• cümə, 19 Aprel, 19:20
  • Baku Bakı 24°C

Ermənilər gürcüləri zəhərləyir

06.11.13 08:59 1511
Ermənilər gürcüləri zəhərləyir
Gürcüstanla Ermənistan arasında növbəti qalmaqalın əsası qoyula bilər. Gürcü tərəfi erməniləri insan orqanizmi üçün çox ciddi təhlükə ola biləcək kartofu ölkə ərazisinə ixrac etmək cəhdində günahlandırıb. Müəyyən olunub ki, bu kartof insanın səhhətində ciddi problemlərə yol açır. Gürcü saytlarının yaydığı məlumata görə, Gürcüstan tərkibində xəstəlik aşkar olunmuş 470 ton kartofu Ermənistana qaytaracaq. Gürcüstan Maliyyə Nazirliyindən verilən məlumata görə, Ermənistandan bu ölkəyə ixrac olunmuş və tərkibində xəstəlik aşkar edilmiş 470 ton kartof geri qaytarılacaq.
Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonu ərazisindəki Sadaxlı nəzarət-keçid məntəqəsində məhsula ilkin baxış zamanı onun tərkibində müxtəlif xəstəliklər olduğu müəyyənləşdirilib və xüsusi laboratoriya yoxlaması da bunu təsdiq edib. İyirmi yük maşını ilə gətirilmiş kartof Ermənistana qaytarılıb. Bu, son bir həftə ərzində Ermənistandan Gürcüstana tərkibində xəstəlik olan kartof ixrac edilməsi ilə bağlı ikinci faktdır. Ekspertlər qeyd edir ki, bu kartofun boz çürümə və xərçəng xəstəliyi yaratmaq təhlükəsi var. Bu səbəbdən də Ermənistana qarşı müəyyən addımlar atılmalıdır. Lakin gürcü tərəfi əmindir ki, hansı yolla olursa-olsun bu məhsulların ölkə ərazisinə gətirilməsinə cəhdlər ediləcək. Gürcüstanın qida üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatları hesab edirlər ki, sərhədlərdə çox ciddi şəkildə monitorinqlərin aparılmasının vaxtı çatıb. Tək qida sahəsində deyil, digər sahələr üzrə də ölkəyə gətirilən məhsullar üzərində nəzarət gücləndirilməlidir. Şübhəsiz ki, sərhədlərdə ciddi nəzarətin tətbiqindən ən çox ermənilər nəzarət çəkəcək. Erməni kəndlisi öz məhsulunu satmaq üçün Gürcüstan ərazisindən yararlanır. Bu yolun bağlanması isə onların həyat şəraitinə təsirsiz ötüşməyəcək. İqtisadi cəhətdən çətinlik içində olan erməni əhali üçün kartof əsas qida mənbəyi hesab edilir. Bahalıq və yoxsulluq girdabında çürüyən sadə ermənilər üçün bu xəbər ciddi problem yarada bilər. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2013-cü il ərzində bu ölkədə bütün istehlak mallarının qiymətində bahalaşma qeydə alınıb. Ümumilikdə bütün növ məhsullar bahalaşıb, qida məhsulları, içkilər, siqaret, dizel yanacağı, xidmətlərin qiyməti artıb. Ancaq ən böyük qiymət artımı qida məhsullarında qeydə alınıb. Qiymət artımı bu ilin 9 ayı ərzində davam edib. Araşdırılan 13 adda məhsuldan yalnız ikisinin qiyməti artmayıb. Əsas qiymət artımı yumurtada, meyvə və tərəvəzdə (kələm və kartof) özünü göstərib. Belə ki, almanın qiyməti son bir ay ərzində 60 faiz, kartofun qiyməti 24 faiz, kələmin qiyməti isə 50 faiz artıb. Ümumilikdə isə meyvə və tərəvəzdə 25 faiz qiymət artımı qeydə alınıb. Qeyri-istehlak məhsullarının qiymətlərində isə artım o qədər də çox deyil. Sadə irəvanlılar isə bu qiymət artımından narazıdırlar və bunu ermənilərin Ermənistandan tez bir zamanda çıxıb getmələri üçün xüsusi bir siyasət olduğunu düşünürlər. Ermənistan parlamentinin maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyasının sədri, hakim Respublikaçılar Partiyasının üzvü Qaqik Minasyan son zamanlar Ermənistanda istehlak mallarında qeydə alınan bu qiymət artımını ötən il kənd təsərrüfatının ölkə üçün qeyri-münbit olması ilə izah edib. Ermənistanın müxalif Milli Konqres Partiyasının üzvü, parlamentin iqtisadi komitəsinin üzvü Vaaqn Xaçatryanın sözlərinə görə isə ölkədəki inflyasiya ilk növbədə inhisarçılıqla bağlıdır. O bildirib ki, hakimiyyət nümayəndələri bütün bu məsələlərə belə yanaşırlar ki, onların heç bir maliyyə qaynaqları olmayan, sözə baxan insanları olacaq və bu insanlar seçkilər zamanı 1000, 3000 və ya 5 000 drama öz səslərini satacaqlar: “Bütün bunların davamını biz indi öz həyatımızda hiss edirik və qiymətlər fantastik templə artmaqda davam edir. Bu gün Ermənistanda hökm sürən sistem xalqın, vətəndaşların inkişafına yönəlməyib. Bu sistem bir qrup insanların zənginləşməsinə yönəlib”. V. Xaçatryan deyir ki, bütün bu yanaşmalar sosial qiyamlara zəmin yaradır: “Bu gün Ermənistanda sosial qiyam üçün bütün şərait var”.
“Aykakan jamanak” qəzeti yazır ki, Ermənistanda rəsmi iqtisadi inkişaf şəraitində əhali əvvəlki ildəkindən pis qidalanıb.
Əhalinin belə ağır bir durumunda Ermənistan hökuməti “Məşğuliyyət haqqında” qanunda dəyişiklik etmək təşəbbüsü ilə çıxış edib. Qanun layihəsi işsizlik müavinətinin ləğv edilməsini nəzərdə tutur. Hal hazırda Ermənistanda rəsmən qeydə alınmış işsizlərə 18 min dram (təxminən 35 manat) aylıq müavinət verilir. Baş nazir Tiqran Sarkisyan hesab edir ki, işsizlik vəsaiti vermək proqramı sosial problemlərin həllinə xidmət etməyib. “Yoxsulluq səviyyəsi 32,5 faiz təşkil edən Ermənistan kimi bir ölkədə işsizlik müavinəti sistemi səmərəsizdir. 94 faiz hallarda müavinəti sosial ehtiyacı olmayan adamlar alır” – deyə parlamentdə çıxışı zamanı baş nazir deyib. Parlamentdə təmsil olunan qeyri-hakim fraksiyalar hökumətin təşəbbüsünü “ağlasığmaz” hesab edir. Onlar əmidirlər ki, insanlar çörəkpulundan məhrum ediləcək, lakin işlə təmin olunmayacaqlar. “Daşnaksutyun” Partiyasının nümayəndəsi Artsvik Minasyanın sözlərinə görə, işsizlik müavinətinin ləğv olunması vətəndaşların işsizlik, əlillik kimi sosial risklərdən müdafiəsini elan edən Ermənistan Konstitusiyasına ziddir. Rəsmi statistikaya əsasən, Ermənistanda işsizlərin sayı təxminən 70 min nəfər təşkil edir. Onlardan 10 mini işsizlik müavinəti alır. Lakin hökumət mənbələrinin hesablamalarına görə, daha 200 min vətəndaş işsiz olduqları barədə dövlət orqanlarına məlumat verməyiblər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər