əsası və sübutu olmayan “faktlarla” Azərbaycanı ləkələməyə, onu insan hüquq və azadlıqlarını tanımayan, inkişaf etməyən, geridəqalmış bir ölkə kimi tanıtmağa çalışıblar.
Bu istiqamətdə təəssüf doğuran digər bir məqam Azərbaycanın daxilində fəaliyyət göstərən mətbuat orqanının da onlara dəstək verməsidir. Belə ki, birinci Avropa Oyunlarının açılış mərasimindən bu günə kimi “Azadlıq” qəzeti öz səhifələrini yuxarıda adları çəkilən media qurumlarının materialları ilə “bəzəyir”. AXCP sədri, radikal müxalifətçi, milli hislərini itirmiş Əli Kərimlinin “baş redaktorluq” etdiyi bu qəzet Azərbaycanı qaralamaq, onun beynəlxalq nüfuzuna xələl gətirmək, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirinin əhəmiyyətini azaltmaq məqsədi ilə xarici mediada çıxan istənilən yazını öz səhifələrində dərc edir. Bununla da “Azadlıq” qəzeti xarici anti-Azərbaycan şəbəkəyə və erməni lobbisinə açıq-aşkar dəstək vermiş olur, ermənilərin ruporuna çevrilir. Bununla yanaşı, “Azadlıq” qəzeti və onun bəzi “yazarları” ölkəmizi, həmçinin də I Avropa Oyunlarını qaralamaq üçün bəhanə tapmayanda, Azərbaycan vətəndaşlarının seçiminə, rəyinə də sayğısızlıq nümayiş etdirirlər. Son sayında birinci Avropa Oyunlarının əhəmiyyətini növbəti dəfə kiçiltməyə cəhd edən qəzet Azərbaycan vətəndaşlarının beynəlxalq idman tədbirinin açılış mərasimi barədə səmimi fikirlərini də ələ salıb. Əli Kərimlinin düşüncə tərzinin təsiri altında olan mətbuat orqanı, - “Həyatında heç vaxt açılış mərasimi görməyənlər üçün bu mərasim xüsusi ilə qeyri-adi görünür”, - deməklə, sanki hər kəsi AXCP sədri və “Azadlıq” qəzeti kimi düşünməyə məcbur edir. Sanki bunlar Pekin, Soçi, London olimpiadalarında iştirak edib, orada açılış mərasimlərini görüb də müqayisə aparırlar.
Göründüyü kimi, hazırda Azərbaycana qarşı Qərb və erməni mənbələrindən maliyyələşdirilərək və təlimatlandırılaraq qərəzli qarayaxma kampaniyası aparılır. Burada yeganə məqsəd, ölkəmizi gözdən salmaq, ona təsir və təzyiq etmək, müstəqil siyasətindən çəkindirmək, Azərbaycan qanunlarını kobud şəkildə pozan, konkret cinayət əməllərinə görə həbs olunan “5-ci kolon” üzvlərinin azadlığına nail olmaqdır. Azərbaycan əleyhinə dezinformasiya yayan, qarayaxma kampaniyası aparan “Azadlıq” qəzeti və xaricə sığınan bəzi “azərbaycanlı jurnalistlər” də öz davranışları ilə xarici anti-Azərbaycan şəbəkənin, xüsusən də erməni lobbisinin bu məqsədinə dəstək vermiş olurlar.
AZADİNFORM Analitik Qrupu

banner

Oxşar Xəbərlər