• cümə, 19 Aprel, 21:02
  • Baku Bakı 24°C

Ermənilər Nazarbayevdən inciyib

19.04.16 10:37 2029
Ermənilər Nazarbayevdən inciyib
Son hərbi əməliyyatlar zamanı gücsüzlüyü üzə çıxmış Ermənistan qeyri-adi, hamını şoka salan addımlar atmaqda davam edir. İşğalçılıq siyasəti puç olan və heç kim tərəfindən dəstəklənməyən rəsmi Yerevan əvvəlcə ATƏT-in Minsk qrupu ölkələrini, sonra Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı (KTMT) üzvlərini, hətta İsraili belə ittiham etməyə başladı. Bu günlərdə isə ermənilər qeyri-adi bir kampaniyaya başlayıblar. Hədəf kimi isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev seçilib. Bəlli olduğu kimi, qazax prezident dəfələrlə ədalətli mövqedən çıxış edib, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün qorunması şərtilə həllinə tərəfdar olduğunu bəyan edib. Bu dəfə isə ermənilərə xoş gəlməyən Qazaxıstan prezidentinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla səmimi görüşü olub. Qərb nəşrlərinin yaydığı xəbərə görə, Ərdoğan və Nazarbayevin səmimiliyi Ermənistanın Şirak vilayəti sakinlərinin xoşuna gəlməyib. Bu səbəbdən də onlar Hariç kəndində Qazaxıstan prezidentinin adını daşıyan mərkəzi küçənin adını dəyişməyə qərar veriblər. Kənd icra nümayəndəsi Roland Nazaretyanın sözlərinə görə, kənd Ağsaqqallar Şurası hələ ötən il- Nursultan Nazarbayev Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbul olunmasına qarşı çıxış edəndə, küçənin adını dəyişmək qərarına gəlib, lakin o zaman “Yerevandan mane olublar”. Amma sonradan “Qazaxıstan prezidentinin Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanla qol-boyun olub salamlaşmasını televizorda görəndə, Hariç sakinlərinin səbir kasası dolub: onlar küçənin adı yazılmış lövhələri qoparmağa başlayıblar”. Roland Nazaretyan deyib ki, Ağsaqqallar Şurası küçəyə “Artsax” adının verilməsini təklif edib, lakin yerli kilsənin ruhaniləri küçəyə müqəddəs Qriqor Maarifçi adının verilməsini istəyiblər. “Son qərar şuranın növbəti yığıncağında qəbul olunmalıdır” – deyə panorama.am Roland Nazaretyanın sözlərini iqtibas edib.
Nazarbayevin adı küçəyə 10 il əvvəl verilib. Bunun təşəbbüskarı o zaman hakim Ermənistan Respublikaçılar Partiyası parlament fraksiyasının üzvü Mxitar Varaqyan olub. Deyilənə görə, Mxitar Varaqyanın qardaşı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin müşaviri olubmuş. O zaman Roland Nazaretyan küçəyə Nazarbayev adının verilməsini uzaq keçmişlə izah etmişdi: “Hariç 1400-cü ildən 1947-ci ilədək Qıpçaq adlanırmış. Qıpçaq adının isə deyəsən, hansısa Qazax tayfalarına aidiyyəti olduğunu deyirlər. Odur ki, Varaqyan qardaşlarının vasitəçiliyi ilə şuramız küçəyə Nazarbayevin adını vermək qərarına gəlib. Biz Qazaxıstanı dost hesab edirik, bir də ki, Avrasiya İttifaqı çərçivəsində ölkəmizlə əməkdaşlıq edir”.
Orta əsrlərə aid edilən bir neçə kilsəsi olan kənddə kitabxanada Nazarbayevin böyük portreti və bu ölkəyə aid şəkillərlə bəzənmiş Qazaxıstan guşəsi, qazax ədəbiyyat nümunələri var. Guşə 2011-ci ildə Qazaxıstan səfirliyi tərəfindən yaradılıb. Səfirlik kitabxanaya yeni mebel, şəkillər, milli geyim hədiyyə edib. Çox güman ki, onlar da yığışdırılacaq. Maraqlıdır ki, qazaxlar da eyni vaxtda bolşevik-daşnak Levon Mirzoyanın adını daşıyan küçənin adını dəyişiblər. Artıq Astanadakı Levon Mirzoyan kücəsi Qazaxıstanın Elmlər Akademiyasının ilk prezidenti olmuş akademik Kanış Satpayevin adını daşıyacaq. Qazaxıstandakı erməni diasporu bundan narazı qalıb. Ermənistanda isə belə bir addımın Azərbaycanın dövlət başçısının istəyilə atıldığını bildirirlər. Dağlıq Qarabağdan olan, öncə Azərbaycanda, sonra da Qazaxıstanda Kommunist Partiyasının birinci katibi vəzifələrində çalışmış Levon Mirzoyan özünün qaniçənliyi, müsəlman və türk düşməni olmasıyla ad çıxarmışdı. Qazaxıstanda birinci katib vəzifəsində çalışarkən Stalinə 3 min ziyalının öldürülməsi üçün siyahı göndərən bu erməni cəlladı razılıq alandan sonra “planı” artıqlaması ilə yerinə yetirmiş, 4 min qazax ziyalısını güllələtmişdi. Ötən əsrin 30-cu illərinin əvvəllərində iki milyona yaxın adamın aclıqdan öldüyü, əhalinin 48%-nin köçüb getdiyi Qazaxıstanda üstəlik bu cür erməni terroru da baş vermişdi. Gec də olsa ədalət öz yerini tapdı. Beləliklə, hal-hazırda Ermənistanın gözündə düşmən olan, arzuolunmaz ölkələr və şəxslərin sayı durmadan artır. Son günlər bu sırada ilk yerdə Rusiya gəlir. Ötən həftə baş tutan etiraz aksiyasının ardınca növbəti aksiya bu gün baş tutmalıdır. “Rusiya Ermənistandan özünə lazım olanı əldə edib. Biz isə bunun əvəzində heç nə əldə etməmişik. Gözlədiyimiz yalnız təhlükəsizliyimizin təmini idi. Ancaq bunun xülya, uşaq arzusu olduğunu gördük”. Bu sözləri Artur Qazinyan Yelaket.am saytında yazıb. A.Qazinyan yazır ki, Rusiyanın Ermənistanın təhlükəsizliyi naminə öz milli, dövlət maraqlarından imtina edəcəyini gözləmək xam xəyal idi: “Rusiya Azərbaycanı qazanmaq istəyir. Çünki Azərbaycan ona çox şey verə bilər. Amma Azərbaycan bizim kimi sadəlövh deyil ki, Rusiyanın istədiklərini ona havayı versin. Azərbaycan bunun üçün çox böyük qiymət tələb edir. Beləliklə, Rusiya üçün Azərbaycanın əhəmiyyəti Ermənistanla müqayisədə dəfələrlə böyükdür. Odur ki, Rusiyaya qısılmaq lazım deyil. Çünki Rusiya yalnız öz maraqları ilə hərəkət edir”.
Ermənilərin ümidlərini bu yaxınlarda KTMT-nin Yerevanda keçirilən sammiti də puç edib. Məlumat üçün bildirək ki, ötən həftənin sonunda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və qəbul edən tərəfin – Ermənistan ordusunun baş qərargahlarının təmsilçilərinin, həmçinin KTMT baş katibi Nikolay Bordyuja və bu hərbi blokun Birləşmiş Qərargahının rəisinin iştirakı ilə KTMT Hərbi komitəsinin 8-ci toplantısı keçirildi. KTMT baş katibi Nikolay Bordyuja Qarabağ münaqişəsinin kəskinləşməsini nəzərə alıb Ermənistan prezidenti Serj Sarkisyanla həm təkbətək, həm də heyətlə birgə görüşdü. Bu iki formatda görüşlər haqda rəsmi məlumatlar “quru” idi: “Tərəflər Qarabağ və Azərbaycan qüvvələrinin təmas xəttindəki durumu və KTMT-nin hərbi tərkibinin gücləndirilməsi məsələsini müzakirə etdilər”. Toplantını Ermənistan üçün son dərəcə əlverişsiz saymaq olar. Ermənistan ümid edirdi ki, KTMT ölkələri Qarabağ münaqişəsi zonasındakı hadisələrə ermənilərin mövqeyindən yanaşılan bəyanat verəcək. Lakin bu belə olmadı. Qurum sadəcə olaraq məsələnin sülh yolu ilə həllini vacib sayan bəyanat verdi.
Azər
banner

Oxşar Xəbərlər