• çərşənbə, 24 Aprel, 15:31
  • Baku Bakı 27°C

Ermənilərin 30 il əvvəl başlayan fəlakəti

21.02.18 19:35 640
Ermənilərin 30 il əvvəl başlayan fəlakəti
Otuz il bundan öncə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatına rəsmən start verildi. Bu tarixə qədər bölücülük fəaliyyətlərini gizli formada həyata keçirən separatçılar bu mənfur hərəkətləri ilə on minlərin insanın ölümünə, yüz minlərlə insanın isə ev-eşiklərindən didərgin düşməsinə səbəb oldular. Sözsüz ki, bu separatçı hərəkatda ən çox ziyan çəkən Azərbaycan tərəfidir. Lakin erməni faşist rejiminin bu siyasətindən erməni xalqı da az zərər çəkməyib. Və bu ziyan tək fiziki deyil, həm də siyasi, iqtisadi və mənəvi mənada ölçülür. Ermənistan hakimiyyəti fəxrlə torpaqları tutduğunu bəyan edir. Amma sirr deyil ki, bu işğalçı fəaliyyət erməni xalqının onsuz da ağır olan durumunu daha da çətinləşdirib. Ölkə regionun iri miqyaslı layihələrindən kənarda qalıb və qalmaqda da davam edəcək. Bu mənfur siyasətin sadə ermənilərə heç bir mənfəət gətirmədiyini onların ağlını hələ itirməmiş siyasiləri də açıq şəkildə etiraf etməyə başlayıblar. Vaxtilə ölkənin birinci prezidenti olmuş Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin həllində kompromislərə gedilməsini top-tüfənglə qarşılayanlar, indi artıq elə də sərt reaksiya göstərmirlər. Xüsusən də bu əhval-ruhiyyə Bakı-Qars dəmir yolu layihəsinin reallaşmasından sonra güclənib. Petrosyanın lideri olduğu "Erməni Milli Konqresi”nin sədr müavini Aram Manukyan "Azatyutyun” radiosuna müsahibəsində 30 il bundan əvvəl baş verənləri artıq sevinclə deyil, ürək ağrısı ilə xatırlayır. Onun sözlərinə görə, hakimiyyət orqanları bu "yubiley” tarixinə saymazyana münasibət bəsləyiblər. "Nə qaldı və biz nə itirdik” sualına Aram Manukyan belə cavab verib: "Nəyimiz var idi, o da qalıb. İnsanlarımız ölkəni tərk edib gediblər. Biz o vaxt yaşananları qeyd etməyə çalışırıq, hakimiyyətin isə kabinetlərdə başı pul qazanmağa qarışıb”, - deyə erməni siyasətçisi bildirib.
Qeyd edək ki, "yubiley”lə bağlı Serj Sarkisyan kiçik mətnli bir müraciətlə kifayətlənib. Maraqlısı odur ki, separatçı hərəkatın başlanmasına önəmli rol oynayan Levon-Ter Petrosyan bu dəfə hər hansı bir müraciətlə çıxış etməyib, mesaj yaymayıb. Yəqin ki, erməni separatçı hərəkatının vaxtilə öndə gedəni artıq anlayıb ki, bu fəaliyyət onlara zərərdən başqa heç bir xeyir gətirməyib. Bu müddət ərzində heç bir dövlət nəinki separatçı rejimin müstəqilliyini tanıyıb, əksinə işğal altında olan torpaqlardan Ermənistan qoşunlarının çıxarılmasını tələb edən qətnamələr qəbul edib. Ölkənin siyasi, hərbi, iqtisadi, sosial və demoqrafik resursları tükənməkdədir, həmçinin, suveren dövlət kimi Ermənistan öz mövcudluğunu ciddi sual altına qoyub.
Ermənistan istisna olmaqla, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların bəyanatları, qətnamə və qərarları, habelə ikitərəfli əsasda digər dövlətlərin bəyanatlarında və ikili sənədlərində təsbit olunub. Aram Manukyan da qeyd etdiyimiz fikirləri bir növ təsdiq etmiş olub. Onun sözlərinə görə, xalq anlamalıdır ki, aşağılanmaqla və əllərini aşağı salmaqla ölkəni itirir: "Erməni vətəndaşlar özlərində erməni ruhunu, genini qaldırmalıdırlar. Bunu aktivləşdirməyə çalışın. Qoy bir gün xalq ayağa qalxsın və partlayışa gətirib çıxaracaq addımlar atsın. Gözəl bir gündə bu Azadlıq meydanı yenidən Azadlıq meydanına çevriləcək. Ardınca bu hakimiyyəti süpürüb atacaq”. Ən maraqlısı isə o dövrün hadisələrini əks etdirəm fotosərgiyə insanların münasibəti olub. Məsələn, radioya açıqlamasında insanlar bildiriblər ki, artıq hər şey onlar üçün mənasız bir şeyə çevrilib. İnsanlarda əvvəlki əhval-ruhiyyədən əsər-əlamət qalmayıb. "Biz nəyi qazandıq, nəyi itirdik? Artsaxı qoruyub saxladıq, sivilizasiyanı isə itirdik” - deyə sakinlərdən biri bildirib.
Beləliklə, artıq erməni siyasətçiləri, cəmiyyəti anlayır ki, Dağlıq Qarabağ uğrunda haqsız mübarizə onlara yalnız və yalnız fəlakət gətirib. Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, Azərbaycan ərazilərinin işğalına son qoyarsa, bir o qədər də tez regionda davamlı sülh və sabitlik bərqərar olar.
Azər
banner

Oxşar Xəbərlər