• cümə axşamı, 28 mart, 16:14
  • Baku Bakı 16°C

Ermənilər Qareginə qarşı

11.06.18 18:39 1052
Ermənilər Qareginə qarşı
Gözlənildiyi kimi, Ermənistanda məxməri inqilabın fəsadları üzə çıxmaqdadır.Nikol Paşinyanın baş nazir seçilməsindən sonra bir an olsun ara verməyən etirazların bu dəfəki hədəfi kilsədir. Eçmiədzin kilsəsinə və onun korrupsiya içində çabalayan rəhbərliyinə qarşı etirazlar start götürüb. Maraqlı olan odur ki, indiyə qədər bir çox cinayətlərə rəhbərlik etmiş erməni kilsəsində yetişən narazılıq barədə daha çox Rusiya mediası çoxsaylı materiallar dərc edir. Tək Rusiya deyil, bu gün dünyadaümumi sayı 11 milyonu keçməyən ermənilərin (Ermənistanda yalnız 2 milyona yaxın erməni yaşayır) katalikos Qareginə nifrət bəslədikləri barədə çoxsaylı materiallar dərc edilir. Ümumiyyətlə, başda erməni katolikosu II Qaregin olmaqla keşişlərin dəbdəbəli yaşayışları, ofşor zonalara daşıdıqları yüz milyonlar haqda söz-söhbətlərə heç kim şübhə etmir.
Beləliklə, bir vaxtlar Serj Sarkisyanın qatı tərəfdarı kimi ad çıxaran II Qaregin Paşinyan hakimiyyətə gələndən sonra başı dərddədir. Tarix boyu erməni xalqının tarixində və taleyində müstəsna bir rola malik erməni kilsəsi çətin duruma düşüb, desək, yəqin ki, yanılmarıq. Belə ki, soydaşları onun vəzifəsini tərk etməsini tələb edir, "Yeni Ermənistan, yeni patriarx” şüarı ilə çıxış edirlər.
Məlumatlara görə, Surb Katolik və Surb Anna kilsələrinin qarşısına toplaşan ermənilər Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin (Nersesyan)ın öz vəzifəsini tərk etməsini tələb ediblər. Etirazçıların tələblərinin cavablandıran kilsənin mətbuat xidmətinin rəhbəri Vaqram Melikyan onlara patriarxlığın iqamətgahının yerləşdiyi Eçmiədzində görüş keçirməyi təklif edib. "Görüş zamanı nümayişçilər öz etirazlarını katolikosa şəxsən çatdıra bilərlər”, - deyə Melikyan özünün Facebook səhifəsində yazıb.
Qeyd edək ki, Erməni Apostol Kilsəsinin rəhbərindən narazılıq hər zaman olub. Elə Nikol Paşinyanın başlatdığı etiraz aksiyaları zamanı da belə olub. Həmi aksiyalar zamanı katalikos etirazçıların yanında olmadı, daha çox Sarkisyanı müdafiə etdi. Bu səbəbdən də proqnoz edilirdi ki, Nikol Paşinyan baş nazir olan kimi münasibətlər gərgin olacaq. Tərəflər arasında görüşün baş tutması bu gərginliyi azalda bilərdi. Narazı əhali isə əvvəlki tək kilsə rəhbərini dini idarənin rəhbəri kimi yox, eks-prezident Serj Sarkisyanın qatı tərəfdarı kimi nəzərdən keçirir. Bu fikirlə razılaşan erməni politoloq Stepan Danielyan bildirir ki, katolikosa qarşı iradlar həddən artıq çoxdur. "Birincisi, onun hakimiyyətlə əməkdaşlığı qeyd olunmalıdır. İkincisi, qeyri-qanuni biznes. Onun bu biznesi barədə çoxsaylı materiallar dərc olunub. Üçüncüsü, 1999-cu ildən katolikos postunda olan Qaregin bir dəfə də olsun mətbuat konfransı keçirməyib, cəmiyyətdə yığılıb qalan problemlərin həlinə çalışmayıb. O, qapalı, kölgədə qalmağı sevən, nüfuzu olmayan bir insandır. Qardaşı - Rusiya və Yeni-Naçxıvan yeparxiyasının arxiyepiskopu olan Ezras Nersesyan kimi o da biznes əlaqələrinə bulaşıb”, - deyə politoloq Rusiyanın "Nezavisimaya qazeta” nəşrinə müsahibəsində bildirib.
Aksiyalar da məhz bu səbəbdən keçirilir. Erməni kilsəsinin rəhbəri də qorxudan bu narazılıqlara reaksiya verməyə məcbur olub. Onun mətbuat xidməti vasitəsilə etirazçılarla ilk dəfə görüşə getməsi də bundan xəbər verir.
Yerevan Mətbuat Evinin prezidenti Boris Navasardyan isə bildirir ki, "etiraz edənlər arasında sadə vətəndaşlarla yanaşı, patriarxlığın fəaliyyətindən narazı olan din xadimləri də var. "Mən bizim din xadimlərimizin son illər neqativ hadisələrlə bağlı olduqları fikri ilə razılaşıram. Bu kimi hallar oliqarxik rejimə xas olan hallardır. Aktiv şəkildə bizneslə məşğul olur, hakimiyyətin bürokratik-oliqarxik aparatının kilsə strukturlarının işində əriyib gedirlər. Bu da mütəmadi olaraq kilsə daxilində, eləcə də cəmiyyətə ciddi narazılıqlar yaradırdı. İnqilabi proseslər başlayanda heç bir idarəçilik institutu kənarda qala bilməzdi və belə də oldu. Mənə hadisələrin gələcək inkişaf səviyyəsini proqnoz etmək çətin deyil. Lakin hesab edirəm ki, dövlətin birinci şəxsi proseslərdən kənarda qalmağa çalışacaq. Daha dəqiq desək, kilsə daxili proseslərə qarışmaq istəməyəcək. Nəzərə alaq ki, kilsənin özündə müxtəlif mövqelər və axınlar mövcuddur”, - deyə o, fikrini tamamlayıb.
Kilsə xadimlərinin etirazlarda iştirakını Eçmiədzin monastırının facebook səhifəsi də təsdiq edir. "Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, öz şəxsi maraqlarından çıxış edən din xadimləri də adıçəkilən etiraz aksiyalarının güclənməsinə yardım ediblər. Biz bütün bunlardan təəssüflənirik. Bizim kilsənin daxili həyat məsələləri uzun əsrlər boyu davam edən prosedurlarla, kilsə kanonları orqanları ilə tənzimlənir”, - deyə kilsənin yaydığı məlumatda bildirilib.
Bir faktı da qeyd edək ki, erməni kiləsi üç müstəqil hissədən – Kilikiya, Konstantinopol və Yerusəlim (Qüds)dən ibarətdir. Onlar arasında hər zaman gərginlik mövcud olub. Son vaxtlar isə bu münasibətlər daha da gərginləşib. Xaricdəki erməni icmasının da Qareginə qarşı neqativ münasibəti mövcuddur. Lakin ən başlıcası odur ki, Qareginə antipatiya bütün kilsələrdə hiss olunur. Danielyanın sözlərinə görə, Qaregin dəyişilməlidir: "Onun yerini tuta biləcək namizədlər də var – məsələn, Navasard Kçoyan”. Erməni eksperti bildirir ki, yaz hadisələrinə qədər Ermənistanda hakimiyyət populyar olmayıb. Kilsə isə onun "əl buyruqçu” rolunu oynayıb. Katolikos isə birmənalı olaraq "oliqarx” funksiyasını daşıyıb. Bundan əlavə, politoloq hesab edir ki, din xadimlərinin çoxu siyasi baxışlarına görə Qareginlə yola getmədiklərindən kilsədən uzaqlaşdırılıblar. Lakin bir məsələ də var ki, kilsədən uzaqlaşdırılan din xadimlərinin çoxu böyük populyarlığa malik deyillər. "Onların əsas şüarları – sektant, ateistlərə qarşı mübarizə üzərində qurulub və fəaliyyətləri katolikosdan da çox neqativ təsir bağışlayır”, - deyə ekspert bildirib.
Bütün bunlar onu deməyə əsas verir ki, erməni kilsəsi böhranlı günlərini yaşayır. Qarabağda aparılan işğalçı müharibədə etnik təmizləmə, soyqırımı siyasətini müdafiə edən kilsə ermənilərin beynini şovinist hisslərlə doldurmaqda əvəzsiz rol oynayıb. Bu gün isə artıq ermənilər özləri də etiraf edir ki, kilsənin əsas amalı şəxsi varidatı artırmaqdır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər