Ermənidən artıq erməni olmağa can atan konqresmen - Fotolar
Azərbaycan
müstəqil siyasət yürüdən bir ölkə, etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə
layiqli yerini tutub. İqtisadi inkişaf səviyyəsinə görə də ölkəmiz beynəlxalq
təşkilatların, dünya dövlətlərinin diqqətini daim cəlb edib. Məhz buna görə də Şərqin
ilk Demokratik Respublikasının varisi sayılan müasir Azərbaycan beynəlxalq
əhəmiyyətli tədbirlərin keçirildiyi, həmçinin prezidentlərin, diplomatların,
siyasətçilərin tez-tez toplaşdığı sabit, təhlükəsiz məkana çevrilib. Ən
önəmlisi isə budur ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi
balanslı xarici siyasət nəticəsində Azərbaycan öz neytrallığını qoruyub,
qütbləşmədən beynəlxalq güclərlə qarşılıqlı maraqlara söykənən münasibətlər
qura bilib.
Təbii ki, bütün
bunlar dostlarımızı sevindirməklə bərabər, Azərbaycanın 20 faiz ərazisini işğal
etmiş, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə
səbəb olmuş Ermənistanı, dünyadakı erməni diaspor təşkilatlarını daim narahat
edir. Ona görə də Ermənistan siyasi rəhbərliyi dünyadakı erməni diasporunun
imkanlarından, eləcə də onların təsiri altında olan xarici diplomatlardan,
siyasətçilərdən, deputatlardan öz məqsədləri üçün yararlanır. Qərb
dövlətlərində, eləcə də bəzi qonşu ölkələrdə zaman-zaman Azərbaycan əleyhinə
başladılan qarayaxma kampaniyalarının, xarici mediada yer alan
dezinformasiyaların, heç bir dəlil-sübuta söykənməyən "faktların” arxasında da
məhz bu amil dayanır. ABŞ-Azərbaycan münasibətlərinin yaxşı olduğu indiki
məqamda da ermənipərəst dairələr aktivlik nümayiş etdirməkdədirlər. Bu dəfə
erməni diaspor təşkilatları amerikalı konqresmen Kris Smit və həmkarı demokrat
Jim Makqoverni qabağa veriblər. Hər iki konqresmenin müəllifliyi ilə Xarici
İşlər Komitəsinə növbəti qətnamə layihəsi təqdim edilib. Sözügedən qətnamənin
başlıca məqsədi Azərbaycana sanksiyaların tətbiq edilməsidir.
Məlumat üçün
qeyd edək ki, 4 mart 1953-cü il təvəllüdlü Kris Smit ABŞ-ın Nyu-Cersi dördüncü
dairəsinin konqresmenidir. O, 1981-ci ildən bu günə qədərKonqresə
seçilir. Əvvəlcə demokrat olmasına baxmayaraq, 1978-ci ildə partiyasını dəyişib
və hazırda respublikaçıdır. Onu da qeyd edək ki, Nyu-Cersi ştatı
etnikermənilərin sayca çox olduğu dördüncü ABŞ ştatıdır. Dördüncü dairə
isə Nyu-Cersi mərkəzinin böyük bir hissəsini əhatə edir. Nyu-Cersi ştatı bu
göstəriciyə görə, yalnız Kaliforniya, Massaçusets və Nyu-Yorka uduzur. 1981-ci
ildən etibarən Smit stabil olaraq bu dairədəki seçkilərdə qalib gəlir. Rəqiblərinin
fikrincə, bu, onun güclü maliyyə dəstəyinə malik olması ilə əlaqədardır. Konqresmenə
bu maliyyə dəstəyini isə Amerikadakı erməni diaspor təşkilatları verir. Buna
şübhə ilə yanaşanların şübhəsini dağıtmaq üçün indiyə qədər Smitin fəaliyyətini
misal göstərmək kifayət edər. Belə ki, konqresmen Smit ABŞ-ın "erməni
soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındadır. Son 15 ilə yaxın bir
vaxtda Smit qondarma "soyqırım”ın tanınması ilə bağlı onlarla bəyanat
səsləndirib ki, onlardan beşi yalnız 2015-ci ilin payına düşüb. Bu aktivlik
dünya ermənilərinin qeyd etdiyi "100 illiklə” bilavasitə bağlı olub.
"Erməni
soyqırımı kampaniyası”nın fəal təşkilatçılarından biri olan K.Smit ardıcıl
olaraq Türkiyəyə, türk dünyasına qarşı çıxışları və düşmən münasibəti ilə də
seçilib. ABŞ Erməni Milli Komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan
Aram Hamparyan 2015-ci ildə "Twitter" səhifəsində konqresmen K.Smitin
ANKA sədri ilə görüşünü əks etdirən foto paylaşıb. Alt yazısında A.Hamparyan
qeyd edib ki, onun işini dəstəkləmək üçün Smit ilə görüşür. A.Hamparyan isə
həmin vaxt uydurma soyqırımın tanınması çərçivəsində görüş keçirib. K.Smitin
ermənipərəstliyini sübut edən daha bir foto da 2015-ci ildə onun öz saytında
yayımlanıb. Sözügedən şəklin altında ABŞ konqresmeni K.Smitin
qondarma "erməni soyqırımı"nın "100 illiyi" ilə bağlı
tədbirlərdə iştirak etdiyi yazılıb. Məlumat üçün
bildirək ki, bu şəkildə görünən Asbed Vassilian Suriyadakı Hələb şəhərində
erməni ailəsində anadan olub və (Karen Jeppe Armenian School) erməni məktəbində
təhsil alıb. Daha sonra Amerikaya köçən A.Vassilian 1992-ci ildən etibarən
Rutgers Universitetində erməni dilindən dərs deməyə başlayıb. Hazırda bu
universitetin professorudur.
Qeyd edək ki, K.Smit
2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərindən sonra da açıq-aşkar
bu dövlətin müdafiəçisi rolunda çıxış edib. Həmin il İrəvanda baş qaldıran
etiraz aksiyalarına, hətta ölümlə nəticələnən hadisələrə göz yuman K.Smit bu
antidemokratik vəziyyətlə bağlı Helsinki Komissiyasındakı dinləmələrdə özünü
Ermənistanın ən böyük dostlarından biri hesab edib, Serj Sarkisyan
hakimiyyətinin cinayətkar əməllərini görməzdən gəlib. Ümumiyyətlə, K.Smit Azərbaycana
qarşı "907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq
siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ
edən konqresmen kimi də tanınmaqdadır. Erməni diasporunun əlində oyuncaq olan,
onların sifarişlərini yerinə yetirərək bunun müqabilində külli miqdarda maliyyə
vəsaiti və ermənilərin səsini qazanan Smitin müəllifliyi ilə 2015-ci ildə də
Azərbaycan əleyhinə qətnamə hazırlanıb. O vaxt ABŞ Helsinki Komissiyasına
Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı
"Azərbaycan Demokratiya Aktı" adlı layihəni Konqresə təqdim edərək
qəbul olunmasını istəyən K.Smit ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə
zərər vurmaq niyyətini güdüb. Lakin onun bu cəhdləri uğursuz alınıb.
Görünür ki,
özünü Ermənistanın ən böyük dostlarından biri hesab edən, ermənipərəstliyi ilə
daim seçilən, yalnız Azərbaycana deyil, ümumən türk dünyasına qarşı olan K.Smit
bu dəfə də erməni havadarlarından yeni bir tapşırıq alıb. Məhz bu tapşırığa
uyğun olaraq, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdiyi bir məqamda
Vaşinqtonla Bakı arasında gərginlik yaratmağa, əlaqələri zəiflətməyə çalışır.
Çünki, K.Smit və onun kimi ermənipərəst dairələrdən maliyyələşən digər
siyasətçilərin Azərbaycana "demokratiya qayğısı”nın arxasında ölkəmiz haqqında
antidemokratik imic formalaşdırmaq, ermənilərin ABŞ-da və beynəlxalq aləmdə
mövqelərini gücləndirmək məqsədi dayanır. Ancaq tam əminliklə demək olar ki,
ermənidən artıq erməni olmağa can atan K.Smitin bu cəhdləri də uğursuzluğa
düçar olacaq.
Rufik İSMAYILOV