• şənbə, 20 Aprel, 02:19
  • Baku Bakı 15°C

Ermənilərin əlində alətə çevrilən təşkilat

16.01.18 18:49 616
Ermənilərin əlində alətə çevrilən təşkilat
İnsan haqlarının qorunması üzrə "ixtisaslaşdığını” beynəlxalq aləmə sırımağa çalışan "Freedom House” növbəti dəfə ölkəmizə qarşı qərəzli mövqeyini ortaya qoyub. Bəlli olduğu kimi, son bir neçə ildə "Freedom House” Azərbaycanda, eləcə də dünyanın bir sıra ölkələrində söz, insan hüquq və azadlıqları haqqında illik hesabatlar yayır. Qərəz, ikili standartlar, ayrı-seçkilik, ikili yanaşma – artıq bu qurumun əsas prinsiplərindən birinə çevrilib desək, yanılmarıq. Adıçəkilən qurumun son hesabatı da əksəriyyət tərəfindən qeyri-ciddi və qərəzli qəbul edilir. Hesabatda Azərbaycanın adını qeyri-azad ölkələr sırasında göstərən qurum sözün əsl mənasında erməni lobbisinin əlində alətə çevrilib. Şübhəsiz ki, belə təşkilatları demokratiya, haqq-ədalət yox, hansısa bir qurum tərəfindən verilən maliyyə maraqlandırır. Təşkilatın hazırladığı hesabat əksər hallardahəmişə qərəzli, reallıqdan tamamilə uzaq olur, yalan və böhtana əsaslanır. Bu dəfə də hər şey göz qabağındadır. Tək bir faktı qeyd edək. Nədən təşkilat öz hesabatında həmişə işğalçı Ermənistana üstünlük verir? Azərbaycanın 20 faizdən artıq ərazisini zəbt edən, bir milyondan artıq dinc əhalini evsiz - eşiksiz qoyan, terror aktları sayəsində on minlərlə insanı vəhşicəsinə qətlə yetirən bir ölkəyə öz hesabatında üstünlük verən təşkilatı obyektiv adlandırmaq olarmı?
"Freedom House”un sənədlərində göstərilir ki, onun əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır. Lakin təşkilat bir milyondan artıq azərbaycanlının hüquqlarının pozulmasına diqqət yetirmir. Təşkilatın bu böyüklükdə haqsızlığı görməzliyə vurması siyasi möhtəkirlikdir. İnsan hüquq və azadlıqlarının vəziyyətinə görə Azərbaycanın "qeyri-azad”, Ermənistanın isə "qismən azad” ölkələr sırasına daxil edilməsinə nə ad vermək olar axı?
Dağlıq Qarabağ məsələsinin bir kənara qoyaq. Ermənistanın daxilində qanunsuz həbslər, jurnalistlərə qarşı hücum və həbslər, korrupsiya və rüşvət barədə dəfələrlə yazılıb. Hətta bu cür hallar artıq Ermənistan üçün adiləşib. Amma bunlar sözügedən hesabatda yer almır. Axı erməni siyasi fəallar və müxalifət mətbuatı bu barədə mütəmadi olaraq yazır. Məsələn, müxalif "Haykakan jamanak” ("Erməni zamanı”) qəzetinin redaktor müavinin həbsinə təşkilat tərəfindən reaksiya verilmir. Parlamentdəki və parlamentdən kənar siyasi qüvvələr, hüquq müdafiə təşkilatları jurnalist Hayk Qevorqyanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı xahişlərinə də heç bir reaksiya verilməyib. Ermənistanın vətəndaş cəmiyyəti institutları dəfələrlə bəyan ediblər ki, ölkə müstəqillik əldə etdikdən sonra hakimiyyətə gələn üç prezidentin hər birinin dövründə jurnalistlərin təqibi və sifarişlə qətli adi hal alıb.
Kriminal, hərbi-xunta tərəfindən idarə edilən Ermənistan hakimiyyəti zaman-zaman mətbuatı "boğmaqla” daxildə baş verənləri gizlətməyə çalışıb. Bu isə müstəqil jurnalistlərin canı və qanı bahasına başa gəlib. Ermənilər özləri bəyan edirlər ki, 1994-cü ildən ölkədə söz azadlığı mövcud deyil. Bundan əlavə, işğalçı ölkədə jurnalistlər təqib olunur, mətbu orqanlar müxtəlif bəhanələrlə bağlanılır. Parlamentin qəbul etdiyi qanunlar jurnalistlərin fəaliyyətini məhdudlaşdırıb. Necə olur ki, "Freedom House” digər beynəlxalq bir qurumun "Sərhədsiz Reportyorlar” Birliyinin 180 ölkə arasında apardığı monitorinqdə Ermənistanla bağlı qeydləri qulaqardına vurur? Belə ki, həmin hesabata əsasən, Ermənistan KİV nümayəndələrinə qarşı təzyiqlərə görə ilk sıralardadır. Söz azadlığı komitəsinin sədri Aşot Melikyan deyib ki, Ermənistanda jurnalistlər addımbaşı qadağalar və təzyiqlərlə üzləşirlər. Onlar tez-tez döyülürlər. Əgər hakimiyyət media üzərində təzyiqlərinə davam edəcəksə, vəziyyət daha pis olacaq. İndi ölkə mətbuatı heç vaxt olmadığı qədər təhlükə altındadır. Hökumət media təmsilçilərinin mitinqləri işıqlandırması haqqında beynəlxalq səviyyədə öhdəlik götürsə də, reallıqda bunun əksi müşahidə olunur.
Ermənistanda özü də tək media sahəsində deyil, bütün sahələrdə, addımbaşı insan haqları pozulur. Məsələn, ölkədə korrupsiya baş alıb gedir, iqtisadiyyat inhisara alınıb. Digər məqamları da vurğulamaq olar. Lakin "Freedom House”un hesabatında bunlar deyil, başqa şeylər yer alıb. Guya Ermənistanda insanlar sərbəst toplaşıb fikirlərini bildirirlər, müxalifət üçün geniş fəaliyyət imkanları yaradılıb. Sən demə, Ermənistan bu məsələdə hətta Rusiyadan da irəlidədir.
Şübhəsiz ki, bu kimi üzdəniraq qurumlar ölkəmizlə bağlı nə qədər bu cür "hesabat” versələr də, qiymətləndirmələr səsləndirsələr də, heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər.
Bu cür açıqlamalar, hesabatlar Azərbaycanın beynəlxalq reytinqinə, nüfuzuna zərb vurmaq iqtidarında deyil. Ölkə prezidenti İlham Əliyev bu təşkilata verdiyi qiymət onun əsl mahiyyətini dolğun şəkildə əks etdirir. Ölkə prezidenti bildirib ki, ""Freedom House” ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır. Uzun illər "Freedom House”un rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulmuş və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilmiş Kramer olub. Deyim ki, "Freedom House”un hesabatlarının bizim üçün heç bir əsası yoxdur və bu təşkilatın bu sənəddə qeyd olunması məndə təəccüb doğurur”.


Azər
banner

Oxşar Xəbərlər