AZE | RUS | ENG |

Ermənilər Zurabişvilidən narazıdır

Ermənilər Zurabişvilidən narazıdır
“Aravot” qəzeti yazır ki, prezidentin Bakıda səsləndirdiyi fikirləri təkzib etməməməsi ağrılı və kədərlidir

Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana, daha sonra Ermənistana səfər etməsi və səsləndirdiyi bəyanatlar erməni cəmiyyətində, mediasında tənqidlərə tuş gəlib. Tarixən gərgin olan gürcü-erməni münasibətlərinin əvvəlki dövrlərə qayıtmaq ehtimalı günbəgün artır. İki ölkə arasında ərazi iddialarından tutmuş, kilsə, mədəni abidələrinin kimə məxsus olması barədə dəfələrlə qarşıdurma yaşanıb. Hətta münasibətlər dava-dalaşa da yüksəlib. Erməni mediasını ən çox özündən çıxaran S.Zurabişvilinin Bakıda verdiyi Azərbaycan torpaqlarının işğal altında olduğu barədə bəyanatını təkzib etməməsi olub. Məsələn, "Aravot” erməni qəzeti yazır ki, Zurabişvilinin Bakıda səsləndirdiyi fikirləri təkzib etməməməsi onlar üçün ağrılı və kədərlidir. "Sputnik Armenia” isə yazır ki, Zurabişvili Yerevanda iki ölkə arasında demarkasiya və demilitasiya məsələlərinin həll olunmasının zəruriliyini bildirib. Bu məsələ SSRİ dağıldıqdan sonra hər zaman gündəmdə olub. Gürcü politoloq Arçil Sixarulidze hesab edir ki, Zurabişvilinin Ermənistana səfərini ayrıca götürülmüş səfər kimi diqqət yetirmək gərək deyil. Yəni onun tək Ermənistana deyil, Azərbaycana səfəri də diqqətə alınmalıdır. Ekspert əmindir ki, Gürcüstan hər iki ölkəyə anlatmağa çalışıb ki, ümumi təhlükəsizlik məsələlərinə həsr olunan yeni Cənubi Qafqaz siyasətində iştirak etməyə hazırdır. "Görünən odur ki, Zurabişvilinin iki vacib məlumatı var. Birincisi, əvvəlki tək Avropanın orbitində qalır və əsas da məqsədi Avropa ilə yaxınlaşmaqdır. Lakin hər iki ölkəyə səfər etməklə demək istəyir ki, Cənubi Qafqaz regionu da əhəmiyyətlidir”, -deyə politoloq bildirib. Ermənilərə yaxın "Regnum” isə yazır ki, "Ermənistan Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatının üzvüdür və bu da Tbilisi və Ermənistanı heç vaxt strateji müttəfiqə çevirə bilməz. Eləcə də Zurabişvilinin Bakıya səfəri Yerevana səfərdən xeyli fərqlidir. Bakıya səfər zamanı daha çox işgüzar leksikadan istifadə edib, Bakı-Qars dəmir yolunun istifadəyə verilməsindən sonrakı durum müzakirə olunub”. Yeri gəlmişkən, Rusiyanın "Kommersant” qəzeti də bu məsələ ilə bağlı geniş məqalə ilə çıxış edib. Qəzet yazır ki, Ermənistanda səfərdə olan Salome Zurabişvilinin bu ölkənin rəhbərliyi ilə danışıqlarının mövzularından biri regional münaqişələr olub. "Yerevanda aydınlaşdırmağa çalışıblar ki, Bakıda "Gürcüstan və Azərbaycan ərazilərinin işğalı” haqqında verdiyi bəyanatda Gürcüstan dövlətinin başçısı nəyi nəzərdə tutub. Nəticədə Gürcüstan prezidenti nəinki Dağlıq Qarabağ üzrə öz mövqeyini təsdiq edib, həm də Ermənistan rəhbərliyinin ünvanına ittihamlar səsələndirib. S.Zurabişvilinin sərt mövqeyi Gürcüstanın bütün postsovet dövrü ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərinə münasibətdə sərgilədiyi "bərabər uzaqlıqda” siyasətinə son qoya bilər. Yerevanı S.Zurabişvilini qəbul edən Ermənistan rəhbərliyini qonşu dövlətin başçısının Bakıda verdiyi heç də birmənalı olmayan bəyanatı ilə bağlı izahatları xüsusilə maraqlandırırdı. Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 27-də xanım Zurabişvili Azərbaycan və Gürcüstan ərazilərinin işğalı mövzusuna toxunmuşdu. Onun Gürcüstanın muxtar vilayətləri olan Cənubi Osetiya ilə Abxaziyanın Rusiya tərəfindən işğalı barədə söylədikləri heç kimi təəccübləndirmədi – belə ki, Gürcüstan rəhbərləri tez-tez Moskvanın ünvanına bu cür ittihamlarla çıxışlar edirlər. Lakin bu dəfə Gürcüstan prezidenti ilk dəfə açıq şəkildə Ermənistanı Dağlıq Qarabağın və ona bitişik bir sıra ərazilərin işğalında ittiham etdi. "Biz, demək olar ki, eyni vaxtda ölkələrimizin müstəqilliyini bərpa etdik və eyni faciələri yaşadıq”, - prezidenti İlham Əliyevə müraciətində S.Zurabişvili bildirmişdi. Bu zaman Gürcüstan dövlətinin başçısı dəqiqləşdirmişdi ki, "oxşar faciələr” dedikdə məhz ərazilərin işğalını nəzərdə tutur. "İşğal xətləri bizim üçün də sağalmaz yaradır”, - prezident sözlərinə davam edib və məmnunluğunu bildirib ki, işğala baxmayaraq, Gürcüstan və Azərbaycan "öz dövlətçiliklərini gücləndirə və iqtisadiyyatlarını inkişaf etdirə biliblər”. "Kommersant”ın bildirdiyinə görə, Yerevandakı görüşlərdə, o cümlədən Ermənistan prezidenti Armen Sarkisyanla və baş nazir Nikol Paşinyanla görüşdə S.Zurabişvilinin Bakı bəyanatları mövzusu müxtəlif kəskinliklə qaldırılıb. Lakin Gürcüstan prezidenti özünə bəraət qazandırmağa, yaxud da bəyanatını ört-basdır etməyə çalışmayıb. Əksinə, o, erməni tərəfinin ünvanına bir sıra iradlarla çıxış edib. Ələlxüsus, Ermənistan Milli Assambleyasının sədri Ararat Mirzoyanla görüş zamanı Salome Zurabişvili xəbərdarlıq edib: onun ölkəsi üçün Ermənistan tərəfindən Gürcüstanın ərazi bütövlüyünün sözdə deyil, əməldə tanınması "çox vacibdir”. Dövlət başçısı dərhal izahat verib ki, Dağlıq Qarabağın nümayəndə heyətlərinin Abxaziyaya və Cənubi Osetiyaya səfərlərini nəzərdə tutur. "Bununla da, səfərlərin təşkilatçıları özləri nümayiş etdirirlər ki, bu münaqişələr simmetrikdir”, - Gürcüstan prezidenti narazılığını gizlətməyib. "Bu, çox təəssüf doğuran və ağrılı haldır, - S.Zurabişvili eyni əhvalda sözlərinə davam edib. – Biz hesab edirik ki, Ermənistanda ölkəmizə münasibətdə olmalı olduğu qədər xoş niyyət yoxdur”.   Azər NURİYEV  

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311