Ermənilər Obamadan əllərini üzüblər

Ermənilər Obamadan əllərini üzüblər

Təfsilat
17 Aprel 2013, 10:51 839
Qondarma erməni soyqırımının növbəti ildönümü ərəfəsində ermənilər yenidən fəallaşmağa başlayıblar. Sözsüz ki, hər il olduğu kimi bu il də dünyanın hər yerinə səpələnən ermənilər aksiyalar keçirməklə Türkiyəni aşağılayacaq şüarlar səsləndirməyə çalışacaqlar. Lakin illər keçdikcə artıq beynəlxalq aləm də bu kimi tədbirlərə əhəmiyyət verməməyə başlayır. Onlar artıq ermənilərin bu saxta göz yaşlarının arxasında siyasi məqsədlərinin durduğunu anlamağa başlayırlar. Bu səbəbdən də ermənilər prosesə dünyada tanınan nüfuzlu erməniləri cəlb etməyə çalışırlar. Bu dəfəki prosesə erməniləri daima aşağılayan Şarl Aznavurun qoşulması dediklərimizə sübut ola bilər. Artıq erməni əsilli müğənni Fransa prezidenti Fransua Olland qarşısında qondarma soyqırımı qəbul etmək məsələsini tələb kimi qoyub. Fransa prezidentinin siyasətinə toxunan müğənni onu xarici siyasət kursunu dəyişməyi və bunu özü də çox tezliklə etməyi istəyib: “Sosialist Partiyası məni özümdən çıxarır. Çünki həmişə hakimiyyətə gəlməmişdən əvvəl vəd edir ki, soyqırımı tanıyacaq. Lakin bunun əksi olur. Verdiyi vədi yerinə yetirmir”.
Ermənilər həmçinin bütün dünya boyu geniş miqyaslı tədbirlər keçirməyi də nəzərdə tutublar. Artıq Gürcüstanda yaşayan ermənilər də bu məsələni qabartmağa çalışırlar. “İkinci İrakli” Cəmiyyəti qondarma soyqırımını tanıyan ölkələrin atdığı addımı alqışlayaraq Gürcüstan hökumətini də analoji addım atmağa çağırıb. Təşkilatın erməni kökənli rəhbəri Arçil Çkoidze bildirib ki, dəfələrlə bununla bağlı Gürcüstan hakimiyyətinə müraciət edib. O, aprelin 18-də növbəti müraciətini edəcəyini deyib. Bu məsələdə həmişə olduğu kimi, Birləşmiş Ştatlar erməniləri də xüsusilə fərqlənir. Amerika Erməni Milli Komitəsi prezident Barak Obamanı verdiyi vədə əməl etməyi – qondarma soyqırımı “soyqırımı” kimi tanımağa çağırıb. Lakin hər il olduğu kimi, bu il də onların arzularının puç olacağı gözlənilir. Belə ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə baş verən proseslər fonunda Türkiyə ilə münasibətləri korlamağa çalışmaz. Elə dövlət katibi Con Kerrinin son bir ayda iki dəfə Türkiyəyə səfər etməsi də deyilənlərə sübutdur. O ki qaldı Türkiyənin mövqeyinə, rəsmi Ankaranın bu məsələdə mövqeyi bəllidir. Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, bu, tarixçilərin məşğul olacağı bir məsələdir. Fransada səfərdə olan Bülənt Arınc «Frans 24» telekanalına müsahibədə ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarının heç bir əsası olmadığını bildirib. «1915-ci hadisələrində ermənilərin “soyqırımı” haqda iddialarının heç bir əsası yoxdur” - deyə B.Arınç bildirib. Onun sözlərinə görə, 1915-ci il hadisələrinə şikayətçilərin şikayəti əsasında deyil, tarixçilərin araşdırması əsasında qiymət verilməlidir. Baş nazirinin müavini onu da qeyd edib ki, Türkiyə bundan əvvəl də tarixi arxivləri açmağa hazır olduğunu bəyan edib. "Türkiyədə hökuməti olaraq 1915-ci il hadisələrinin araşdırılması üçün bütün arxivlərin açılmasına razıyıq. Lakin təəssüf ki, bu təklifə Ermənistan rəsmiləri hələ də cavab verməyiblər» - deyə B.Arınç qeyd edib. Xatırladaq ki, Türkiyə Fransa Parlamentinin qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsindən sonra bu ölkəyə qarşı sanksiyalar tətbiq edib. Bu yaxınlarda isə sanksiyalar qüvvədən düşüb. Fransa Konstitusiya Şurası isə qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edib. Şura söz və ifadə azadlığına zidd olduğunu əsas gətirərək bu qanunu ləğv edib. Bu qərardan sonra Fransanın keçmiş prezidenti Nikola Sarkozi hökumətə “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsinin hazırlanmasını tapşırmışdı. Bu məsələ də gündəlikdən çıxarılıb.

Uzun sürən susqunluqdan sonra Türkiyə nəhayət ki, qondarma soyqırımıyla bağlı anti türk isterikasına qarşı adekvat addımlar atmağa başlayıb. Məsələn, hazırda Türkiyə 20 cildlik bir toplu dərc etməyə hazırlaşır və orada ermənilərin ortaya qoyduğu saxta faktlar konkret tarixi faktlarla rədd edilir. İstanbul və Ankarada türklərin ermənilər tərəfindən şəhid edildiyini əks etdirəcək iki abidənin qoyulması da nəzərdə tutulub. Böyük turizm ölkəsi kimi tanınan Türkiyə həmçinin gidləri – turizm bələdçilərini də bu işə cəlb etməyə çalışır. Bunun üçün xüsusi dövlət proqrammı da hazırlanıb. Onlar turistlərə 1915-ci il hadisələri ilə bağlı həqiqətləri çatdıracaqlar.

Ən maraqlısı odur ki, Ermənistan tərəfində də Obamanın “soyqırımı” sözündən istifadə edəcəyi barədə inam çox azdır. Məsələn, erməni politoloq Stepan Safaryan mətbuata verdiyi açıqlamada vurğulayıb ki, hazırda məqsədləri heç də “erməni soyqırımı”nın ABŞ tərəfindən tanınması deyil: “Soyqırımını ABŞ tanısa və ya tanımasa heç nə dəyişməyəcək. Türkiyə onsuz da bunu qəbul etmək fikrində deyil”. Bəllidir ki, erməni diasporu “soyqırımı” məsələsinə xüsusi olaraq önəm verir. Bununla bağlı illərdən bəri mübarizə aparan erməni diasporu da artıq Obamanın çıxışını ikinci plana keçirməkdədir. Belə ki, erməni diasporunun nəzarətində olan “panarmenian.net” saytı məsələ ilə bağlı təhlili yazı ilə çıxış edərək ABŞ prezidentinin 24 apreldə “soyqırımı” sözündən istifadə etməyəcəyi qənaətinə gəlib: “Türkiyə ABŞ-ın strateji müttəfiqidir. Eyni zamanda, protokol məsələsi və sərhədlərin açılması istəyi Vaşinqtonu kimsənin tərəfini saxlamamağa vadar edir. Konqresdə soyqırımıyla bağlı müzakirələr aparıla bilər, hətta bununla bağlı komissiyalar səviyyəsində qərarların qəbulu da mümkündür. Amma ABŞ dövlətinin özünün maraqları var və onları heç bir vaxt kimsəyə qurban verməzlər. Bu baxımdan Obamanın 24 apreldə soyqırımı sözündən istifadə edəcəyini düşünməyə dəyməz. ABŞ prezidenti ən yaxşı halda ötənilki çıxışını təkrarlayıb, “Böyük fəlakət” sözünü ifadə edəcək”. Ermənistanda ayrı-ayrı QHT və siyasi mərkəzlər də Obamanın “soyqırımı” sözünü işlətməyəcəyi qənaətindədir. «Qafqaz Media» İnstitutunun direktoru Aleksandr İsgəndəryan hesab edir ki, faktiki vəziyyətdə Ağ evdən yeni nəsə gözləməyə dəyməz. Ermənistan Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan isə bir qədər də irəli gedərək, ermənilərin Obamaya böyük ümidlər bəsləməməsini tövsiyə edir: “Mən bu prosesi əvvəlcədən izləyən şəxs olaraq deyə bilərəm ki, ABŞ prezidenti erməni soyqırımı ilə bağlı mövqeyini çoxdan qətiləşdirib. Həmin qətiləşmiş mövqe bundan ibarətdir ki, Amerika prezidenti “soyqırımı” sözündən istifadə etməyəcək”.

Kamran