• çərşənbə axşamı, 23 aprel, 22:01
  • Baku Bakı 20°C

Ermənilərdən bədbin Sankt-Peterburq proqnozu

18.06.16 11:43 1625
Ermənilərdən bədbin Sankt-Peterburq proqnozu
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Sankt-Peterburqda keçiriləcək Azərbaycan-Ermənistan-Rusiya prezidentləri - İlham Əliyev, Serj Sarkisyan və Vladimir Putin arasındakı görüş erməni mətbuatı tərəfindən ciddi tənqidlərə tuş gəlib. Bəlli olduğu kimi, rəsmi Moskva iyunun 20-də görüşün keçiriləcəyini təsdiq edib. Lakin erməni mediası diqqəti ona yönəldir ki, bu tədbir münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu tərəfindən dəstəklənmir. Qurumun mətbuatla iş üzrə bölümünün rəhbəri vəzifəsini icra edən Nataşa Radjakoviç bildirib ki, ATƏT üç ölkə prezidentinin qatılacağı tədbirdə təmsil olunmayacaq. "Biz prezidentlərin üçtərəfli sammitində təmsil olunmayacağıq və bu səbəbdən də onu şərh edə bilmərik. Bizim bildiyimizə görə, bu sammit Rusiya Federasiyasının təşəbbüsü ilə reallaşır”, - deyə xanım Radjakoviç vurğulayıb. ATƏT rəsmisinin bu sözləri də dərhal erməniləri ən müxtəlif versiyalar səsləndirməsinə səbəb olub. Erməni nəşri "Yerkir” maraqlı bir yazı dərc edib. Nəşr yazır ki, "birincisi, bu görüş Minsk qrupu çərçivəsində təşkil olunmur. İkincisi, görüş Minsk qrupu formatı ilə bağlı deyil. Bu səbəbdən də bu, birbaşa Vyana görüşü zamanı əldə olunan razılaşmalara uyğun deyil”. Ardınca da, belə bir sualla çıxış edib - ATƏT Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək sammitdən nədən imtina edir. Ötən müddət ərzində münaqişənin həlli ilə bağlı praktiki addımın atılmadığını iddia edən erməni tərəfi qeyd edir ki, Rusiya münaqişənin həllində konstruktiv rol oynamır. "Moskva Ermənistanı bu danışıqlarda iştirak etməyə sadəcə məcbur edir. Moskva Ermənistanın maraqlarını qurban verərək, münaqişənin tez bir zamanda həllini istəyir. Görüşün keçirilməsi ilə bağlı təşəbbüsü əlinə alan Rusiya "Kazan sənədləri”nin yenidən bərpasına çalışır”, - deyə erməni nəşri yazır. "Bu kontekstdə ATƏT nümayəndəsinin bəyanatı ondan xəbər verir ki, Rusiya Vyana danışıqlarının qaydalarını pozur. ATƏT də məsuliyyətdən kənar olaraq bu avantürada iştirak etmək istəmir. Bu o demək deyil ki, ATƏT ümumiyyətlə danışıqları tanımır. Əgər Ermənistan qarşıdan gələn danışıqlarda bu şərtlərlə iştirak etmək istəyirsə, onda Minsk qrupunun nəticələrlə bağlı hansısa bir iradı ola bilməz”, - deyə nəşr yazır. "Burada belə bir sual meydana gəlir. Nə üçün rəsmi Yerevan sammitdə hər hansı bir tələb irəli sürmədən iştirak etməyə razılıq verir? Sadəcə ola bilsin ki, Ermənistan rəhbərliyinin görüşdə iştirak etməkdən başqa bir yolu qalmır. Birinci səbəb odur ki, Moskvanın ciddi siyasi təzyiqi var. Rusiya hər zaman buna üstünlük verir və müəyyən nəticələr də əldə edir. İkincisi isə Vyanada erməni tərəfi danışıqlar üçün başlıca prinsip olan atəşkəs rejimin tətbiqi ilə bağlı mexanizmi dəqiq təsdiq edə bilmədi”, - deyə "Yerkir” fikrini tamamlayır.
Beləliklə, erməni tərəfi sərt şəkildə Rusiyanı ermənilərə xəyanət etməkdə günahlandırmaq kampaniyasından əl çəkmir. Heç kimə sirr deyil ki, aprel hadisələrində sonra erməni cəmiyyətdə bir antirusiya ritorikası, əhval-ruhiyyəsi durmadan artır. Erməni diplomatları isə Qərb nəşrlərinə Rusiyanın onları şantaj etdiyini açıq şəkildə bildirilər. Məsələn, nüfuzlu "EuObserver” nəşri yazır ki, Ermənistan "Şərq tərəfdaşlığı” çərçivəsində Avropa İttifaqı ilə razılaşmaya imza atmağa hazır olub. Lakin son anda Rusiya prezidenti Vladimir Putinin şantajı ilə üzləşdiyindən bundan imtina edib. Erməni diplomat nəşrə açıqlamasında adının açıqlanmasını istəməyib. "Ukraynadan sonra biz də Avropa İttifaqı ilə müvafiq saziş imzalayacaqdıq. Lakin Putinin şantajından sonra bundan imtina etməli olduq”, - deyə o bildirib. Onun sözlərinə görə, Putin Ermənistan rəhbərliyini ölkə daxili siyasi vəziyyətin sabitsizliyi və Rusiyanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyəcək fikirləri ilə şantaj edir. "Ukraynada baş verənlər və bizim Aİ ilə tərəfdaşlıqdan imtinamız bizə baha başa gəldi”, - deyə erməni diplomat vurğulayıb. Nəşr əlavə edir ki, Ermənistan Avropa İttifaqı ilə razılaşmadan imtina etməsinə baxmayaraq, bu ilin aprel ayında Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən start götürdü.
Yeri gəlmişkən, aprel hadisələrindən sonra Rusiya ermənilərin könlünü almaq üçün bu ölkənin Hava Hücumundan Müdafiə sistemini ölkəsinin müdafiə sisteminə qoşdu. Lakin bu da ermənilərə xoş gəlməyib. Və bunu ölkənin müstəqilliyinə ciddi zərbə kimi qiymətləndirirlər. "Ermənistanın Hava Hücumundan Müdafiə sistemlərini Rusiya ilə birləşdirməsi xəyanətdir. Bu razılaşma bizim imkanlarımızı məhdudlaşdırır”. Bu sözləri Ermənistan parlamentinin "İrs” partiyasından olan deputatı Zarui Postancyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib. "Strateji baxımdan qiymətləndirildikdə bu razılaşmanı sadəcə, xəyanət adlandırmaq olar. Kremlin boynumuza qoymağa çalışdığı sənədlərə baxanda elə təəssürat yaranır ki, Rusiya daim ağa olduğunu və buradan heç vaxt getməyəcəyini bəyan etmək istəyir. Mən hesab edirəm ki, Rusiyaya bu müqavilə ilə yeni imkanlar verilir. Bizim dövlətin müdafiəsini başqa ölkə yox, özümüz etməliyik”, - deyə Zarui Postancyan bildirib. Rusiya və Ermənistan arasında 2015-ci ilin dekabrda Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi ilə bağlı müqavilə imzalanıb. Müqaviləni Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Seyran Ohanyan imzalayıblar. Ermənistan cəmiyyəti bu müqaviləni birmənalı qarşılamayıb. Ölkədə bir çox siyasi partiyalar müqavilənin təsdiqlənməsinə qarsı etiraz aksiyaları keçirilib. Ən maraqlısı isə odur ki, aksiya iştirakçıları əllərində "Toprağı, havanı verməyəcəyik”, "Permyakovlar ordusuna güvənmirik, erməni ordusuna güvənirik”, "Növbəti satqınlıq addımı” yazılmış plakatlar tutublar.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər