• cümə, 29 Mart, 17:03
  • Baku Bakı 14°C

Ermənilərin Fransadakı məğlubiyyətinin əks-sədası

18.06.19 21:01 859
Ermənilərin Fransadakı məğlubiyyətinin əks-sədası
Ermənistan beynəlxalq hüququn tələbini, ölkələrin ərazi bütövlüyü prinsipini pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal edib. Bu ərazilərin qeyd-şərtsiz azad olunmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə indiyə qədər Ermənistan tərəfindən icra olunmayıb. 1994-cü ildə tərəflər arasında atəşkəs haqqında saziş əldə olunandan indiyə qədər ötən müddət ərzində də işğalçı Ermənistan sülh danışıqlarından yayınıb, müxtəlif təxribatlara əl ataraq cəbhə bölgəsində vəziyyəti daha da gərginləşdirib. Bununla yanaşı, Ermənistan hakimiyyəti dünyadakı erməni lobbisinin və onların təsiri altında olan qüvvələrin dəstəyi ilə Dağlıq Qarabağda yaratdığı qondarma qurumun tanıdılması istiqamətində təbliğatını da davam etdirib. Azərbaycanın işğal olunmuş ərazisində yaradılan oyuncaq respublikanı beynəlxalq hüququn bir subyektinə çevirmək üçün rəsmi İrəvan ən müxtəlif vasitələrə əl atıb. Lakin rəsmi Bakının uğurlu diplomatiyası sayəsində bütün dünya dövlətləri işğal altındakı Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycanın ərazisi kimi tanıyıb, münaqişənin yalnız ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn prinsipləri əsasında həllini tapmasını dəstəkləyiblər.

Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv etməsi də bu qəbildən olan hadisədir. Bu işlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb və mayın 29-da başa çatıb. Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb. Onu da əlavə etmək yerinə düşər ki, bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf yeddi rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi. İyun ayının 11-də Fransanın Qrenobl İnzibati Məhkəməsinin (Tribunal administratif de Grenoble) qərarı ilə Drom, Valans, Bur le Valans və Bur de Peaq departamentlərinin Dağlıq Qarabağdakı 4 bələdiyyə ilə imzalanmış "Dostluq Xartiya"ları da qanunsuz sayılaraq ləğv olunub. Qrenobl Məhkəməsinin qərarına görə, sözügedən departamentlərin 26 ildən bəri işğal altında olan Azərbaycan əraziləri ilə belə sənədlər imzalamaq hüquqları yoxdur. Qərarda bildirilib ki, həmin sənədlər Fransanın xarici siyasət kursu və prinsipləri ilə kəskin ziddiyyət təşkil edir, rəsmi Parisin yürütdüyü siyasətin əsas, təməl prinsiplərini nəzərə almır.
Xatırladaq ki, Azərbaycan separatçı rejimin işğalı legitimləşdirmək, Fransa şəhərləri ilə qarşılıqlı əlaqələr qurmaq cəhdlərini dəfələrlə rəsmi Paris qarşısında qaldırıb. Birinci vitse-prezident Mehriban Əliyeva da Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırıb. Bundan başqa, bu ilin fevralında erməni diasporunun nümayəndələri ilə görüş zamanı Prezident Emanuel Makron bu tipli xartiyaların imzalanması və işğalçı rejimlə Fransa şəhərləri arasında əlaqələrin qurulmasını ölkəsinin dövlət maraqlarına, beynəlxalq öhdəliklərə və hüquqa zidd olduğunu bildirib. Göründüyü kimi, Fransa məhkəmələri ədalətin öz yerini tapması üçün mühüm qərarlar qəbul edib.

Hər iki hadisə, yəni Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi, Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb. Ermənilər qeyd edirlər ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir. Digər tərəfdən ermənilər onu da etiraf etməyə məcburdurlar ki, Fransada erməni lobbisi nə qədər güclü olsa belə, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa neytrallıq saxlamağa məcburdur. Həmçinin sadalanan məsələlər elə kobud beynəlxalq qanunvericilik pozuntusudur ki, heç bir, hətta müstəqil olmayan məhkəmə belə ona bəraət qazandıra bilməz. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə istənilən qeyri-qanuni, anti-Azərbaycan xarakterli addımların qarşısını almaq gücündədir.


Bununla yanaşı, heç kimə sirr deyil ki, Fransa son illər ərzində Azərbaycanla siyasi və iqtisadi əlaqələrini gücləndirib və bu amil prezident Makron başda olmaqla, Fransa hakimiyyətinin mövqeyinə öz təsirini göstərməyə bilməz. Erməni əsilli Fransa politoloqu Gaids Minassian da bu həqiqətləri etiraf etməklə bərabər, bütün baş verənlərə görə Ermənistan və erməni lobbisinin məsuliyyət daşıdığını vurğulayıb. Onların fəaliyyətində dəyişiklik olmayacağı təqdirdə, bu prosesin davamlı xarakter daşıyacağını bəyan edib. Bu yerdə qeyd etmək yerinə düşər ki, G.Minassian radikal anti-Azərbaycan və anti-türk mövqeyə malik daşnakdır. O, "Le Monde” qəzetinin elektron versiyasında rəhbər işçilərdən biridir, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz üzrə ekspert qismində çıxış edir. Fransada yaşasa da, tez-tez Ermənistana gedib-gəlir. Eyni zamanda o, 2016-cı ilin aprel döyüşlərdən sonra Fransa mətbuatında Azərbaycana qarşı çirkin kampaniya təşkil edənlərdən biri olub. Bu, bir tərəfdən konkret anti-Azərbaycan mövqeyi olan bir şəxsin nüfuzlu "Le Monde” qəzetində aparıcı mövqelərdən birinə sahib olduğunu və bu halın nəşrin obyektivliyinə kölgə saldığını da göstərir. Digər tərəfdən həssas məqamlarda "Le Monde”nin Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında hansı məqamın durduğunu nümayiş etdirir.


Mövzu ilə bağlı millət vəkili, politoloq Hikmət Babaoğlu "Kaspi” qəzetinə bildirib ki, Ermənistan mövcud status-kvonu legitimləşdirmək üçün mütəmadi olaraq planlı şəkildə müxtəlif təxribatlara əl atır. Onun fikrincə, belə təxribatlardan biri də erməni lobbisinin güclü olduğu ölkələrdə bu imkanlardan istifadə etməklə işğal etdikləri Azərbaycan torpaqlarında yerləşən inzibati əraziləri həmin ölkənin müvafiq əraziləri ilə siyasi-hüquqi identifikasiya etmək cəhdləridir: "Bir müddət əvvəl Fransanın Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında "Dostluq haqqında xartiya” imzalanmışdı. Bu fakt, əlbəttə ki, digər bənzər faktlar kimi Azərbaycan tərəfindən nəzarətə götürüldü və onun ləğv edilməsi üçün müvafiq qurumlarla səmərəli iş aparıldı. Nəticədə Azərbaycan problemin hüquqi müstəvidə və obyektiv şəkildə həll edilməsinə nail oldu. Belə ki, Fransa inzibati məhkəməsi ilk olaraq bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "xartiya”nı ləğv etdi. Bunun ardınca Qrenobl İnzibati Məhkəməsinin qərarı ilə Drom, Valans, Bur le Valans və Bur de Peaq departamentlərinin Dağlıq Qarabağadakı 4 bələdiyyə ilə imzalanmış "Dostluq Xartiya”ları da qanunsuz sayılaraq ləğv olundu. Fransa kimi, erməni lobbisinin və ermənipərəst mərkəzlərin güclü olduğu bir ölkədə buna nail olmaq, əlbəttə, uğur hesab edilə bilər”.

Millət vəkili bildirib ki, Fransa məhkəmələrinin qəbul etdiyi sözügedən qərarlar yeni hüquqi presedent yaradır. Onun sözlərinə görə, Məhkəmənin öz qərarını, imzalanmış "sənəd”in qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması ilə əsaslandırması, bu hüquqi presedentin digər bənzər hallara da şamil edilməsi təcrübəsini yaradır: "Bu, təkcə Fransada deyil, Avropa İttifaqının digər ölkələrində də bənzər hadisələr baş verərsə, presedent kimi qəbul edilə bilər. O da məlumdur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Fransaya sonuncu səfəri zamanı bu tipli məsələləri də Fransa hökumətinin diqqətinə çatdırmış və belə məsələlərin yolverilməz olduğunu bildirmişdi. Nəticəni çox da gözləməli olmadıq və Fransa məhkəməsinin ədalətli qərarının şahidi olduq. Beləliklə, Fransa məhkəmələri bu qərarlarla Dağlıq Qarabağla bağlı ədalətli presedent yaratdı. Şübhəsiz ki, Azərbaycan bundan sonra da öz hüquqlarını fəal şəkildə müdafiə edəcək və mütləq öz ərazilərinin işğaldan azad edilməsinə nail olacaq”.

Politoloq Nəzakət Məmmədova da hesab edir ki, Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi olduqca təqdirəlayiq haldır. Onun qənaətincə, bu hadisələr onu göstərir ki, artıq Fransa məhkəmələri sözügedən sahədə ədalətli mövqe tutmağa başlayıblar. N.Məmmədova bildirib ki, Fransanın Cənubi Qafqazda mühüm tərəfdaş hesab etdiyi Azərbaycanla əlaqələrinin yaxşılaşması, ölkəmizin ictimai rəyi arasında nüfuzunun yüksəlməsi üçün məhkəmələrin belə doğru, ədalətli qərarları mühüm presedent ola bilər. Politoloqun sözlərinə görə, bu, Fransanın həmsədr kimi nüfuzunu artıra, ona münasibətdə Azərbaycan xalqı arasındakı itirilmiş etimadı azca da olsa, bərpa edə bilər. N.Məmmədova onu da əlavə edib ki, Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi, Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb: "Artıq onların özləri də etiraf edir ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir. Azərbaycan həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə istənilən qeyri-qanuni, anti-Azərbaycan xarakterli addımların qarşısını almaq gücündədir. Son illər Azərbaycanla Fransa arasında siyasi və iqtisadi əlaqələrini güclənməsi, Fransa hakimiyyətinin mövqeyinə öz təsirini göstərməyə bilməz”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər