• cümə, 29 Mart, 09:53
  • Baku Bakı 5°C

Ermənilər aprel döyüşlərinin şokundan ayıla bilmir

04.04.19 10:30 677
Ermənilər aprel döyüşlərinin şokundan ayıla bilmir
Aprel müharibəsindən üç il keçsə də, erməni cəmiyyətində, ictimai fikrində narahatçılıq və həyəcan qalmaqdadır. Nikol Paşinyanın hakimiyyəti müdafiə naziri David Tanoyanın dili ilə hər vəchlə bu narahatçılığın əbəs olduğuna inandırmağa cəhd göstərir, populist bəyanatlar və fikirlər səsləndirir. İddia etməyə çalışır ki, erməni ordusu heç də 2016-cı ildəki rəzil durumda deyil, hücum etmək, hətta yeni ərazilər tutmaq iqtidarındadır. Görünür, hələ də onlar inqilab əhval-ruhiyyəsindən qurtulmayıblar. Maraqlıdır, görəsən, yeni hakimiyyət mətbuatda dərc olunan yazılara nəzər salırmı? Məsələn, "1in.am” saytında dərc olunan məqalələrdən birinin başlığı belədir – "Şok və ağır dərs”. Müəllif yazır ki, "Erməni xalqı aprel səhərini Azərbaycanın irimiqyaslı hərbi əməliyyatlara başlaması ilə açdı və üstündən bir gün keçəndən sonra erməni separatçıları arasında yüzlərlə itkinin olmasından xəbər tutdu”.

"Dördgünlük aprel müharibəsi bizim üçün şok oldu. Şok müharibədə deyil, sadəcə, bizim dövlətin müharibəyə hazır olmadığı üzə çıxdı”, - deyə müəllif yazır.

Rusiya mediasında da aprel hadisələri ilə bağlı materiallar dərc olunur və bildirilir ki, bu müharibə Ermənistana ciddi zərbə olub. "Moskva-Bakı” portalında dərc olunan materialda şərqşünas Dmitri Verxoturov bildirir ki, "Azərbaycan ordusu özünü ən effektiv şəkildə göstərmiş oldu. Bütövlükdə əməliyyatın nəticələrindən ən çox mənfəəti Azərbaycan əldə etdi”. O bildirib ki, 2016-cı ilin aprel hadisələrini müharibə adlandırmaq olmaz – bu, sadəcə əməliyyat idi. Əgər Azərbaycan işğal olunmuş ərazilərin içərilərinə doğru əməliyyat keçirsəydi, bu, müharibə olardı. Onun sözlərinə görə, Paşinyan populistdir və Dağlıq Qarabağ mövzusunu sırf daxili siyasi tələbatı ödəmək üçün sərf edir.

Yeri gəlmişkən, 2018-ci ilin aprelində "məxməri inqilab” nəticəsində istefa verməyə məcbur edilən Serj Sarkisyan aprel döyüşlərində ölən erməni hərbçilərin xatirəsini yad etmək üçün "Erablur” hərbi panteonuna gələrkən jurnalistlərin sual yağışına düşüb və çoxsaylı iradlarla üzləşib.

Jurnalistlərin mühasirəyə aldığı Sarkisyan onların suallarını cavablandırmaqdan imtina edib və sakitcə erməni əsgərlərin məzarları önündən keçərək güllər qoyub. Lakin KİV nümayəndələrindən birinin aprel döyüşləri ilə bağlı onun ünvanına səsləndirdiyi tənqidi və alçaldıcı suala reaksiya verməyə məcbur olub.

Jurnalistlərdən biri "Aprel döyüşləri ilə bağlı əvvəlcədən razılıq əldə olunması barədə fikirlər səslənir” deyərək replika atıb və Sarkisyan buna "Mənim xəstə insanlarla heç bir işim yoxdur” cavabını verərək, bu cür düşünənlərin xəstə təfəkkür sahibi olduğunu deyib.

"Bəs siz nə zaman danışacaqsınız” sualına isə Sarkisyan "vaxtı gələndə” deyərək avtomobilinə əyləşib və jurnalistlərdən uzaqlaşıb.

Ermənistanın müxalif Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan isə sensasiyalı bəyanatla çıxış edərək bildirib ki, S.Sarkisyanın anonsunu etdiyi gözlənilən çıxışın vaxtı olduqca yaxındır: "Serj Sarkisyanın sözlərinə tələb və onu gözləyənlər var. Bir siyasi lider kimi onun deyəcək çox sözü var”. "1in.am” saytı bununla bağlı yazır ki, ola bilsin Sarkisyan bununla bağlı istefasının ildönümü günü - aprelin 23-də danışsın.

"Vestnik Kafkaza” isə yazır ki, 2016-cı il aprelində Azərbaycan erməni tərəfinin təxribatçı hücumlarının qarşısını almaq üçün əməliyyat keçirib və bu əməliyyat da onun üçün uğurlu nəticələrə gətirib çıxardı. Və dördgünlük hərbi əməliyyatlardan sonra münaqişə zonasında vəziyyət situativ və geosiyasi planda dəyişdi. Bu fonda müdafiə naziri David Tanoyanın Yerevanın "yeni müharibə və yeni ərazilər” formulasına keçmək bəyanatı ciddi səslənmir.

Avropanın "Euractiv” nəşri də yazır ki, Ermənistanın müdafiə nazirinin bəyanatı absurd səslənir. Nəzərə alaq ki, Azərbaycan hərbi sahədə Ermənistanı aşkar şəkildə üstələyir. Hazırda Ermənistanın təhlükəsizliyi yalnız Rusiyadan asılıdır.

Beləliklə, erməni mediasının da açıq etiraf etdiyi kimi, dördgünlük aprel döyüşləri işğalçı ölkə üçün sözün əsl mənasında şok və stress effekti doğurub. İllər uzunu erməni ordusunun məğlubedilməz olduğu barədə cəmiyyətə yeridilən fikir alt-üst olub. Erməni cəmiyyəti əmin oldu ki, növbəti hərbi əməliyyat işğalçı dövlətin məhvinə gətirib çıxara bilər.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər