• cümə, 19 Aprel, 08:56
  • Baku Bakı 13°C

Erməni xalqı Koçaryan-Sarkisyan rejiminin mahiyyətini anlamağa başlayıb

13.06.18 10:30 702
Erməni xalqı Koçaryan-Sarkisyan rejiminin mahiyyətini anlamağa başlayıb
Uzun illər Ermənistanda hakimiyyətdə olan Koçaryan-Sarkisyan rejimi təkcə Azərbaycan xalqına deyil, erməni xalqına qarşı da çoxsaylı cinayətlər törədib. Ermənistanın bugünkü ağır sosial-iqtisadi vəziyyəti bunu bir daha təsdiqləyir.Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi iftar mərasimində çıxış edən prezident İlham Əliyev də məsələ ilə bağlı öz fikrini səsləndirib. O, əvvəllər bu rejimin qaniçən, qəsbkar olması ilə bağlı söylədiyi fikirlərinin indi erməni xalqı tərəfindən təsdiqləndiyini bildirib. Göründüyü kimi, vaxtilə Koçaryan-Sarkisyan hakimiyyəti ilə bağlı qeyd edilənlər, baş verən hadisələr bir həqiqət olaraq təsdiqlənir.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsinin müqəddəs Ramazan ayı ilə bağlı təşkil etdiyi iftar məclisində prezident İlham Əliyev uzun illərdir Ermənistanda qaniçən, despotik rejimin hakimiyyətdə olduğunu qeyd edib: "Ən çox da bu rejimdən ziyan çəkən erməni xalqının özüdür. Erməni xalqı bu rejimin girovuna çevrilib. Ermənistan iqtisadi və demoqrafik böhran yaşayır. Hər il on minlərlə insan ölkəni tərk edir və Ermənistanın heç bir gələcəyi yoxdur, indi də xaosa sürüklənməkdədir. Dövlət başçısı vurğulayır ki, onun bu sözlərini indi erməni xalqı deyir, təkrarlayır və məlum inqilabi proseslər də bunun təsdiqi kimi qiymətləndirilə bilər. Əslində Azərbaycan prezidentinin Ermənistandakı despotik rejimlə bağlı fikirləri yüz faiz təsdiqini tapdı. Erməni ekspertləri bunu təsdiq edirlər ki, erməni xalqı və ziyalıları indi daha çox ilkin mənbə olaraq Azərbaycan prezidentinin Ermənistan haqqında söylədiklərini diqqətə almalı və nəticə çıxarmalıdır. Çünki dövlət başçısının söylədikləri öz təsdiqini tapır. Həqiqətən də məlum olur ki, Koçaryan və Sarkisyan cinayətkar bir rejimə rəhbərlik ediblər, öz xalqına qarşı güc tətbiq ediblər. 2008-ci ilin mart ayında Sarkisyanın öz xalqını gülləbaran edərək, öz prezidentlik kürsüsünü qoruyub saxlaması bəlli məsələlərdir. İndi artıq bununla bağlı yeni hakimiyyət cinayət işi açmaq niyyətini ortaya qoyub. Eyni zamanda 1999-cu ildə parlamentdəki güllələnmə hadisəsinə siyasi qiymət verilməyib. Heç şübhəsiz ki, bu proseslərdə Ermənistana rəhbərlik edənlər birbaşa təşkilatçı kimi çıxış edirlər. Biz onun şahidiyik ki, xarici siyasət daxili siyasətin davamıdır. Ermənistanda terrorçu, qaniçən, quldur və öz xalqına qənim kəsilən hakimiyyət daxildə yeritdiyi siyasəti xaricdə də davam elətdirib, Azərbaycan torpaqlarını işğal edib və eyni zamanda Xocalı soyqırımına imza atıb”.

E.Nəsirov qeyd etdi ki, Ermənistanı idarə edən şəxslərin mahiyyəti tam çılpaqlığı ilə bəllidir: "Prezident İlham Əliyev də öz çıxışlarında bu məsələlərə hər zaman toxunub. Deməli, əslində bu gün deyilənlər Ermənistan rəhbərliyi üçün ciddi siqnal olmalıdır. Anlamalıdırlar ki, əvvəlki hakimiyyətin siyasətinin formal dəyişiklik etməklə davam etdirilməsi Ermənistan xalqını məhvə aparır. Eləcə də onu idarə edən şəxsi məhvə sürükləyir. Yəni, bu artıq aksiomadır və bunun isbata ehtiyacı yoxdur. Çıxış yolu isə var. Bunu dövlət başçısı İlham Əliyev dəfələrlə söyləyib və son olaraq iftar mərasimində də bir daha qeyd etdi ki, Ermənistan konstruktiv danışıqlar aparmalıdır, Azərbaycan torpaqlarının işğalına son qoymalıdır, torpaqlar geri qaytarılmalıdır və yaranacaq yeni şəraitdə Ermənistanın nicat yolu başlana bilər. Yəni hər şey Ermənistan rəhbərliyinin ağıllı, konstruktiv mövqeyindən və birdəfəlik aqressiv siyasətə son qoymasından keçir. Bu, sadə bir həqiqətdir və Paşinyan rejimi bu reallığı tez dərk etsə, bir o qədər tez nicat yolu tapacaq. Yox, əgər o da Sarkisyan kimi bu həqiqəti görmək istəməsə, onda Ermənistanın uçuruma yuvarlanması labüdləşir və Paşinyanın Sarkisyanın taleyini yaşaması, heç şübhəsiz, proqnozlaşdırılan məsələyə çevrilir”.

Millət vəkili, politoloq Hikmət Məmmədov bildirdi ki, Azərbaycan Ermənistanı idarə edən hərbi xunta diktaturasını ifşa edə bilib: "Ona görə də prezident İlham Əliyev öz nitqində dedi: "Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”. Bu fikirlər indiyə qədər Azərbaycan tərəfinin erməni diktatura rejiminin işğalçılıq siyasətini ifşa etmək üçün həyata keçirdiyi diplomatik həmlələrin bir qismini tamamilə doğru ifadə edir”.

H.Məmmədov vurğuladı ki, məsələnin ikinci tərəfi isə iqtisadi sahə ilə bağlıdır: "Bu istiqamətdə də Azərbaycan işğalçı Ermənistanı dalana dirəmək üçün qətiyyətli addımlar atıb. Ona görə də prezident İlham Əliyev bu məsələlərə də toxunaraq bildirdi: "Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi və demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edib. İndi bütün bunları erməni xalqı deyir”. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək. Dağlıq Qarabağ probleminin həlli bütövlükdə Qafqaza sülh və əmin-amanlıq gətirə bilər ki, bu da həm Cənubi Qafqaz üçün rifah və sabitlik, həm də regionda strateji marağı olan ölkələr üçün yeni əməkdaşlıq perspektivləri deməkdir”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər