• çərşənbə axşamı, 23 aprel, 18:27
  • Baku Bakı 20°C

Ermənilərin qanunsuz fəaliyyətinə verilən layiqli hüquqi qiymət

07.06.19 14:30 565
Ermənilərin qanunsuz fəaliyyətinə verilən layiqli hüquqi qiymət
Ermənistanın qonşu dövlətin ərazi bütövlüyünə, regional təhlükəsizliyə yaratdığı təhdidlər xarici dövlətlər tərəfindən ciddi şəkildə qınanır. Fransa məhkəməsinin bu günlərdə qəbul etdiyi qərar bunu növbəti dəfə təsdiq etdi.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib. Deputat qeyd edib ki, Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya”nı ləğv etməsi Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinə növbəti ağır zərbədir. Məhkəmənin 2018-ci il oktyabrın 22-də imzalanmış "sənəd”in qeyri-qanuni imzalandığı, heç bir hüquqi qüvvə daşımadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərarı ermənilərin qanunsuz fəaliyyətinə verilən layiqli hüquqi qiymətdir.
A.Hüseynov deyib ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə etmiş və bu cür halların yolverilməzliyini diqqətə çatdırmışdı. Bundan başqa, bu ilin fevralında erməni diasporunun nümayəndələri ilə görüş zamanı Fransa Prezidenti Emmanuel Makron bu tipli "xartiyalar”ın imzalanmasının və işğalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasının dövlət maraqlarına, beynəlxalq öhdəliklərə və hüquqa zidd olduğunu bildirmişdi.
Deputat qeyd edib ki, bu hadisənin ən önəmli cəhətlərindən biri də presedent yaratmasıdır. Yəni, bundan sonra da ermənilər işğal altındakı Azərbaycan ərazilərinin ayrı-ayrı subyektlərinin leqallaşdırılması istiqamətində hansısa addımlar atmaq niyyətinə düşərlərsə, o zaman Fransa inzibati məhkəməsinin qərarı təkcə bu ölkədə deyil, bütövlükdə Avropa İttifaqı məkanında hüquqi presedent kimi qəbul ediləcək. Buna Avropa Məhkəməsi haqqında müqavilə və digər hüquqi-normativ aktlar əsas verir. Aydın Hüseynov vurğulayıb ki, Fransa kimi erməni lobbisinin və ermənipərəst mərkəzlərin güclü olduğu bir ölkədə buna nail olmaq, əlbəttə, uğur hesab edilə bilər.
Deputat bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı separatçı cinayətkar rejimin təbliği və onun legitimləşdirilməsi məqsədilə bir sıra səylər göstərir. Bəzi ölkələrin müxtəlif şəhərləri ilə əməkdaşlıq qurulması, telemarafonların və yardım kampaniyalarının, qeyri-qanuni səfərlərin təşkili Ermənistan hakimiyyətinin bu niyyətinə xidmət edən qanunsuz addımlardır. Təbii ki, işğalçı dövlətin bu istiqamətdə göstərdiyi bütün cəhdlərin heç bir hüquqi əsası yoxdur və buna görə də dünya dövlətləri və əksər beynəlxalq təşkilatlar tərəfindən ciddi qarşılanmır.
banner

Oxşar Xəbərlər