• cümə axşamı, 25 aprel, 20:18
  • Baku Bakı 21°C

Ermənilərin Kassab avantürası

11.04.14 08:38 1149
Ermənilərin Kassab avantürası
Ermənistanda Suriya ilə bağlı qalmaqal səngimir. Soydaşlarını müdafiə məqsədilə bu ölkədə aksiyalar keçirilir, geniş müzakirələr açılır. Hədəf isə yenə də bəllidir - Türkiyə. Erməni həyasızlığı o həddə çatıb ki, yeri gəldi-gəlmədi, Suriyanın Kassab qəsəbəsində sıx məskunlaşan ermənilərin ölümündə qardaş ölkə günahlandırılır. Türkiyə Xarici İşlər Nazirliyinin bununla bağlı çoxsaylı bəyanatları da erməniləri razı salmır. Hər dəfə rəsmi Ankara üsyançı dəstələri silahlandıraraq ermənilərin üzərinə göndərməkdə ittiham olunur.
Yeri gəlmişkən onu da qeyd edək ki, artıq separatçı Dağlıq Qarabağ respublikasının mətbu orqanları Suriyaya könüllü erməni hərbi birləşmələrinin göndəriləcəyi haqda yazırlar. Lakin separatçı DQR Xarici İşlər Nazirliyi “Qarabağ silahlı qüvvələri dəstələrinin Suriyaya getməsi haqqında son zamanlar müxtəlif informasiya vasitələri tərəfindən yayılan” məlumatları təkzib edən bəyanatla çıxış edib. “Bu məlumatlar o dərəcədə cəfəngdir ki, bu kimi şayiələri şərh etməyi yersiz hesab edirik” deyə tanınmamış DQR XİN-in Panorama.am saytına cavabında bildirilib. Qarabağ ermənilərinin Suriyada döyüşlərə qatılmasını təsdiqləyən faktlar olmasa da, belə məlumatların yayılması səbəbsiz deyil. Belə ki, martın 25-də separatçı Qarabağ müharibəsi veteranı, tanınmamış Qarabağ parlamentinin üzvü Vahan Badasyan Kassab ermənilərini müdafiə etmək üçün silahlı dəstələr təşkil etmək təklifilə dünyanın müxtəlif ölkələrində yaşayan, xüsusilə, müharibə təcrübəsi olan erməniləri “Kassab bölgəsi ermənilərinin müdafiəsinə birləşməyə” çağırmışdı. Bundan sonra Dağlıq Qarabağdan 1500 yaraqlının Suriyaya yollandığını bildirən rusdilli Postskriptum.org saytı “İsanın ordusu Suriya torpağına desant çıxarıb” şərhini yazıb. Bəzi informasiya vasitələri və sosial şəbəkələrdə onlarla erməninin öldürüldüyü haqqında məlumatlar yayılmağa başlayıb. Hətta “YouTube” saytında bu “faktları əks etdirən” görüntülər də yer almışdı.
Maraqlıdır ki, son vaxtlar Rusiya informasiya vasitələrində “Kassab ermənilərinin qırğını” və “Qərbin biganəliyi” haqqında məlumatlar yayılmağa başlayıb. Moskvada naməlum bir erməni-rus qeyri-hökumət təşkilatı ötən həftəsonu aksiya təşkil etmiş və Kassab hadisələri ilə bağlı Türkiyə ilə Qərbi ittiham etmişdi. Aksiya iştirakçılarının Moskvada Suriya səfirliyi önünə “Kassab qurbanlarının xatirəsinə” gül-çiçək qoyması Ermənistan İctimai Televiziyasının xəbərlər buraxılışında yayımlanıb. Kassab əhalisi arasında itki olmadığı barədə həm Ermənistanda sığınacaq tapmış, həm də hazırda Kassabın 65 kilometrliyində yerləşən Latakiya şəhərinə sığınan erməni icmasının nümayəndələri bəyanatlar yayırlar. “Kommersant” qəzeti öz növbəsində “rəsmi məlumatlara görə, 80 nəfərin öldürüldüyünü" bildirib. Ermənistan XİN-i bütün bu ziddiyyətli məlumatları nə şərh edir, nə də təkzib edir. “Aravot” qəzetinin müraciətinə cavab olaraq nazirliyin mətbuat katibi Tiqran Balayan yalnız onu deyib ki, “Kassab erməniləri arasında itkilər olub-olmadığını yoxlayırıq”.
Eyni zamanda aprelin 3-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xarici işlər nazirlərinin yığıncağında Kassab hadisələri ilə bağlı birgə bəyanat qəbul olunub. KTMT baş katibi Nikolay Bordyuja sənədin Ermənistanın təklifi ilə qəbul olunduğunu bildirib. KTMT üzv ölkələrinin XİN rəhbərləri “hakimiyyət qüvvələri ilə “Əl-Qaidə” ilə əlaqəli ekstremist dəstələr arasında qarşıdurma nəticəsində Suriyanın şimal-qərbində vəziyyətin kəskin şəkildə gərginləşməsinin insan itkisinə səbəb olmasından və əksərən ermənilərlə məskunlaşmış Kassab şəhərinin minlərlə sakinlərinin məcburi köçkünə çevrilməsindən” narahat olduqlarını bildirib və “dinc əhaliyə qarşı terror aktlarını” pisləyiblər.
Ermənistan təhlilçiləri isə Kassab hadisələrinin təbliğat və manipulyasiya alətinə çevrilməsi və ermənilərin Suriya münaqişəsinə sürüklənməsi təhlükəsini görürlər. “Rəsmi Yerevan Rusiyanın Kassab ermənilərini münaqişə tərəfinə, bütün erməniləri isə müsəlman aləminin hədəfinə çevirmək cəhdlərinin qarşısını alacaq bəyanatla çıxış etməlidir” – deyə Lragir.am internet nəşrinin siyasi icmalçısı Hakob Badalyan deyib. Onun sözlərinə görə, separatçı DQR və Qarabağ müharibəsinə aidiyyəti olan bütün təşkilatlar da Ermənistandan və Qarabağdan Suriyaya heç bir silahlı dəstə getmədiyini bəyan etməlidirlər. Badalyan daha sonra ölkəsinin KTMT tərəfindən təhlükəli və cinayətkar avantüraya cəlb olunması xəbərdarlığını edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər