• cümə, 19 Aprel, 19:32
  • Baku Bakı 24°C

Ermənilər Avrasiya İqtisadi Birliyinə qarşı

11.09.14 10:50 978
Ermənilər Avrasiya İqtisadi Birliyinə qarşı
Yerevanda Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzv olmaq səylərinə qarşı etiraz aksiyaları səngimir. İctimai fəallar Ermənistan paytaxtının Azadlıq meydanından “Putin, əl çək Ermənistandan!” yazılmış plakatlarla və Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması əleyhinə şüarlarla, “Azad, müstəqil Ermənistan!” qışqıraraq prezident iqamətgahına doğru yürüşlər keçirirlər. Etiraz tədbirləri ötən ilin sentyabrında Ermənistan prezidenti Serj Sarkisyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə daxil olmaq niyyətində olduğunu bəyan etməsinin ildönümünə həsr olunub.
“Gömrük İttifaqı Rusiya imperiyasının bərpa edilməsinin ssenarisi olub. Ukraynasız isə bu təşəbbüs ciddi qəbul oluna bilməz, Gömrük İttifaqı Ukraynasız iflasa düçardır. Bəzi Rusiya təlxəklərinin bəyanatları isə hətta Qazaxıstan və Belarus prezidentlərini hirsləndirib” – deyə etiraz aksiyasının iştirakçısı, Gümrü Jurnalistlər Klubunun rəhbəri Levon Barseqyan jurnalistlərə deyib. Onun sözlərinə görə, Ermənistan prezidentinin düz bir il bundan əvvəl “bütün erməni xalqı adından qərar qəbul etməyə haqqı olmayıb”. “Gömrük İttifaqına daxil olmaq ölkəmizin müstəqilliyini təhlükə altında qoyur. Odur ki, biz Serj Sarkisyanın istefasını tələb edirik” – Levon Barseqyan deyib. Keçmiş sovet dissidenti Paruyr Ayrikyan isə Sarkisyanın istefası tələbilə prezident sarayı önündə aclıq aksiyası keçirməyə hazırlaşır. Paruyr Ayrikyan toplaşanlar qarşısında çıxışında Sarkisyana Gömrük İttifaqına daxil olmaq haqqında öz qərarını dəyişmək üçün bir neçə dəfə vaxt verdiyini bəyan edib. Bu dəfə Ayrikyan Ermənistan prezidentinə daha 5 gün möhlət verib və “əgər Serj Sarkisyan istefa verməsə”, aclıq aksiyasına başlayacağını bildirib.
Ermənistanın Gömrük İttifaqına daxil olması prosesində anlaşılmaz problemlər var. Bunu isə “Erməni Milli Konqresi”nin üzvü, iqtisadçı ekspert Zoya Tadevosyan bildirib. Erməni ekspert Qərbin sanksiyaları fonunda Rusiyada yaşanan iqtisadi problemlərə diqqət çəkərək bildirib ki, bu vəziyyət Ermənistana yaxşı perspektiv vəd etmir. Ekspert əlavə edib ki, Rusiyada iqtisadi vəziyyət optimizm doğurmur. Zoya Tadevosyan Rusiya ilə Ermənistan arasında münasibətləri şərh edərkən bildirib ki, rəsmi Moskva Ermənistana tamamilə onun təsiri altında olan ölkə kimi baxır. Erməni Milli Konqresinin nümayəndəsi əmindir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü prosesi dondurulacaq. O, xarici işlər naziri Edvard Nalbandyanın bu günlərdə ölkənin Avrasiya İqtisadi Birliyinə üzv olma prosesinin yekunlaşdığı və yaxın günlərdə konkret nəticələr əldə olunacağı barədə səsləndirdiyi bəyanata da münasibət bildirib: “Ermənistanın bu prosesdə iştirakı dondurulacaq, digər ölkələrin bu qurumda aktivləşməsi isə aşağı düşəcək. Çünki bu qurum təsis edildikdən bəri ancaq çətinliklər və maneələr yaradıb. Mən Xarici İşlər Nazirliyinə ümumiyyətlə dövlət orqanı kimi etibar etmirəm. Bundan başqa, Nalbandyan nə danışdığını heç özü də bilmir”. Onun sözlərinə görə, Ermənistanın yüksək rütbəli dövlət məmurlarının əksəriyyəti öz yerlərində və işlədikləri sahənin mütəxəssisləri deyillər. Erməni müxalifətçi daha sonra bu qənaətə gəlib ki, ölkəsi işğal altında olan Qarabağsız bu quruma üzv olmaqla real siyasi itkilərlə üzləşəcək: “Bu, həm də iqtisadi və siyasi siyasətdə ağır nəticələrə gətirib çıxaracaq. Əgər siz öz qonşunuzdan ev tikmək üçün borc pul istəsəniz, gələn il həmin qonşu sizin evinizə ağa kimi daxil olacaq. Bu səbəbdən də Rusiya Ermənistanı tam şəkildə özünün forpostu kimi görür”.
O bildirib ki, Ermənistan hakimiyyət orqanları Serj Sarksiyanın timsalında Rusiya rəhbərliyi tərəfindən seçilib və bu posta təyin ediliblər. Müxalifət funksioneri onu da deyib ki, Sarkisyan iqtidarı ölkəni qeyri-müəyyənliyə sürükləyir. Konstitusiya islahatları barədə də danışan Tadevosyan bunun çox ciddi problemlərə gətirib çıxaracağını vurğulayıb: “Qoy heç kimdə şübhə yeri qalmasın ki, konstitusiya islahatları Serj Sarksiyanın hakimiyyətdə qalmasına yönəlib. Prezident Sarksiyan ölkəni əbədi olaraq idarə etmək istəyir və buna görə hər şeyə getməyə hazırdır. Lakin mən şübhə edirəm ki, Sarkisyan məqsədinə çatacaq”. EMK funksioneri onu da deyib ki, deputatların bir çoxu hakimiyyətin fəaliyyətini müzakirə belə etmək istəmir. Səbəb kimi isə onların bir çoxuna qarşı hakimiyyətdə kompromatların olmasını göstərib.
Ondan sonra söz alan prezidentliyə keçmiş namizəd Andrias Qukasyan maraqlı bir açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Ermənistan heç bir zaman Avrasiya İqtisadi Birliyinə üzv qəbul olmayacaq. “Dağlıq Qarabağ münaqişəsi ölkənin siyasi problemlərinin həllində əsas məsələ olaraq qalır. Bu, Assosiativ üzvlüklə bağlı sənədin imzalanması, eləcə də Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyündə də özünü büruzə vermiş oldu. Bu gün Belarus və Qazaxıstan Ermənistanın Avrasiya iqtisadi məkanına qoşulmasına qarşıdır və bu da öz rolunu oynayır”. Onun qənaətincə, “əgər oradan “Avrasiya” sözü çıxarılsa, onda bu qurum Rusiya, Belarus və Qazaxıstan arasında bir iqtisadi cəmiyyət rolunu oynamış olur və belə olan halda Ermənistanın orada heç bir işi yoxdur”.
Ən maraqlısı isə Sarkisyanın düşdüyü vəziyyətdir. Belə mürəkkəb bir vaxtda o, partiyasında nizam-intizam yaratmağa çalışır. Yayılan məlumatlara görə, sədri olduğu partiyanın son iclasında ona qarşı ittihamlar səslənib. Partiyanın üzvü Vardan Ayvazyan ona qarşı çıxıb. Prezident də ona “iclas şuluqluq yeri deyil və burada toplaşanların hamısı partiyanın xəttini dəstəkləməlidir” deyib. Serj Sarkisyan onu özünü müxalifətçi kimi aparmaqda günahlandırıb. Ekspertlər deputatın belə qalmaqallı fəaliyyətini paytaxtı bürüyən mitinqlərlə əlaqələndirirlər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər