AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Ermənilərin işğalçı siyasətini bir daha sübut etdik”

“Ermənilərin işğalçı siyasətini bir daha sübut etdik”

Müsahibə
21 İyul 2020, 18:21 1258
Macarıstandakı Azərbaycan diasporunun rəhbəri Ramiz Əmirli: Bütün dünyaya göstərdik ki, biz Azərbaycan türkləri vətən, torpaq üçün bir yumruq kimi birləşməyi bacarırıq
 
Tovuz istiqamətində gedən döyüşlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıları birləşməyə, haqq səsimizi dünyaya yaymağa yenidən ruhlandırdı. Diaspor təşkilatları, tələbələr, başqa ölkələrdə yaşayan həmvətənlərimiz Milli Ordumuza dəstək aksiyaları keçirdilər. "Qarabağ bizimdir, bizim olacaq”, "Şəhdlər ölməz, Vətən bölünməz” və s. şüarlarla küçələrə çıxdılar.
Macarıstandakı Azərbaycan diasporunun rəhbəri Ramiz Əmirli "Kaspi”yə müsahibəsində təkcə həyata keçirdikləri aksiyadan deyil, ümumən rəhbərlik etdiyi Cəmiyyətin fəaliyyətindən, görəcəyi işlərdən də söhbət açdı.
 
İki dost ölkə üçün
 
- Ramiz müəllim, başçılıq etdiyiniz Cəmiyyətin fəaliyyəti haqqında nə deyə bilərsiniz? Ölkəmizin xaricdə tanıdılması baxımından təşkilatın fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?
 
- Rəhbərlik etdiyim "Qardaslıq” Macar-Azəri Birgə Cəmiyyəti 2011-ci ildən fəaliyyət göstərir. Əsas üzvlərimiz macarlar olsa da, azərbaycanlılar da var. Amma Macarıstanda heç də çox azərbaycanlı yaşamır. Çoxluq təşkil edən burada təhsil alan tələbələrimizdir. Ümumilikdə 800 nəfərə yaxın azərbaycanlı tələbə Macarıstanda təhsil alır. Fəaliyyətimizin məqsədi iki dost ölkə arasında bütün münasibətləri, əlaqələri daha da genişləndirmək və bu işdə yaxından iştirak etməkdən ibarətdir. Çəkinmədən deyə bilərəm ki, həqiqətən də buna nail olmuşuq və həm də təqdirəlayiq çox işlər görmüşük. İki ölkə arasında ilk ticari əlaqəni də məhz biz yaratmışıq. Cəmiyyətimizin aparıcı heyəti olan macar dostlarla birlikdə bu işi hələ 1993-cü ildən görməyə başlamışıq. Həmin dostlarla sonralar gördüyümüz böyük işlərin nəticəsində dövlət səviyyəli münasibətlərimiz də 2012-ci ilin avqust ayından sonra daha yüksək səviyyə alıb və indiyə kimi də günü-gündən inkişaf etməkdədir. Cəmiyyətimizin təşkilatçılığı ilə macar tarixçi, dilçi alimlərin azərbaycanlı həmkarları ilə çoxtərəfli görüşləri baş tutub, birgə macar-Azərbaycan lüğəti, Qarabağ problemlərini əks etdirən kitablar yazılıb və çap edilib. Bununla bərabər, ağrılı yerimiz olan Xocalı faciəsi barədə sənədli filmlər göstərilib, konfranslar, anim tədbirləri keçirmişik. Bir çox macar alimlərinin Azərbaycana və eləcə də azərbaycanlı alim və tarixçilərin Macarıstana səfərlərini təşkil etmişik. Ölkəmizi Macarıstanda və eləcə də qonşu ölkələrdə tanıtmaq üçün bütün imkanlarımızdan istifadə etmişik. Macarıstanda insanlar Azərbaycan haqqında çox məlumatlıdırlar. İstər macar hökuməti, istərsə də macar ictimaiyyəti həmişə Azərbaycanın yanında olduqlarını dəfələrlə sübut ediblər. Buna bariz nümunə kimi Macarıstanda ömürlük həbs cəzası alan zabitimiz Ramil Səfərovun 2012-ci ilin avqust ayında Azərbaycana ekstradisiyasını göstərmək olar. Çox maraqlıdır ki, yenicə təyin olunan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun da ilk beynəlxalq səviyyəli görüşü məhz Macarıstanın Xarici İşlər naziri Szijjarto Peterlə bu yaxında Bakıda baş tutdu.
 
- Dünyanın bir çox ölkələrində olduğu kimi, ötən həftə Budapeşt şəhərində də ordumuza dəstək aksiyası keçirildi. Aksiyanın yaratdığı ajiotaj nədən ibarət oldu? Ermənilərin reaksiyası necə idi?
 
- Dünyanın bir çox ölkələrindəki vətəndaşlarımız kimi, biz də Macarıstanın Budapeşt şəhərində iyul ayinin 18-də möhtəşəm bir aksiya keçirdik. Aksiyanın təşkilatçısı tək bizim Cəmiyyət deyildi, bizimlə bərabər Azərbaycan Evi və Macar–Azərbaycan Gənclər Birliyi çox yaxından iştirak etdilər. Aksiyanın yaratdığı ajiotaj ondan ibarət oldu ki, biz Avropa ölkələri ilə bərabər, Macarıstanda da son zamanlar erməni işğalçılarının dövlətimizə qarşı hərbi təcavüzünü bir daha sübut etdik. Bizim aksiyada qardaş türklərlə bərabər, macar və digər millətlərin vətəndaşları da iştirak edirdilər. Aksiyamızın möhtəşəmliyi və əllərimizdə tutduğumuz plakatlarla "Qəhrəmanlar Meydanı”na yığışıb aksiyanı seyr edən insanların diqqətini cəlb edə bildik. Onlara tarixi həqiqətlərimizi əks etdirən kitablar, məlumat bülletenləri payladıq. Az da olsa dünyanın diqqətini işğalçı ermənilərə yönəldə bildik. Eyni şeyləri bütün Avropa və dünya ölkələrində yaşayan həmvətənlilərimiz də həyata keçirməyi bacardılar. Bütün bunlar erməniləri şoka salmışdı. İşğalçı ermənilərə sübut etdik ki, biz nəinki vətənimizi qorumağı bacarırıq, hətta doğma Qarabağımızı da tezliklə o ünsürlərdən tam təmizləyəcəyik. Onlar özləri də bunu çox yaxşı dərk etdilər və məhz ona görə də təşvişə düşmüşdülər. Düşmən, həmçinin dərk etdi ki, bizim Türkiyə kimi qardaşlarımız var və türklər də bu savaşa biganə qalmayacaqlar. Bir daha bütün dünyaya sübut etdik ki, biz Azərbaycan türkləri vətən, torpaq üçün bir yumruq kimi birləşməyi bacarırıq! Vətən yolunda hamılıqla Şəhid olmağa belə hazırıq!
 
Daha yaxşı birləşmək
 
- Macarıstanda yaşayan, oxuyan, işləyən azərbaycanlıların bir araya gəlməsi, təşkilatlanması hansı səviyyədədir?
 
- Düzü, Macarıstanda daimi yaşayanlarımız heç də çox deyil. Amma burada oxuyan-işləyən azərbaycanlılarımız var. Onların əksəriyyəti də Budapeşt şəhərində yaşayır. Sevindirici haldır ki, savadlı gənclərimiz çoxdur. Bu, qürurvericidir. Savadlı, müasir dünyagörüşlü gənci olan bir cəmiyyətin və ya dövlətin mütləq parlaq gələcəyi olacaq. Gənclərimiz Macarıstan-Azərbaycan Gəncləri Birliyi yaradıblar və burada sıx birləşiblər. Onlar Macarıstanın müxtəlif şəhərlərində çoxsaylı görüşlər keçirir və macar cəmiyyətinin içərisinə sızmağı artıq bacarıblar. Yaşadıqları ölkənin qayda-qanunlarına hörmət edərək, həmin millətin aparıcı gəncləri ilə münasibət quraraq, bir-birləri ilə elm, texnologiya sahəsində fikir mübadiləsi aparırlar. Bu da çox sevindirici haldır. Bütün bunlar təşkilatlanmağımızın təzahürüdür və ümid edirəm ki, bu işə daha məsuliyyətlə yanaşaraq daha yaxşı birləşməyi və işlər həyata keçirməyi bacaracağıq.
 
- Diaspor təşkilatı olaraq çalışdığınız ölkədəki bütün azərbaycanlıları ətrafınıza yığa bilmisinizmi?
 
- Deyə bilərəm ki, bəli, bunu bacarmışıq. Çünki elə keçən şənbə günü keçirdiyimiz uğurlu aksiya buna bariz nümunə idi. Amma desəm ki hami bizdən razıdır, qeyri-səmimi olar. Nə qədər çalışsan da, yenə bir neçə nəfər narazı olan tapılacaq. Mən buna normal hal kimi baxıram. Düzü, diasporun son zamanlar həqiqi canlanması, Diasporla İş üzrə Dövlət Komitəsinə Fuad Muradovun təyin olunmasından sonra baş verib. Cənab Prezidentimizin bu təyinata imza atması çox şeyi dəyişdirdi. Fuad Muradovu sədr təyin edilməsi yeni bir dövrün başlanmasına şərait yaratdı. Fuad müəllim gənc, enerjili və səmimi bir insandır. O, bu vəzifəyə təyin olunandan sonra qısa zaman ərzində böyük işlər görməyi bacardı. Xaricdə yaşayan vətəndaşlarımızı bir araya yığmaq üçün var qüvvəsini səfərbər etdi. Onun ən böyük nailiyyəti öz ətrafına məhz yaxşı bir komanda yığmaq oldu. Başçılıq etdiyi bu komanda ilə birgə xaricdə yaşayan bütün azərbaycanlıları bir araya gətirə bildi. Bu günlər də bunun sübutunu gördük. Hətta Fuad Muradovun bu komandası barədə macar mediasında dəfələrlə yazılar öz əksini tapıb.
 
Qadağalar aradan götürülüb
 
- Hazırda dünya koronavirus pandemiyasından əziyyət çəkir. Macarıstanda COVİD-19-la mübarizə necə aparılır? Ümumiyyətlə ölkədə pandemiya ilə bağlı vəziyyət necədir?
 
- Macarıstan dövləti pandemiya ilə əlaqədar vaxtında qabaqlayıcı, çevik addımlar atmağı bacardı. Avropanın heç bir ölkəsində nümunəsi olmayan böyük səyyar xəstəxana tikilib istifadəyə verildi. Pandemiya dövrünün əvvəli Macarıstanda da müəyyən qadağalar qoyuldu.  İctimai yerlərdə maska taxmalar, insanların bir-birindən 2 metr məsafə saxlaması və s. tədbirlərə riayət olundu. Hal-hazırda Budapeşt şəhərində 184 nəfər, bölgələrdə isə 327 nəfər Covid-19 xəstəsi var. İndiyə kimi bu xəstəlikdən ölənlərin sayı Budapeştdə 361, bölgələrdə isə 235 nəfərdir. Həkimlərin səyi nəticəsində 3232 nəfər bu xəstəlikdən tam olaraq sağalıb. Artıq başqa Avropa ölkələrində olduğu kimi, Macarıstanda da bütün qadağalar, demək olar ki, aradan götürülüb. Bütün iş yerləri açıqdır. Həyat tam olaraq öz axarına qayıdıb. Amma hər zaman hər şey ola bilər. Bu xəstəliyin 2-ci dalğası baş verəcəksə, onda yenidən sərt qaydalar işə düşə bilər. Hazırda Macarıstanda pandemiya ilə bağlı vəziyyət yaxşıdır və tam olaraq nəzarət altındadır.
 
Azərbaycanlıların doğma evi
 
- Azərbaycanla Macarıstan arasındakı iqtisadi, mədəni, elmi əlaqələr hansı səviyyədədir?
 
- Macarıstanla Azərbaycan arasında yuxarıda qeyd etdiyim kimi, iqtisadi, mədəni, elmi əlaqələr çox yüksək səviyyədədir. Bircə nümunə demək məncə yetərli olar: indiyə kimi yüzlərlə tələbəmiz Macarıstan dövlətinin hesabına təhsil alıb və indi də alır. Prezident İlham Əliyevin və Macarıstanın Baş Naziri cənab Orban Viktorun birgə imzaladıqları müqaviləyə əsasən, bütün bunlar həyata keçirilir. Sevindirici haldır ki, iki ölkə arasında bütün əlaqələr dostluq səviyyəsindədir. Elə iki ölkə başçılarının şəxsi münasibətləri də sıx dostluq münasibəti səviyyəsindədir. İqtisadi əlaqələrə gəlincə, şəxsən tanıdığım bir çox iri firmalar macar firmaları ilə iş birliyindədirlər. Bunlar müxtəlif sahələrdə özünü göstərir. Kənd təsərrüfatı, texnologiya, iribuynuzlu damazlıq heyvanlar, döl yumurtalar, heyvandarlıq üçün dərmanlar və s. Bundan başqa, mədəni sahədə də əlaqələr genişdir. Dəfələrlə elm və mədəniyyət adamlarının görüşlərini təşkil etmişik, birgə layihələr həyata keçirilib və hələ keçiriləcək layihələrimiz də var. İşlərimizi bir az pandemiya məsələsi gecikdirdi, bu da yəqin ki, tezliklə bitər. Onda biz də işlərimizi yenidən davam etdirəcəyik.
 
- Müsahibələrinizin birində "yaxşı olardı ki, Budapeştdə də Azərbaycan Evi açılsın” demişdiniz. Bu arzunuz reallaşdımı?
 
- Demək olar ki, bu arzumuza da çatdıq. 2019-ci il dekabrın 26-dan Budapeşt şəhərində Azərbaycan Evini aca bildik. Daha doğrusu, bunu da elə Diasporla İş üzrə Dövlət Komitənin sədri Fuad Muradovun təşəbbüsü ilə açdıq. İnanın ki, pandemiya dövründə Azərbaycan Evi burada yaşayan azərbaycanlıların doğma evinə çevrildi. Macarıstana turist kimi gələn və ya burada təhsil alan, amma pandemiya ilə əlaqədar vətənə dönə bilməyənlərin hamısının doğma yeri məhz Azərbaycan Evimiz oldu. Azərbaycan Evi olaraq vətəndaşlarımıza dəfələrlə maska, əlcək, ərzaq paketləri və digər maddi yardımlar göstərdik. Bütün bunları biz Komitəmizin və onun rəhbəri Fuad müəllimin köməkliyi nəticəsində edə bildik. Əlbəttə ki, pandemiya dövründə başda hörmətli səfirimiz Vilayət Quliyev olmaqla, səfirliyimizin də bütün işçiləri bir nəfər kimi ayaqda idi. Vətəndaşlarımızın rahatlığı və onların ehtiyaclarını ödəmək üçün bütün qüvvələrini səfərbər etdilər. Azərbaycan Evimiz Komitədə yaradılmış qaynar xətlə həmişə əlaqə saxlayır və operativ fəaliyyət göstərərək çətinliklə üzləşən bütün vətəndaşlarımızın yanında olmağı bacarır. Lazım olanlara ev kirayələdik, hətta müvəqqəti Azərbaycan Evində qalanlar da oldu. Bir sözlə, vətəndaşlarımız üçün əlimizdən gələn hər şeyi etdik. İyulun 17-də dövlətimizin təşkil etdiyi çarter təyyarəsi ilə hamını vətənə yola sala bildik. Azərbaycan Evinin fəaliyyəti çoxşaxəlidir. Görüləsi çox işlərimiz var. Burada yaşayan vətəndaşlarımızı həmişə bir yerə toplamaq, milli bayramlarımızı birgə qeyd etməklə bərabər, həm də macar cəmiyyətinə milli dəyərlərimizi tanıtmaq üçün birgə çox proqramlar həyata keçirəcəyik. Yetər ki, millətimiz var olsun! Tezliklə başımızın üzərində toplanan o qara buludlar dağılsın! Uca millətimizə birlik, əzmkarlıq və dar gündə bir yumruq kimi birləşməyi arzulayıram!
 
Söhbətləşdi
Təranə Məhərrəmova