Ermənilər cəbhədə niyə sakitləşib?

Ermənilər cəbhədə niyə sakitləşib?

Siyasət
05 İyul 2019, 18:53 361
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı tərəflər arasında ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən görüşlər təşkil olunur. Son belə görüş Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutmuşdu. Lakin bu görüşdən əvvəl cəbhə xəttində atəşkəs rejimi mütəmadi olaraq pozuldu, Ermənistan ordusu iriçaplı silahları işə saldı. Hətta Azərbaycan Ordusunun iki hərbçisi şəhid oldu. Bütün bunlara rəğmən, Vaşinqton görüşü keçirildi. Maraqlı məqam ondan ibarətdir ki, görüşdən sonra cəbhə xəttində nisbi sakitlik yarandı. Hətta demək olar ki, son günlər atəşkəs pozulmur.
Görəsən, ermənilərin bu qədər sükutu nə ilə bağlıdır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündən əvvəl cəbhədə baş verənlər təxribat idi: "Bu, əlbəttə ki, informativ təxribat xarakteri daşıyırdı. Ermənilər əslində bununla dünyaya bildirmək istəyirdilər ki, cəbhədə sülh bərqərar olunmayıbd. Atəşkəsin də pozulmasını Azərbaycanın adına, xüsusilə "təcavüzkar niyyəti”nə bağlayırdılar. Ermənilər bildirirdilər ki, tam sülhdən danışmaq mümkün deyil və guya Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət yoxdur. Bu təxribatı da ona görə törədirdilər ki, sülh danışıqları məsələsini dalana salsınlar. Yəni, bu məsələdə irəliləyişin olmasına imkan verməsinlər. Buna da demək olar ki, nail oldular”.
Q.Hüseynli əlavə etdi ki, Minsk qrupu həmsədrləri həmişə sülhyaratma prosesinin imitasiya edirlər: "Elə buna görə də son Vaşinqton görüşü də nəticəsiz qaldı. Yenidən Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri gözlənilir. Həmsədrlər həmişə olduğu kimi, yenə gələcəklər, müzakirə edəcəklər və gedəcəklər. Bu, zaman-zaman təkrarlanır. Amma təəssüflər olsun ki, Ermənistanın davranışlarında hər hansı dəyişiklik baş vermir. Danışıqlar prosesi də bu səbəbdən alınmır. Zənnimcə, sülhyaratma prosesində Minsk qrupunun fəaliyyətinə yenidən baxılmalıdır və bununla bağlı BMT-yə müraciət olunmalıdır. Çünki bu həmsədrlik institutunu BMT yaradıb, ATƏT isə mandat verib. BMT də Qarabağla bağlı sülhyaratma prosesinə qarışmalıdır və bu, real bir prosesə çevrilməlidir. Yoxsa ki, görüşüb danışmaqla məsələ həllini tapan deyil. Yaxud da ermənilər danışıqların formatına uyğun olmayan bir məsələni ortaya atmaqla, mahiyyət üzrə danışıqlardan yayınırlar. Düşünürəm ki, bu səbəblərin hamısı ermənilər tərəfindən əvvəlcədən düşünülərək hazırlanıb və sülh danışıqlarını da bunların əsasında aparmağa çalışırlar. Lakin Azərbaycan bu məsələdə qətiyyətlidir və hər zaman sülh danışıqlarına sadiqliyini nümayiş etdirir. Əgər sülh danışıqlarından nəticə çıxmasa, Azərbaycan müharibə variantına əl atacaq və torpaqlarını işğaldan azad edəcək”.
Politoloq Elşən Manafov bildirdi ki, atəşkəsin ermənilər tərəfindən mütəmadi pozulması halı, adətən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində baş verir: "Biz bilirik ki, Paşinyan hökuməti hakimiyyətə məhz qərbin maliyyə dəstəyi ilə gəlib. Bu məsələdə Soros Fondunun Paşinyan iqtidarına etdiyi maliyyə dəstəyini nəzərdə tuturam. Ona görə də Vaşinqton görüşü ərəfəsində belə bir addımın məhz Ermənistan tərəfindən atılması onun havadarları tərəfindən düzgün qarşılanmazdı. Çünki bütün hallarda indiki iqtidarın qərbin müəyyən institutları qarşısında öhdəlikləri var və bu öhdəliklər hər halda mövcud Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllini özündə ehtiva edir. Yəni, Rusiyadan fərqli olaraq, qərb problemin həllində daha maraqlı tərəf təsiri bağışlayır. Çünki bu ölkəyə müəyyən investisiya qoyulub, eləcə də bölgədəki neft-qaz kəmərlərinin təhlükəsizliyi məsələsi və digər amillər təbii ki, qərbi narahat etməyə bilməz. Bu mənada Vaşinqton görüşü ərəfəsində ekspertlər Birləşmiş Ştatların danışıqların gedişində təşəbbüsü ələ ala biləcəyi ilə bağlı fikirlər də səsləndirirdilər”.
E.Manafov vurğuladı ki, Dağlıq Qarabağ probleminin həllinə Rusiyanın təsir imkanları kifayət qədər fərqli və güclüdür: "Bunu Ermənistanın indiki iqtidarı da gözəl başa düşür. Düşünürəm ki, məhz Vaşinqton görüşündən sonra tərəflər arasında atəşkəslə bağlı razılığın pozulmaması da əslində bu görüşün formatına xələl gətirməmək istəyindən irəli gələ bilər. Hər halda ABŞ superdövlətdir və Vaşinqton görüşündən sonra Ermənistanın atəşkəsi pozması onun havadarları tərəfindən yaxşı qarşılanmaz. Amma bütün hallarda Paşinyan iqtidarının Dağlıq Qarabağdakı separatçı rejimə təsir imkanları kifayət qədər zəifləyib. Əslində separatçı rejim "Qarabağ klanı”nın tam nəzarəti altındadır. Düşünürəm ki, Vaşinqton görüşündə və ondan əvvəl Moskva, eləcə  də digər görüşlərdə münaqişə tərəfləri arasında ciddi fərqlərin olduğunu gördük. Əslində bu görüşdə də ciddi bir uğur əldə olunacağına ümid etmirdik. Fikrimcə, Vaşinqton görüşü sıradan bir görüş idi. Sadəcə olaraq, bu görüşlərin keçirilməsi danışıqların intensiv aparılmasına müsbət təsir edə bilər. Həm də bu görüşlər cəbhədə hərbi əməliyyatların bərpa olunmasının qarşısını müəyyən mənada alır”.
 
BƏXTİYAR