• şənbə, 20 Aprel, 02:43
  • Baku Bakı 15°C

Erməni yalanlarının üzə çıxardığı həqiqətlər

01.10.19 17:45 1142
Erməni yalanlarının üzə çıxardığı həqiqətlər
Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərini dünyada tanıtdırmaq baxımdan atdıqları addımlar getdikcə iflasa uğrayır. Belə ki, bu günlərdə Fransanın Lion inzibati məhkəməsi 2017-ci və 2018-ci illərdə Desin-Şarpye və Sent-Etyen şəhərləri ilə Azərbaycanın erməni işğalı altında olan Şuşa və Xocavənd şəhərləri arasında imzalanmış dostluq haqda müqavilələri ləğv edib. Məhkəmənin qənaətinə görə, həmin razılaşmalar Fransa Konstitusiyasının ölkənin ərazi bütövlüyünü nizamlayan 73-cü maddəsinə və ölkənin digər qanunlarına ziddir.
Onu qeyd edək ki, Fransa məhkəmələri indiyə qədər Fransanın şəhərləri ilə Dağlıq Qarabağdakı oyuncaq rejimin rəhbərliyi arasında imzalanmış 9 belə razılaşmanı ləğv edib.
Bu da onu göstərir ki, güclü lobbiyə və siyasi hakimiyyətlərə təsir imkanlarına malik olan ermənilər öz qeyri-qanuni əməllərinə Fransada da hüquqi don geyindirə bilmirlər.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, artıq erməni yalanları dünyada həqiqətin üzə çıxmasına şərait yaradıb: "Bir gün Molla Nəsrəddindən soruşurlar ki, burnun harada yerləşir? O da hazırcavablıq edib deyir ki, burnum boynumun ardında yerləşir. Sual verən maraqlı şəkildə burnun boyunun arxasında yerləşmədiyini bildirir. Molla da deyir ki, yalan danışanda həqiqət üzə çıxır. Yəni, ermənilər o qədər yalan danışıb ki, mollanın dediyi kimi, artıq həqiqətin üzə çıxdığını görürük. O cümlədən də insanların həqiqəti öyrənmək məsələsi aktuallaşır. Hətta ermənilərin ciddi siyasi təsir imkanlarına malik olduğu Fransanın özündə də həqiqətlər öyrənilməyə başlanılıb. Bu ölkədə beş yüz minə qədər erməni yaşayır və hətta 90-cı illərin əvvəllərində erməni əsilli şəxs Fransanın baş naziri idi. Zaman keçdikcə ermənilərin sayca üstün olduğu Fransada belə, Azərbaycan həqiqətləri özünə yer tapmağa başlayıb. Bu da bizi sevindirir”.
E.Nəsirov qeyd etdi ki, vaxtilə Dağlıq Qarabağdakı qondarma rejimlə Fransanın ayrı-ayrı şəhərləri arasında "dostluq xartiyaları”nın imzalanmasına nail olunmuşdu: "İndiyədək bu sazişlərin ləğv edilməsi üçün Fransa məhkəmələri tərəfindən addımlar atıldı. Bu günlərdə isə Lion məhkəməsi növbəti addımını ataraq Desin-Şarpye və Sen-Etyen şəhərləri ilə Azərbaycanın erməni işğalı altında olan Şuşa və Xocavənd şəhərləri arasında imzalanmış dostluq haqda müqavilələri ləğv etdi. Məhkəmə bu sazişlərin Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasına zidd olduğunu vurğulayaraq, belə bir addım atıb. Bu artıq onu təsdiq edir ki, ölkə Prezidenti İlham Əliyevin hücum diplomatiyası öz nəticələrini göstərməkdədir. Fransa məhkəməsinin qondarma rejimlə imzalanmış xartiyaları ləğvi onu göstərir ki, ermənilərin beynəlxalq aləmdəki imici zədələnməkdədir. Artıq dünya və Fransa ictimaiyyəti daha çox həqiqəti görmək istəyir. Bu istiqamətdə xüsusilə ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın apardığı təbliğat işi, Leyla xanım Əliyevanın rəhbərliyi ilə aparılan "Xocalıya Ədalət” kampaniyası öz müsbət nəticələrini verib”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, bir neçə ay əvvəl Fransa prezidenti və hökuməti ayrı-ayrı şəhərlərin Azərbaycanın işğal altındakı Şuşa, Xocavənd və digər rayonları ilə bağlanmış ikitərəfli müqavilələrinin hüquqi cəhətdən qeyri-qanuni olmasını bildirdi: "Ardınca və elə bu günlərdə də məhkəmə qərarları ilə həmin müqavilələrin ləğv edilməsinin şahidi olduq. Bu, Fransadakı erməni diasporuna ciddi zərbədir. Çünki bilirik ki, Ermənistan dövlətinin xarici siyasətində erməni diasporunun rolu kifayət qədər böyükdür. Həmin erməni diasporları ABŞ-da, Fransada, Rusiyada və digər ölkələrdə lobbi fəaliyyəti ilə məşğul olur. Onlar Dağlıq Qarabağ və ətraf rayonların de-fakto və de-yure tanınması üçün addımlar atırlar. Bunlardan biri də Dağlıq Qarabağa tez-tez səfərlərin təşkil edilməsi və buradakı müxtəlif rayonlar ilə ayrı-ayrı ölkələrin regionları arasında müqavilələrə imza atılmasıdır. Bütün bunlar beynəlxalq hüquqa ziddir”.
Z.Məmmədov vurğuladı ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və bu ölkəyə yaraşmaz ki, onun regionları ilə separatçı qurum arasında müqavilələr imzalansın və qarşılıqlı səfərlər olsun: "Çox təəssüflər olsun ki, 1991-ci ildən bu yana Fransa dövləti daha çox Ermənistanın yanında olub. Lakin bu qərarın qəbul edilməsi onu göstərdi ki, Azərbaycan ciddi şəkildə Fransa ilə iş aparıb. Etiraf edək ki, Azərbaycan hakimiyyətinin səyləri olmasaydı, biz bu gün belə məhkəmə qərarlarını görməyəcəkdik. 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan Fransa ilə ciddi şəkildə iş görməyə başladı. Burada hökumət rəsmiləri ilə yanaşı, qeyri-hökumət təşkilatları da fəal rol oynadı. Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Artıq nəticə göz qabağındadır. Ermənistan və Fransadakı erməni diasporu bu məhkəmə qərarlarından şokdadır. Onlar anladılar ki, Qarabağın tanıdılması istiqamətində atdıqları addımlar qeyri-ciddi qarşılanacaq və dəstəklənməyəcək”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər