• cümə axşamı, 25 aprel, 15:02
  • Baku Bakı 23°C

Erməni yazardan sensasion etiraf

29.01.15 05:57 1055
Erməni yazardan sensasion etiraf
İsveçdə yaşayan erməni siyasi xadimi və yazıçısı Vaqe Avetyan özünün “Faseebook” səhifəsində sensasion fikirlərlə soydaşlarının iç üzünü ortaya qoyub. Sumqayıt hadisələrinin ildönümü ərəfəsində o bildirib ki, o dövrdə yaşanan hadisələri azərbaycanlılar deyil, o dövrkü SSRİ rəhbərliyi ermənilərin köməyi ilə həyata keçirib. Ermənilər barədə obyektiv fikirlər söyləməsi ilə məşhur olan yazıçı rusların indiki vəziyyətini ermənilərin 80-ci illərin sonundakı halını xatırlatdığını söyləyib. Onun sözlərinə görə, ruslara yazığı gəlir. “25 il bundan əvvəl ermənilər Qarabağı qonşularından alıb dünyaya göstərmək istədilər ki, necə ağıllı, qədim keçmişə malik xalqdırlar. Eləcə də demək istədilər ki, azərbaycanlılar necə pis xalqdır” - deyə erməni publisist bəyan edib. Ermənilərin qəsbkarlıq planları ilə bağlı yazıçının fikirləri mütəmadi olaraq mətbuatda dərc edilir.
Ermənistanın hakim Respublika Partiyasının qurucularından olan Avetyan hesab edir ki, o zamankı SSRİ rəhbərliyinin məqsədi xalqlar arasında qarşıdurma yaratmaq idi. Bu işdə də Sumqayıtda yaşayan ermənilərin əli ilə şəhərdə qarşıdurma yaratdılar. Qeyd edək ki, 1988-ci il fevralın 27-də Sumqayıtda baş vermiş hadisələr sonradan nə qədər təhrif olunsa da, əsl həqiqət sonradan üzə çıxdı. Hələ o vaxtlar Yerevanda nəşr olunan “Sumqayıt... Genosid... Aşkarlıq” kitabı başdan-başa böhtan və iftira toplusuna çevrilmişdi. Kitabda şişirdilmiş rəqəmlərlə, uydurma yalanlarla dünya ictimaiyyətini çaşdırmağa çalışır, faktları bilərəkdən və qəsdən təhrif edirdilər.
O dövrdə 1988-ci il 30 mart tarixli sayında “İzvestiya” qəzeti belə bir sərlövhə ilə yazı dərc etmişdi: “Sumqayıt: istintaqa şayiələr mane olur”. İndi isə həmin hadisələrlə bağlı ermənilərin özlərinin dilindən etiraflar səslənir. Erməni naşir də indi qeyd edir ki, o zaman yalanlar həddən artıq çox idi. Hadisələrdə guya min nəfərin öldürülməsi və s. xəbərlər o həddə çatmışdı ki, hamı buna inanırdı. Nəzərə alaq ki, o zaman SSRİ-nin əsas mətbu orqanlarında nəzarət ermənilərin və onların havadarlarının əlində idi. Əsl həqiqət isə istintaqın nəticələri ilə üzə çıxdı. Bəlli oldu ki, Sumqayıtda iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən artıq mənzil talan edilmiş, 50-dən çox mədəni məişət obyekti dağıdılmış, 40-dan çox avtomobil yandırılmış, bir sözlə, şəhərə o vaxtın qiymətləri ilə 7 milyon rubl və ya 10 milyon dollar məbləğində ziyan vurulmuşdu. SSRİ Baş Prokurorluğu həmin cinayəti araşdırarkən 444 nəfər məhkəmə qarşısında cavab verməli olmuş, 400 nəfər isə 10-15 sutka təcridxanada saxlanılmışdı. Bir nəfər - Əhməd Əhmədov ən yüksək cəzaya - ölüm cəzasına məhkum olunmuşdu. Bu hökmü ermənilərin təkidi ilə tez-tələsik Moskvada yerinə yetirmişdilər.
Yeri gəlmişkən, Azərbaycana və Azərbaycan xalqına qarşı açıq düşmənçilik mövqeyi ilə tanınan V. Jirinovski SSRİ-nin çökməsinin başlanğıcı olan Sumqayıt hadisələrində, ilk növbədə, Mixail Qorbaçovu müqəssir sayaraq bildirmişdi ki, o, ABŞ-ın casusudur. Jirinovski açıq şəkildə deyib ki, “Sumqayıt faciəsində Qorbaçovla yanaşı, keçmiş SSRİ DTK-sı, Hərbi Sənaye Kompleksi də məsuliyyət daşıyır. Ermənistan isə böyük bir oyunda alət olduğunu dərk edir, lakin büruzə vermək istəmir. Çünki torpaq iddiasındadır”. O zamandan bəri Ermənistan rəhbərləri və xaricdəki erməni icması Sumqayıt hadisələrindən məqsədləri üçün gərəkli bir kart kimi istifadə edir, azərbaycanlıları vəhşi, quldur, qaniçən bir millət kimi dünya ictimaiyyətinə tanıtmaq istəyirdilər. Avetyanın timsalında ermənilərin açıqlamaları isə onların iç üzünü ortaya çıxarır. Onların təbliğat maşını bu yolda nə qədər canfəşanlıq göstərsə də, yalanlara, böhtanlara üstünlük versələr də, əsl həqiqətlər hər şeyi üzə çıxartdı. Hadisələr təhlil olunarkən bəlli oldu ki, Sumqayıta xaricdən ezam olunmuş Artaşes Qabreliyan adlı bir erməni jurnalisti videokamera ilə bəzi məqamları lentə alıb, onları istədiyi kimi montaj etdikdən sonra xarici telekanallarda nümayiş etdirib. Qəfildən baş verən iğtişaşların mərkəzində necə peyda olmaq olardı? SSRİ kimi qapalı dövlətdə bu, mümkün deyildi. Sonralar bir fakt da üzə çıxır. Məlum olur ki, hadisələrdən bir neçə gün əvvəl 100-dən çox saqqallı və qara gödəkçəli erməni ekstremistləri Sumqayıta göndərilib, onlar şəhərin “Dalğa” və “Sumqayıt” mehmanxanalarında gecələyiblər. Əhali arasında təbliğat aparır, gəncləri və azyaşlıları məkrli niyyətlərinə qoşurdular. Bu yolda onlara hər cür şirnikdirici vədlər verir, pul paylayırdılar.
Sumqayıt hadisələrinin nəticələri təhlil olunarkən yenə azərbaycanlıları günahkar çıxarmaq üçün hər cür siyasi hiylələrə əl atırdılar. İş o yerə gəlib çatmışdı ki, Serqo Xanzadyan, Zori Balayan və Silva Kaputikyan hadisələrin sabahı günü dərhal M.Qorbaçovla görüşməyə macal tapmışdılar! Elə bu görüşlərin nəticəsi olaraq Azərbaycanda kütləvi həbslər başladı. Həmin hadisələrə görə 400-dən çox azərbaycanlı həbsxanalara dolduruldu. Günahsız adamlar işgəncələrə, təqiblərə məruz qaldılar. Azərbaycan haqqında mənfi imic yaratmaq üçün erməni ideoloqları az qala bir-biri ilə yarışırdı. Onlar xaricdə nəşr olunan kütləvi informasiya vasitələrində azərbaycanlıların ünvanına yalan və böhtanlar uydururdular. Dünya mətbuatına yol tapan yazılar gündən-günə çoxalırdı.
Ümumiyyətlə, Sumqayıt kimə və nə üçün lazım idi? Sözsüz ki, sonradan Azərbaycan torpaqlarının, Dağlıq Qarabağın işğalı üçün.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər