• cümə, 19 Aprel, 05:06
  • Baku Bakı 18°C

“Ermənilər Azərbaycan Ordusunun gücünü gördülər”

05.04.16 11:27 1716
“Ermənilər Azərbaycan Ordusunun gücünü gördülər”
Ermənistan hərbi birləşmələri mart ayının 31-i gecədən indiyə qədər Azərbaycanın işğal altındakı ərazilərindən yaşayış məntəqələrimizi mütəmadi atəşə tutmağa, cəbhə xəttində müxtəlif təxribatlar törətməyə başlayıblar. Amma ordumuzun ayıq-sayıqlığı nəticəsində düşmənin bütün təxribatlarının qarşısı alınıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçmağa başlayıb. Ermənilərin yüzlərlə hərbi qulluqçusu, onlarla hərbi texnikası məhv edilib. Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilib. Cəbhə xəttindəki son hadisələrlə bağlı “Kaspi”nin suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndəsi, Xocalıdan olan deputat Elman Məmmədov cavablandırır.
- Elman müəllim, martın 31-dən başlayaraq Ermənistan silahlı birləşmələri cəbhə xəttində müxtəlif təxribatlara başlayıblar və ordumuzun cavab tədbirləri ilə müşayiət olunan şiddətli döyüşlər indi də davam etməkdədir. Bu təxribatların Azərbaycan Prezidentinin ABŞ-da səfərdə olduğu müddətdə baş verməsi sadəcə təsadüfdür, yoxsa əvvəlcədən düşünülmüş hücum planı?
- Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə, eləcə də cənab İlham Əliyevin prezidentliyi müddətində Ermənistan siyasi rəhbərliyinin göstərişi ilə erməni silahlı birləşmələri cəbhə xəttində daim təxribatlara əl atıblar. Xüsusən də Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər keçiriləndə, bayram ərəfəsində, yaxud prezident İlham Əliyev xaricə səfər edəndə, Dağlıq Qarabağ probleminin həll edilməsi ilə bağlı mühüm görüşlər keçirdiyi, danışıqlar apardığı bir zamanda ermənilər cəbhə xəttində vəziyyəti daim gərginləşdiriblər. Bu dəfə də Azərbaycan Prezidenti ABŞ dövlət başçısının dəvəti ilə Vaşinqtonda keçirilən IV nüvə sammitində iştirak etməyə yollananda cəbhədə ənənəvi erməni təxribatı baş verdi. Mart ayının 31-i axşamdan başlayaraq erməni silahlı birləşmələri cəbhə xəttinin müxtəlif istiqamətlərində təxribatlar törətməyə başladılar, mövqelərimizə soxulmağa cəhd etdilər. Bununla onlar nələrəsə nail olmaq istəyirdilər. Lakin hər şey əksinə oldu. Erməni təxribatçılarının bütün təxribat və hücum cəhdlərinin qarşısı alınmaqla bərabər, onların başları əzildi, geriyə doğru qaçmaları təmin edildi, hətta bir neçə strateji yüksəklik ordumuz tərəfindən ələ keçirildi. Bununla da ermənilər Azərbaycan ordusunun gücünü gördülər. Dövlətimizin başçısı Təhlükəsizlik Şurasının iclasında çox haqlı olaraq beynəlxalq hüquqa istinad edərək bəyan etdi ki, Ermənistan əsgəri ölmək istəmirsə Azərbaycan torpaqlarına gəlməsin, rədd olub getsin öz torpağına, ölkəsinə. Yəni, bu məsələdə biz hərtərəfli haqlıyıq, ərazilərimizin müdafiəsindəyik. İlk hücumu, həmləni biz deyil, Ermənistan edib, Azərbaycan ordusu da onlara layiqli cavab verib.
- Cəbhə bölgəsində düşmən təxribatının qarşısı alınandan, Silahlı Qüvvələrimiz erməniləri çoxsaylı itkilərə məruz qoyduqdan dərhal sonra bir sıra qurumlar, rəsmi şəxslər bundan narahatlıqlarını ifadə etməyə başladılar. Münaqişə tərəfi olmayan bu adamların birtərəfli mövqe nümayiş etdirməsi, erməni yanlısı kimi çıxış etmələrinə səbəb nədir?
- Biz ermənilərin təxribatının qarşısını almışıq, dinc əhalimizi, Vətənimizi qorumuşuq. Sadəcə, buna görə kimlərinsə narahatlıq keçirməsi başadüşülən deyil. Əgər ermənilərin atdığı raketlər, artilleriya mərmiləri bu narahatlıq keçirən əcnəbi politoloqların, siyasətçilərin, beynəlxalq təşkilat nümayəndələrinin evinə, başlarına düşsə, övladlarını öldürsə nə edəcəkdilər? Həmin zaman da durub ermənilərə görə narahatlıq keçirəcəkdilərmi? Digər tərəfdən, Azərbaycan 1990-cı illərdə zəif və gücsüz olanda düşmən tərəfi bundan istifadə edərək Azərbaycan torpaqlarını işğal edəndə həmin beynəlxalq qurumlar, siyasətçilər, rəsmi şəxslər nə üçün səslərini çıxarmırdılar? Azərbaycan 30 mindən çox şəhid verəndə, on minlərlə hərbçisi yaralananda, bir milyona yaxın insanımız qaçqın və məcburi köçkünə çevriləndə bu təşkilatlar, rəsmi şəxslər indiki qədər narahatlıq keçirmirdilər. Mən Qarabağdan, konkret Xocalıdan olan Azərbaycan vətəndaşıyam. Dağlıq Qarabağda ermənilərin separatçılıq hərəkətlərinə yol verdikləri gündən müharibə dövrünə, ərazilərimizin işğal olunduğu günlərə qədər proseslərin içində olmuşam, ordu qüvvələrimizlə birlikdə düşmənə qarşı vuruşmuşam. Xocalıda soyqırımına məruz qalmış, bu faciəni yaşamış bir insanam. Birmənalı olaraq bildirirəm ki, cəbhə xəttində ermənilərin geri oturdulmasından təşvişə düşən, onların müdafiəsinə qalxan, müxtəlif çağırışlar edən dövlət rəsmiləri, beynəlxalq təşkilat nümayəndələri vaxtilə Qarabağ müharibəsində işğalçıya havadarlıq edənlərdir. Keçmiş SSRİ-yə, onun varisi Rusiya Federasiyasına məxsus 366-cı motoatıcı alayın şəxsi heyətinin, hərbi texnikasının köməyi ilə ermənilər 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda XX əsrin faciəsini – soyqırımını törədiblər. Bu, reallıqdır. Vaxtilə rus hərbçilərinin Qarabağ savaşında ermənilərə verdiyi dəstəyi indi də rus mediası kütləvi informasiya vasitələri üzərindən həyata keçirir. Martın 31-dən bu günə qədər cəbhə xəttində baş verən erməni təxribatı, bundan irəli gələn hadisələr tamamilə təhrif olunmuş, yalnız erməni maraqlarına xidmət edəcək şəkildə dünyaya çatdırılır. Ermənilər demək olar ki, bütün rus mediasını öz təsirləri altına alıblar və tirajladıqları yalanlarla yalnız Azərbaycanın maraqlarının əleyhinə deyil, eyni zamanda Rusiyanın dövlət maraqlarının əleyhinə də təbliğat aparırlar.
- ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri olan Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda öz ərazisində separatçı “Dağlıq Qarabağ respublikasının” “nümayəndəliyi”nin yaradılmasına icazə verib, hətta son hadisələrdən sonra bu “nümayəndəliyin” “rəhbərini” televiziya efirinə çıxararaq baş verənlərə münasibətini öyrənib...
- ATƏT-in Minsk Qrupunun həmsədr dövləti, Dağlıq Qarabağ probleminin həlli üzrə vasitəçi o deməkdir ki, bu dövlət, yaxud həmin dövləti təmsil edən şəxs münaqişənin sülh yolu ilə həllinə, barışıq yaranmasına yardım edir. Ancaq gəlin baxaq görək, reallıqda bu, necədir. Əgər vasitəçilik missiyası ilə məşğul olan şəxslər, eləcə də onların təmsil etdikləri dövlətlər doğrudan da beynəlxalq hüququn, haqq-ədalətin tərəfdarlarıdırlarsa, heç bir dövlət tərəfindən rəsmi şəkildə tanınmamış qondarma respublikanın nümayəndəsi onların ölkəsində nə gəzir? Azərbaycan ərazilərində kök salmış separatçı, qondarma “Dağlıq Qarabağ Respublikasının” nümayəndəlikləri həmsədr dövlətlərin demək olar ki, hər birinin ərazisində var. Bu qondarma respublikanın təmsilçiləri heç bir məhdudiyyətlə üzləşmədən Qərb dövlətlərində, Avropa İttifaqı ərazisində rahatlıqla hərəkət edir, hətta işğalçılıq hərəkətlərini artırmaq üçün ianələr də toplayırlar. Görünən mənzərə açıq-aşkar riyakarlıqdır, beynəlxalq hüquqa, qanunlara zidd çıxaraq, dolayısı ilə separatçılığa dəstək verməkdir. Bu riyakarlıq, ədalətsizlik, haqsızlıq cəbhə xəttindəki son olaylardan sonra bir daha özünü qabarıq şəkildə göstərdi. Necə ola bilər ki, sən bir dövlət olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edirsən, amma bu bütövlüyü pozmaq istəyən separatçıya sığınacaq verirsən?
- Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, düşmən hücumunun qarşısı alınan zaman əks hücum təşkil edilib və ermənilərin birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Talış, Seysulan və “Lələ təpə” adlandırılan həmin yüksəkliklərin strateji əhəmiyyəti nədən ibarətdir?
- Aprel ayının 2-dən bu gün (red. dünən) səhərə qədər cəbhə xəttindəki yaşayış məntəqələrində olmuşam. Həm yerli əhali, həm də hərbçilərimizlə söhbət etmişəm. Mənimlə bərabər, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri də qeyd olunan ərazilərdə olublar. Müşahidələrim, bildiklərim, həmçinin hərbçilərimizin verdiyi məlumatlar əsasında deyə bilərəm ki, Talış kəndi ətrafındakı yüksəkliklərin, eləcə də Seysulan məntəqəsinin düşmən qüvvələrindən tam təmizlənməsi Goranboy rayonu və Naftalan şəhəri üçün yarana biləcək bütün təhlükələrin aradan qalxması deməkdir. Bu yüksəkliklərdə 20 ildən artıq idi ki, ermənilər möhkəmlənmişdi. Düşmən buradakı mövqelərindən Tərtər və Goranboy rayonlarının, o cümlədən Naftalan şəhərinin yaşayış məntəqələrini daim atəşə tuturdu. Bu rayonlar ərazisindəki bir sıra kəndlər düşmənin atəşkəsi pozması nəticəsində çoxsaylı dağıntılara, itkilərə məruz qalırdı. Kənd əhalisi öz gündəlik həyatlarını yaşaya bilmir, əkin-biçinlə, heyvandarlıqla məşğul olmaqda çətinlik çəkirdilər. İndi isə belə bir təhlükə yoxdur, əhalinin təhlükəsizliyi tam təmin olunub. Bu günə qədər ermənilərin əlində olan mövqelərin işğalçılardan azad olunması nəticəsində ordumuz düşmən üzərində nəzarəti bir qədər də artırıb. “Lələ təpə” adlandırılan yüksəkliyin bölmələrimizin nəzarətinə keçməsi isə Horadiz şəhərinin düşmən təhlükəsindən qorunmasına xidmət edir. Eyni zamanda, bu yüksəklik Füzuli rayonu istiqamətində yerləşən geniş ərazini nəzarətdə saxlamağa imkanı verir, ordumuz üçün strateji əhəmiyyət daşıyır. Ordumuzun bu mövqedə möhkəmlənməsi imkan verir ki, 15-20 kilometr əraziyə tam nəzarət etmək imkanı olsun. Bu mövqedə də ermənilər 1993-94-cü illərdən möhkəmlənmişdilər və daim yaşayış məntəqələrimizi atəşə tuturdular. Hazırda isə həmin yüksəklik, eləcə də o biri yüksəkliklər bizim hərbçilərimizin nəzarətindədir. Orada yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilib, yeni səngərlər qazılıb, bütün mövqelərdə möhkəmləndirmə işləri aparılıb. Düşmənin bundan sonrakı bütün təxribat cəhdlərinin qarşısının da layiqincə alınacağına əminəm.
- Düşmən təxribatının qarşısının alındığı, onlara ağır sarsıdıcı zərbələr vurulduğu son günlər ərzində cəbhə xəttinə yaxın yerlərdə yaşayan əhalinin əhval-ruhiyyəsi necədir?
- Bir qədər əvvəl qeyd etdiyim kimi, cəbhə xəttinə yaxın yaşayış məntəqələrində olmuşam, həmçinin şəhidlərimizin dəfn mərasimlərində iştirak etmişəm. Əhalimiz və hərbçilərimiz arasında çox böyük ruh yüksəkliyi, qələbə əzmi var. İnsanlarımız Azərbaycan ordusuna, onun gücünə, qüdrətinə inanır. Xalq-ordu birliyi, vəhdəti hər qarış Vətən torpağında hiss olunmaqdadır. Son günlər ərzində cəbhə bölgəsinə yaxın olan ərazilərdən yüzlərlə Qarabağ müharibəsi veteranı, keçmiş döyüşçülər gələrək, hərbçilərimizə dəstək nümayiş etdiriblər. Bu, xalqın birliyi, həmrəyliyi, qələbə əzmi, inamı, düşmənə qarşı bir yumruq kimi birləşmə nümunəsidir. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında bəyan etdiyi kimi, hazırda Azərbaycan tərəfi humanistlik, insanpərvərlik nümayiş etdirərək, birtərəfli qaydada atəşi dayandırdı. Lakin cəbhədən gələn son xəbərlər onu deməyə əsas verir ki, düşmən tərəfi atəşi dayandırmır, yeni-yeni təxribatlar törətməyə çalışır və hər dəfə də Azərbaycan Ordusunun güclü müqaviməti ilə rastlaşaraq geri çəkilir. Biz bundan sonra da Ermənistan Silahlı Qüvvələrinin bütün təxribat cəhdlərinin qarşısını alacaq, düşmənə öldürücü cavab zərbələri vuracağıq. Azərbaycan Ordusu Ermənistanda deyil, öz işğal olunmuş ərazilərində düşmənə qarşı mübarizə aparır. Bu, bizim haqqımızdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər