Erməniləri qorxudan “silah”
"İdmanda siyasətə yer
yoxdur” deyirlər. Amma etiraf etmək lazımdır ki, idman həm də siyasətdir.
Yaxşı, gəlin daha incə ifadə tapaq - idman diplomatiyadır. Zərif diplomatiya.
Amma qıcıqlandırıcı, əsəbiləşdirici, bəzən də öldürücü diplomatiya. Bu "zərif
diplomatiya” siyasət meydanındakı kobud, qaba ikili standartları elə əzir, elə
əzir ki...
Və məlum olur ki, "Qarabağ”
həm də çox güclü "silah”dır. Düşməni qıcıqlandıran, əsəbiləşdirən "silah”. Lüksemburqda
baş verənlər bunun sübutu idi. "Qarabağ”ın avrokuboklarda çıxış etməsi
ermənilərin külli miqdarda vəsait hesabına apardıqları təbliğatı "qısır” edir.
Neçə illərdir ki, Londonda, Monakoda, Sent-Etyendə, Dortmundda, Madriddə, nə
bilim, Finlandiyada, Kiprdə, Polşada, Hollandiyada Azərbaycan klubu "Qarabağ” meydana
çıxır. Həm də Avropaya "Qarabağ Azərbaycandır!” mesajını verir.
Düşmən belə "silah”dan,
ilan vuran ala çatıdan qorxurmuş kimi qorxur. Bəli, idmanda siyasətə yer
yoxdur. Lakin idman həm də diplomatiyadır. Zərif, incə, amma qıcıqlandırıcı,
bəzən də öldürücü diplomatiya. Amma baxır, bu incə "silah”dan kim necə
yararlanır.
Bakıda Avropa Liqasının
final oyunu keçiriləndə də ermənilər qıcıqlanmışdılar. Çünki, Avropa Liqasının
final qarşılaşması olduqca böyük masştablı oyundur. Belə oyun hər ölkəyə, hər
şəhərə həvalə edilməz. Bunun üçün infrastrukturun, iqtisadi qüdrətin olmalıdır.
Erməniləri qıcıqlandıran elə bu idi. Avropa Liqasının finalı Bakıda
keçirilirsə, deməli, Azərbaycanın iqtisadi qüdrətinə şəkk edə bilməzsən. Şəkk
edə bilməyəndə də, təxribata əl atmaqdan başqa çarə qalmır. Zəiflərin,
çarəsizlərin tutduğu yol. Həmin vaxt "Arsenal”ın futbolçusu Henrik Mxitaryanı
"qurban” seçdilər. Çirkin siyasəti idmana elə qarışdırdılar ki, "Arsenal”
Bakıda futbol da oynaya bilmədi. Ekspertlər o zaman deyirdilər ki, London
nəhəngi bu təxribata qul olan Mxitaryanı bağışlamayacaq. Bağışlamadı da. İndi o
erməni "Arsenal”da deyil.
Lüksemburqda da eyni ssenari
idi. Avropanın mərkəzində "Qarabağ” oynayır və qalib gəlir. Azərbaycanın olan
"Qarabağ”. Buna isə bütün Avropa şahidlik edir. Düşmən qıcıqlanmasın, əsəbiləşməsin,
quduzlaşmasın, neyləsin? Amma əsəbilik, qıcıq, quduzluq şəxsin özünə ziyan
gətirər. Məşhur türk atalar sözündə deyildiyi kimi, öfkəylə qalxan zərərlə
oturar. Lüksemburqdakı təxribatdan da qazanan Azərbaycan, itirən ermənilər
oldu. Bu, həm Lüksemburqa, UEFA-ya, bu təşkilatın ideya və prinsiplərinə,
deməli, həm də quruma üzv olan ölkələrə qarşı yönələn təxribat idi.
Və məlum oldu ki, "Qarabağ”
həm də çox güclü "silah”dır. Düşməni qıcıqlandıran, əsəbiləşdirən "silah”. Bu,
elə bir "silah”dır ki, zərərsizləşdirmək mümkün deyil. Belə "silah”lardan çox
istehsal etmək lazım. Voleybolda, həndbolda da olmalıdır belə "silah”dan.
Şahmat komandanız klublararası beynəlxalq turnirlərdə "Qarabağ Azərbaycan” adı
altında çıxış etməlidir.
Bu "silah” intellektdir,
iqtisadi gücdür, düşməni əsəbiləşdirən, qıcıqlandıran, iflic edən zərif
diplomatiyadır, "Qarabağ Azərbaycandır!” Yazıq düşmən!
Natiq
MUXTARLI