• cümə, 29 Mart, 09:22
  • Baku Bakı 5°C

Ermənilər beynəlxalq medianı aldada bilmir

28.10.19 18:46 2030
Ermənilər beynəlxalq medianı aldada bilmir
Ermənistan son illərdə siyasi, diplomatik, iqtisadi, hərbi xüsusilə də informasiya sahəsində geriləməkdə davam edir. Amma ölkənin yeni hökuməti bəyan edir ki, guya durmadan inkişaf edirlər. Əlbəttə ki, Ermənistanın indiki sosial-iqtisadi durumunun ağır olmasında əsas səbəblərdən biri məhz Azərbaycana qarşı işğalçılıq siyasətinin aparılmasıdır. Beynəlxalq qurumlarda Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli dəfələrlə vurğulanıb və bu, sənədlərdə öz əksini tapıb. 90-cı illərdən fərqli olaraq bugünkü Azərbaycan informasiya blokadasını aradan qaldırıb. Hətta dünyaca məşhur olan media qurumları Ermənistanı işğalçı olması ilə bağlı sualları çəkinmədən ünvanlayırlar. Bu günlərdə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın BBC telekanalının "Hard Talk" verilişində olması və verilişin aparıcısı Stefen Sakurun sualları qarşısında aciz qalması bunu bir daha sübut etdi. Bütün bunlar Ermənistanın hansı durumda olmasının göstəricisi deyilmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, yalanlar üzərində qurulmuş erməni diplomatiyasını əsaslandırmaq hətta Mnatsakanyan kimi təcrübəli siyasətçi üçün də çox çətindir: "Məsələn, BBC-nin aparıcısı Paşinyandan sitat gətirərək belə bir sual verir ki, Ermənistanda korrupsiyanın kökünün tamamilə kəsilməsi həqiqətə bənzəmir. Eyni zamanda, aparıcı Azərbaycanla Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsinə Paşinyan iqtidarının yeni bir ideya və təsəvvür gətirilməsi barədə inandırıcı dəlillərin olmadığını vurğulayıb. Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin Ermənistana və erməni xalqının təhlükəsizliyinə böyük təhdid olduğunu həyasızcasına bəyan edir. İşğalçı ölkənin naziri bunun minlərlə Ermənistan vətəndaşı üçün ən əsas təhlükəsizlik məsələsi olduğunu vurğulayır, halbuki, bizə məlumdur ki, bölgədə sülhə və təhlükəsizliyə ən böyük təhdid Ermənistanın işğalçılıq siyasətidir”.
N.Məmmədova qeyd etdi ki, Ermənistan diplomatiyasının rəhbərinin belə həyasızcasına yalan danışması bizim üçün yeni bir hal olmasa da, BBC-nin efirindən ölkəsini ifşa etməsi demək idi: "Fikrimcə, müsahibənin ən maraqlı yerlərindən biri jurnalist Stefan Sakurun "əgər siz sülh istəyirsinizsə, niyə cəmi bir neçə ay əvvəl - avqust ayında Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" deyib” söyləməsi oldu. Paşinyanın israrla sülh istədiyini iddia etməklə Mnatsakanyan yenidən qeyri-səmimilik nümayiş etdirib. Ermənistan xarici işlər nazirinin erməniləri qlobal vizyonu olan xalq kimi təsvir etməyə çalışması da cəfəngiyatdan başqa bir şey deyil. İşğalçı, soyqırımına bəraət qazandıran xalq bəşəri sivilizasiyaya heç bir töhfə verə bilməz və bu, BBC efirində bir daha sübut olundu. Düşünürəm ki, BBC kanalının obyektiv yanaşmasında bizim uzun illərdir apardığımız iş öz nəticəsini verib. Baxmayaraq ki, hazırkı Ermənistan iqtidarı da Britaniyanın rəğbətini qazanmaq üçün bir çox cəhdlər etdi, məsələn, "Amulsar” qızıl mədəninin istismarını ingilis şirkətinə verdi və s. Lakin Ermənistan xarici işlər naziri növbəti dəfə yalanları ilə ölkəsinin ifşa olunmasının qarşısını ala bilmədi”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan BBC-ə müsahibədə həqiqətən çətin vəziyyətə düşmüşdü və müxbirin suallarına cavab verməyə söz tapmırdı: "Çünki sual verən jurnalist məsələyə ədalətli yanaşırdı, haqlı suallar verirdi. Məsələn, deyirdi ki, Ermənistan işğala görə özünü günahkar sayırmı? Həmçinin jurnalist "bir yandan Qarabağ öz taleyini həll etməlidir deyirsiniz, digər yandan baş naziriniz "Qarabağ Ermənistandır” fikrini səsləndirir. Bu iki fikir arasında ziddiyyət yoxdurmu” sualını səsləndirdi. Paşinyan öz komandasını pis vəziyyətdə qoyub və naziri də bilmir ki, suallara necə cavab versin. Görünən odur ki, Paşinyan öz komandası ətrafında mürəkkəb vəziyyət yaradıb. Amma bütün hallarda bu müsahibə də göstərir ki, Ermənistanın irəli sürəcək arqumenti, deyəcək bir sözü yoxdur. Özləri də başa düşürlər ki, işğalçılıq siyasəti onlara baha başa gələcək. İndi əgər müharibə yoxdursa, bu, o demək deyil ki, hər zaman belə davam edəcək. Münaqişə ya danışıqlar, ya da müharibə yolu ilə həll olunmalıdır. Bizim alternativ variantımız var və ermənilər bunu aprel döyüşlərində gördülər. Məsələ ondadır ki, Ermənistan Qarabağla yanaşı yeddi rayonu da işğal altında saxlayır. Əlbəttə ki, bu ədalətli ola bilməz! Bunu artıq amerikalı, ingiltərəli jurnalistlər də anlayırlar. Bu, həmin amerikalı, avropalı jurnalistlərdir, televiziya kanallarıdır ki, 90-cı illərin əvvəllərində yalnız Ermənistanın mövqeyini ifadə edirdilər. Erməni lobbisi istədiyi xəbərləri yaya bilirdi. Lakin indi o informasiya blokadası yayılıb və Qərb jurnalistləri də görür ki, əslində günahkar, işğalçı Ermənistandır. İndi məhz ermənilərə bu səpkidə suallar verilir və onlar da çətin vəziyyətdə qalırlar. Çətin vəziyyətdə qalmaları bir də onu göstərir ki, haqsız tərəfdirlər”.
E.Şahinoğlu vurğuladı ki, Azərbaycan hər yerdə Qarabağla bağlı tədbirləri artırmalıdır: "Məsələn, son hadisə də xoşuma gəldi. Azərbaycanlı xanım tələbə Kaliforniyada ermənipərəst rusiyalı jurnalist Poznerə sual ünvanlayıb. Yəqin ki, Pozner elə bilib ki, auditoriyada Azərbaycanı müdafiə edən şəxs olmayacaq. Bundan istifadə edib ağzına gələni danışmağa başlayıb. Lakin azərbaycanlı tələbə özünü bitərəf jurnalist kimi adlandıran bir şəxsin qətliamlara göz yummasını qınayıb. Biz hər yerdə ermənilərə problem yaratmalıyıq. Yaxud da bu istiqamətdə müxtəlif ölkələrin media mənsubları addımlar atmalıdırlar. Necə ki, BBC-nin məşhur verilişinin aparıcısı Ermənistanın xarici işlər nazirini sualları ilə sıxışdırmışdı”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər