AZE | RUS | ENG |

Ermənilər Sumqayıt iğtişaşlarını təşkil etməklə Dağlıq Qarabağ hadisələrini qızışdırdılar

Ermənilər Sumqayıt iğtişaşlarını təşkil etməklə Dağlıq Qarabağ hadisələrini qızışdırdılar
Fəzail İbrahimli: “Məqsəd dünyada Azərbaycan üçün “qaniçən” ölkə, azərbaycanlılar üçün isə “vəhşi” obrazları yaratmaq idi”

1988-ci ilin 27-29 fevral tarixlərində Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlar nəticəsində müxtəlif millətlərdən, o cümlədən 26-sı erməni millətindən olmaqla ümumilikdə 32 nəfər həlak olub, 400 nəfərdən çox adam müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İğtişaşlar zamanı 200-dən çox mənzil talan edilib, 50-dən artıq mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomaşın zədələnib və ya yandırılıb. Dövlətə o vaxtkı qiymətlərlə 7 milyon rubl məbləğində maddi ziyan vurulub. Hadisələrlə əlaqədar 444 nəfər məhkəmə qarşısında cavab verməli olub ki, onlardan 400 nəfəri 10-15 gün təcridxanalarda saxlanılıb, 94 nəfər müxtəlif müddətlərə həbs cəzasına, Əhməd Əhmədov ad-soyadlı bir nəfər isə güllələnməyə məhkum olunub. 25 il öncə Azərbaycanın mühüm sənaye şəhəri sayılan Sumqayıtda törədilən iğtişaşlar, bu hadisələrdə SSRİ DTK-sının və erməni Eduard Qriqoryanın rolu, hadisəyə düzgün hüquqi-siyasi qiymətin verilməməsi və sairlə bağlı “Kaspi”nin suallarını tarixçi-alim, millət vəkili Fəzail İbrahimli cavablandırır.
- Fəzail müəllim, Sumqayıt hadisələrinə o zaman verilən hüquqi-siyasi qiymət nə dərəcədə reallığı əks etdirib?
- Qətiyyən reallığı əks etdirmədi. Çünki o dövrdə baş verən hadisələr kifayət qədər sovet stilli idi. Kommunist partiyasının rəhbərliyi, bir ideoloji çərçivə var idi. Baş verənlərin hamısı yerli hakimiyyət orqanlarının, bir qrup insanların günahı kimi təqdim olunurdu. Ancaq həyat sübut etdi ki, bu iğtişaşlar hər hansı bir zaman kəsiyində baş verməyib. Bu, xüsusi hazırlanmış, qurulmuş ssenarinin reallaşması yolunda atılan “uğurlu” addım idi. Yəni, Sumqayıt hadisələri Qağlıq Qarabağ problemi yolunda erməni məkrinin həyata keçirdiyi növbəti siyasətiydi. Təsəvvür edin, bu işin təşkilatçısı Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-sının agentləri Sarkisyan, Osipov, həmçinin separatçı “Qarabağ” komitəsinin fəalı Konstantin Pxakadze və “Krunk” cəmiyyətinin digər fəallarıdır. Hadisələrin iştirakçısı, yəni iğtişaşçı dəstəyə rəhbərlik edənlər üst-üstə 10 ilə yaxın azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni, “Paşa” ləqəbli Eduard Qriqoryan, onun Albert və Ernis adlı iki qardaşıdır. Bu adamlar təsir altına saldıqları kütləni “Qarabağ” və “Krunk” təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndiriblər. Hətta, Eduard Qriqoryan özü şəxsən 6 nəfər ermənini qətlə yetirib. İndi fikir verin, hadisəni təşkil edən, öldürən, ölən də ermənidir. Belə olan halda, bu məsələnin sırf mahiyyətini hüquqşünasın köməyi olmadan, orta səviyyəli istənilən ağıl sahibi aydın dərk edir.
- Ermənistanın Azərbaycana qarşı təbliğatında bu hadisə hansı rolu oynayıb?
- Hər şeydən öncə, ermənilər Sumqayıt iğtişaşlarını təşkil etməklə, Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələri qızışdırdılar. Bu olaydan yararlanıb Dağlıq Qarabağ məsələsini aktual formada gündəmə gətirdilər. Moskvanın diqqətini də bura yönəltməklə, dünya ictimaiyyətində yanlış rəy yaratdılar. Ən əsası, ermənilər bununla Moskvanı inandırmağa cəhd etdilər ki, Dağlıq Qarabağdakı ermənilər bu millətlə, yəni azərbaycanlılarla bir ölkədə, bir yerdə yaşaya bilməz. Məhz bu amil əsas tutularaq, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən ayrılması, Ermənistana birləşdirilməsi tələbləri səsləndirildi. Ermənilər o zamankı SSRİ rəhbəri Mixail Qorbaçovu bunlara inandırmaq, onun ermənipərəst mövqeyini daha da gücləndirmək üçün belə bir ssenari həyata keçirdilər. Burada yeganə məqsəd, Azərbaycan üçün “qaniçən” ölkə, azərbaycanlılar üçün isə “vəhşi” obrazları yaratmaq idi. Ermənilər bununla dünyaya demək istəyirdilər ki, guya, 1915-ci ildə türklər, 1988-ci ildə isə azərbaycanlılar günahsız yerə onları öldürüblər. Ötən müddət ərzində də Ermənistanda, həmçinin müxtəlif xarici ölkələrdə yaşayan ermənilər bu yalanı dünyaya sırımağa çalışıblar.
- Bir müddət əvvəl yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsəri geniş müzakirə edildi. Həmin əsərdə Sumqayıt hadisələri də ədəbiyyat predmetinə çevrilib. Sizcə, olanlar, nə ilə əlaqədardır? Bu, hadisələrin mahiyyətini başa düşməməkdən irəli gəlir, yoxsa başqa məqamlar var?
- “Daş yuxular” əsəri ermənipərəst mövqe güdüb, erməni müdafiəsi üçün ərsəyə gətirilib. Əgər bu əsərin məqsədi erməni əxlaqının keşiyində durmaqdırsa, təbii ki, Sumqayıt hadisələrinə də məhz bu müstəvidə yanaşılıb. Ona görə də Əkrəm Əylislinin bu romanını olduqca qərəzli və ziddiyyətli əsər kimi dəyərləndirirəm. Orada hansısa ədalətdən danışmağa dəyməz. Ümumiyyətlə, bu əsər haqqında danışmağı özümə rəvac bilmirəm. Bu əsərin ən qərəzli cəhətlərindən biri də Sumqayıt hadisələrinə qeyri-obyektiv münasibətdir.
- Sumqayıt iğtişaşlarının əsl mahiyyətinin dünyaya çatdırılması, hadisəyə əsl hüquqi-siyasi qiymətin verilməsi üçün hansı addımlar atılmalıdır?
- Ermənistanla atəşkəs rejimində yaşasaq da, ideoloji müharibə davam edir. Onlar indi də dünyaya car çəkib öz “həqiqətlərini” bəyan edir, hamını buna inandırmaq istəyirlər. Haradasa onların bu sahədə müəyyən uğurlarını da müşahidə etmək olur. Əgər, ermənilər dünyanın bir sıra Avropa ölkələrinin parlamentlərində yalanlarına haqq qazandıra biliblərsə, bu, onların uğurlarıdır. Eyni ilə Azərbaycan tərəfi də bu ideoloji müharibədə ciddi sürətdə iştirak etməlidir və edir. Dünya ictimaiyyətini inandırmaq, kifayət qədər ictimai rəy yaratmaq ciddi məsələdir. Bu proseslər başlanandan bizlər ideoloji müharibənin iki mərhələsini keçmişik. Birinci mərhələ bu olub ki, biz hələ dünya dövlətlərini, onların ikili mövqe tutan rəhbərlərini inandırmağa çalışmışıq ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu mərhələ bizim qələbəmizlə başa çatıb. Artıq dünya bilir ki, işğalçı kim, işğal olunan kimdir. Sadəcə olaraq, münasibət fərqlidir. Onlar işğal olunanla işğalçı arasında fərq görmürlər. Bu dünya siyasətinin ikili yanaşma formasıdır. Ona görə də hər bir Azərbaycan insanı bu ideoloji müharibədə fəal iştirak etməlidir. Millət, dövlət, müstəqillik taleyi ilə bağlı olan məsələlərdə bütün mövqelər ortaq olmalıdır. Kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq, bu yolda hər bir Azərbaycan insanı əlindən nə gəlirsə etməlidir. Hətta siyasi əqidəsindən asılı olmayaraq dövlət və millət təəssübkeşliyində hamı vahid mövqedən çıxış etməlidir. Dağlıq Qarabağ problemi müzakirə predmeti olanda, bu zaman fikir ayrılığı olmamalıdır. Hər bir Azərbaycan insanı Dağlıq Qarabağla, erməni ilə münasibət məsələsində, müstəqilliyimizin taleyi məsələsində vahid bir mövqedən çıxış eləməlidir. Düzdür, daxildə müəyyən problemlərimiz var, hər kəsin prinsipləri, siyasi partiyaların öz maraqları var. Amma bu prinsiplər dövlət, millət və Dağlıq Qarabağ, torpaq məsələsində arxa plana atılmalıdır. Burada vahid bir mövqe olmalıdır. Hər bir azərbaycanlı xaricə gedəndə onun çamadanında yaraşıqlı geyimlər, qırmızı rəngli qalstuklar yox, tariximizlə, keçmişimizlə, bu günümüzlə bağlı olan, Azərbaycan xalqına kifayət qədər zərbə vuran ermənilərin fəaliyyətləri haqqında təbliğat vasitələri də olmalıdır. Onlar da həqiqətlərimizi bütün dünyaya çatdırmalıdır. Bax, biz bu addımları atmalıyıq. Ən əsası müxtəlif dillərdə çap olunmuş kitablar dünyaya yayılmalıdır. Tək Sumqayıtla bağlı deyil, eyni zamanda 1918-ci ilin mart, 1992-ci ilin Xocalı soyqırımları, insanlarımızın deportasiyası, Qaradağlı, 20 Yanvar, 20 Noyabr faciələri, Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı kitablar yayılmalıdır. Bu yöndə bizim xarici ölkələrdəki səfirliklərimizin fəaliyyəti qənaətbəxş hesab edirəm. Biz bu formada fəaliyyətimizi bundan sonra da davam etdirməliyik.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8739
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1224
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1753
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2962