• cümə axşamı, 28 mart, 17:56
  • Baku Bakı 16°C

Ermənilərin mənəvi oğurluğu

11.08.14 14:37 2263
Ermənilərin mənəvi oğurluğu
Ölkəmizdə muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus yol keçib. Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə mədəniyyət tariximizin ən müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilib.
Tarixi və bədii əhəmiyyət daşıyan eksponatların mühüm bir qismi sonrakı dövrlərdə əsas etibarilə şəxsi kolleksiyalarda toplanıb. Eyni zamanda, tarixən regionda baş vermiş geosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sırasında yer alıb.
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi, mədəni fikir həyatında sürətlə cərəyan edən proseslər öz növbəsində muzey işinin təşkilinə təkan verib və ölkəmizdə müasir tipli muzeylərin yaradılmasına başlanıb.
Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib. Sonrakı illər ərzində Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb. Bu muzeylərdə davamlı olaraq ekspozisiyalar yaradılmış, mövcud ekspozisiya və fondlar isə zənginləşdirilib. Ötən əsrin 70-ci illərindən etibarən respublikada muzey şəbəkəsinin inkişafı daha intensiv şəkil almağa başlayıb, yüzdən artıq muzey yaradılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi respublikamızda muzeylərin inkişafına ağır zərbə vurub Erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalan ərazilərimizdəki tarix-memarlıq abidələri, xatirə-memorial komplekslər və muzey-qoruqlar dağıdılmış, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarları bütünlüklə qarət edilib.
Elə biz də həmin muzeylər haqqında məlumat vermək istəyirik. Rəsmi məlumata görə, işğal altında olan torpaqlarımızda 22 muzey dağıdılıb. Buradakı eksponatların dəqiq sayı haqqında məlumat yoxdur. Müharibə nəticəsində zəngin eksponatlara malik muzeylər dağıdıldığından mədəni zərəri tam olaraq aşkarlamaq mümkün olmayıb. Bəzi mənbələr məhv olmuş eksponatların 40-60 min, bəzi mənbələr isə 80-100 min aralığında olduğunu vurğulayır. Amma nə olursa olsun, məhv olmuş bircə eksponat belə, Azərbaycan mədəni irsi, incəsənət tarixi üçün dəyərli bir nümunədir. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, işğal zamanı həmin muzeylərdən bir neçəsinin əmlakı daşınıb Bakıya gətirilsə də, əksəriyyəti dağıdılıb, bütün eksponatlar talan edilib.
Təkcə Şuşada 8 muzey olub

Təkcə Şuşa şəhərində 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Mövsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Şuşa tarix muzeyi, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli musiqiçi Qurban Primovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib.
Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombalanması nəticəsində tamamilə yerlə-yeksan olub. Çox təəssüflər ki, Qarabağda işğal altında qalan maddi –mənəvi irs tam olaraq siyahıya alınmayıb. Odur ki, təqdim olunan muzeylərin adı və həmin muzeylərə aid eksponatların sayı da təbii ki, tam deyil. Məsələn, Ağdam Tarix-diyarşünaslıq muzeyinin 2 min, Qubadlı Tarix-diyarşünaslıq muzeyinin 3 min, Zəngilan Tarix-diyarşünaslıq muzeyinin 6 min, Dövlət Qarabağ Tarix Muzeyinin 1000-dən çox, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun ev muzeyindən 300-dən çox əşya, vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün 400-dək əşyası, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın 100-dən çox əşyası xatirə muzeylərinin eksponatları olaraq talan edilib.
Daş heykəllərin muzeyi talan edilib

Zəngilan rayon Daş Heykəllər Muzeyi isə 1989-cu ildə fəaliyyətə başlayıb. Orada qoç heykəlləri, at fiqurları, müxtəlif dövrlərə aid daş abidələr mövcud olub.
Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. Oradakı eksponatlardan heç birini xilas etmək mümkün olmayıb. Ancaq hazırda muzey Sumqayıt şəhərində fəaliyyət göstərir, orada sonradan toplanan bir sıra eksponatlar nümayiş etdirilir.
Erməni istilaçıları tərəfindən dağıdılan nadir muzeylərin bir neçəsi barədə ətraflı danışaq:
Ağdam çörək muzeyi dünyada ikinci, SSRİ-də isə birinci və yeganə çörək muzeyi idi. Bu muzeydə toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər mövcud olub. Muzeyin özünün çox maraqlı tarixçəsi var. Belə ki, şəhərin tam mərkəzində xarabaya çevrilmiş köhnə bir dəyirman olub.
Müharibənin ağır illərində bu dəyirman Ağdamın yeganə çörək təknəsinə çevrildiyindən ora müqəddəs bir məkan kimi baxır, ona toxunmağı yolverilməz hesab edirdilər. Sonradan bu dəyirmanın çörək muzeyi kimi fəaliyyət göstərməsi ideyasını hamı müsbət qarşılayır. Məşhur taxılçı akademik İmam Mustafayev həmin dənələri özünün zəngin taxıl kolleksiyasından digər nümunələrlə birlikdə gətirib muzeyin dəyərini xeyli artırdı. Yüzə qədər xalqın çörək nümunələri əldə edildi. Leninqrad blokadasının iştirakçısı olmuş bir rus qadını muzeyin sorağını eşidəndə ölüm həddində belə yeməyib saxladığı, kömürləşmiş yüz əlli qramlıq çörək payını gətirib muzeyə verdi. Kosmonavt şəhərciyindən çörək nümunələri göndərildi. Muzeyə qısa müddətdə iki minə yaxın taxıl nümunəsi toplandı. Amma çox təəssüflər olsun ki, istila vaxtında bu sərvət darmadağın edildi.
2037 rəng çaları olan daşlar

Kəlbəcər tarix-diyarşünaslıq muzeyi də məhv olan mədəni irs siyahısındadır. İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan bu muzey abidəsi 1980-ci illərin əvvəllərində yaradılıb. Muzeyin həyəti 900 kvadratmetrdən artıq olub. Muzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib, divarlarda da bir muzey yaradılıb. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, Bəbir və Çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü At və Qoç heykəlləri nümayiş edilirdi. Burada ”Bəzir daşı" deyilən iki qədim abidə nəzərə çarpırdı. Dəyirman daşlarından 10 dəfə böyük olan bu bəzir daşlarını qoşqu vasitəsilə dikinə fırladıb zəyərək adlı bitkidən yağ alırmışlar. Deyilənə görə bu yağlardan yaman şişlər müalicə olunurmuş. Mütəxəssislər və tamaşaçılar Kəlbəcər tarix-diyarşünaslıq muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırıblar. O vaxtlar Bolqarıstan, Hindistan, Çin, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox başqa ölkələrin 150-dən çox alimi Kəlbəcər muzeyinin eksponatları ilə tanış olub, orada araşdırmalar aparıblar. Hazırda muzey və eksponatları mövcud deyil, Kəlbəcərdən əldə edilən məlumatlara görə, ermənilər tərəfindən bütünlüklə məhv edilib.
Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyi də bu rayonun tarixi, mədəniyyəti barədə məlumat ala bilmək üçün vizit kartı rolunu oynayıb. Muzey 1980-ci ildə fəaliyyətə başlayıb və rayon mərkəzində yerləşib. Orada 6000-ə yaxın eksponat qorunub saxlanılırdı. Bura müxtəlif növ xalçalar, kilimlər, palazlar, müxtəlif mis və gümüş qablar, nimçə, dolça, xurcunlar, gümüş xəncərlər və XVIII əsrə aid Zəngilan kəndlərindən birinin kənd həyatının maketi daxil olub. Xalqlar Dostluğu Muzeyi 1987-ci ildə Zəngilan rayon Yuxarı Yeməzli kəndində fəaliyyətə başlayıb. Muzeydə xalqlar dostluğunu əhatə edən fotoşəkillər, Süsən dağında olan mağaradan tapılmış daş muncuqlar, müxtəlif növ xalçalar, kilimlər, palazlar, müxtəlif mis və gümüş qablar, xurcunlar, gümüş xəncərlər və digər eksponatlar qorunub saxlanılırdı.
Bunlar Azərbaycana vurulan ziyanın yalnız bir qismidir. Əslində, torpaqlarımızın 20 faizi erməni istilaçıları tərəfindən zəbt olunarkən Azərbaycana dəyən mədəni-mənəvi zərər iqtisadi zərərlərdən dəfələrlə çoxdur.
Qeyd edək ki, erməni işğalı zamanı Azərbaycanın tarixi torpaqlarında 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli - 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli - 270 memarlıq, 22 arxeoloji, eyni zamanda, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi olan tarix və mədəniyyət abidələri qalıb. Bununla yanaşı, işğal olunmuş ərazilərdə 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103.2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion da qalıb.
Qeyd: Yazı Tərəfsiz Jurnalistlər Birliyinin Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Muzeylərin tanıdılması yolu ilə əxlaqi-mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində dərc olunur.
banner

Oxşar Xəbərlər